Axtarış...

NƏ BAŞ VERİR: Müəllimlərin maaşlarında yüksək məbləğdə kəsir... - Nazirlik susur, pedaqoqlar təəccüb içində

NƏ BAŞ VERİR: Müəllimlərin maaşlarında yüksək məbləğdə kəsir... - Nazirlik susur, pedaqoqlar təəccüb içində
Müəllimlər bu ay əmək haqlarında müxtəlif məbləğlərdə tutulma olduğundan şikayətçidirlər. Sosial şəbəkələrdə narazılıqlarını bildirən müəllimlər deyirlər ki, “bazarda qiymətlər od tutub yanır, biz də gözləyirik ki, hər şey bahalaşdığı üçün, bəlkə maaşlarımız da bir qədər artar, amma bu ay maaş alanda məlum olur ki, əmək haqqımızdan tutulma olub”.

Şikayətlər narazılıq xarakterlidir və əmək haqqından tutulma olduğunu deyən müəllimlərin bir çoxu “nə üçün? niyə?” sualları ilə baş-başa qalıb. Onlar əmək haqlarından tutulma faktını maaş üçün kartı bankomata saldıqlarında biliblər. İşin diqqətçəkən tərəfi də odur ki, ibtidai sinif müəllimlərinin (əsas da paralel məktəbəqədər dərs aparan) maaşlarında 100-150 manatadək kəsir olduğu ortaya çıxıb.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı AYNA-ya danışarkən, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin əmək haqlarından 2-3% tutulma hallarının real olduğunu deyib: “Bu da, əsasən müəyyən fondlara köçürmə ilə bağlıdır. Distant təhsil dövründə saathesabı işləyən müəllimlərin də problemləri oldu. Burada söhbət 19 oktyabrdan 2 noyabr tarixinədək olan müddətdən gedir ki, həmin dönəmdə dərslər keçirilmədi. Əmək haqqında da ciddi şəkildə azalmalar həmin müəllimlərdə olub. Digər müəllimlərdə isə ümumi əmək haqqının 2-3%-i tutulub. Bu da 26-43 manat arası dəyişir”.

2-3%-in elə də böyük məbləğ olmadığını deyən təhsil eksperti, bunun həmin şəxsin razılığı əsasında edilməsi ilə bağlı bizdə təcrübə olmadığını bildirib: “Təəssüf ki, məktəblərdə və təhsil sistemində maliyyə dairələri müəllimlərin, çalışanların razılığı olmadan onların vəsaitlərinin fondlara köçürülməsi ilə bağlı qərarlar qəbul edirlər. Doğrudur, hazırda bizdə olan məlumata görə, bu, heç bir halda 2-3%-dən artıq deyil. Lakin bütün hallarda tutulma həmin şəxsin ərizə və razılığı əsasında olmalıdır. Çox təəssüf ki, bizdə də bu təcrübə yoxdur. Bizdə maliyyə idarələri işçinin xəbəri olmadan, hansısa rəhbər şəxsin göstərişi ilə bu vəsaiti tutur”.

Əsədov, maaşından 100-150 manat tutulduğunu qeyd edən müəllimlərin şikayətinə isə belə aydınlıq gətirib: “Bu, o halda mümkündür ki, həmin müəllim ştatda olan işçi deyil. Yalnız saathesabı dərs deyir. Normalara görə saathesabı dərs aparmayıbsa, əmək haqqı azala bilər. Maaşında yüksək məbləğdə azalma olanlar, ola bilsin, ya ştatdan çıxarılıb ya da yarımştata keçirilib. Yaxud da həmin şəxs təhsil müəssisəsində hansısa digər inzibati və yardımçı vəzifədə çalışırmış və vəzifədən azad edilib”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov AYNA-ya şərhində qeyd edib ki, əmək haqqından tutulmalar yalnız qanun əsasında ola bilər: “Bu da işçinin işəgötürənə vurduğu maddi ziyana görə, məhkəmə qərarı ilə mümkündür. Bir də qanunda nəzərdə tutulmuş vergilər, sosial ödəmələrdir”.

Müəllimlərin maaşında bu ay azalmalara qaldıqda isə, hüquqşünas bunun tibbi sığorta ilə bağlı olduğunu düşünür: ““Tibbi sığorta haqqında” Qanun 2020-ci il aprel ayının 1-dən qüvvəyə minməli idi. Pandemiyaya görə təxirə salındı, bu il yanvar ayının 1-də qüvvəyə mindi. Həmin ərəfədə də KİV-lərdə bununla bağlı məlumat getdi. İcbari tibbi sığortaya görə büdcə təşkilatı və neft sektorunda olanların ümumi maaşından 4% tutulur ki, bunun da 2%-ni işəgötürən ödəyir, 2%-ni işçidən tuturlar. Özəl və qeyri-neft sektorunda 1% işəgötürən ödəyir, 1% isə işçidən tutulur. Ümumi maaşından tutulma bundan artıq olubsa, həmin şəxs mühasibatlıqdan maraqlana, səbəbi öyrənə bilər”.

Qeyd edək ki, mövcud şikayətlərlə bağlı hələlik Təhsil Nazirliyindən cavab ala bilməmişik.
Text-to-Speech

DİNLƏ






Şərh yaz