Axtarış...

İran və Azərbaycan xalqlarının ortaq mədəniyyət nümunəsi

Xalçaçılıq sənəti son yüzilliklərdə siyasi böhranlar və tələbin azalması mühitində tənəzzül dövrünə qədəm qoydu. XIX əsrin ikinci yarısından sintetik boyaların istifadə edilməyə başlanılması da bu sənətin tənəzzülünə təkan vermiş oldu. Buna baxmayaraq, xalçaçılıq hələ də müasir İran və Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayır. Yeni istehsal, təbii boyalardan istifadənin dirçəlməsi, köhnə tayfa naxışlarının yeni təfsirdə təqdim edilməsi və əsrlər ərzində formalaşmış köhnə toxuculuq ənənələrinin istifadəsinə əsaslanır.
İran və Azərbaycan xalqlarının ortaq mədəniyyət nümunəsi

Pers xalçası, İran xalçası və ya İran xalısı adlanan, utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar ən qədim dövrlərə aiddir. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsi olub, Azərbaycanda xalçaçılıq sənətinin inkişafına güclü təsir göstərib. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran və Azərbaycan xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz nümunələri bir çox tədqiqatçılar tərəfindən Azərbaycanın Qarabağ, Quba, Bakı və s. xalçaçılıq məktəblərinə də aid edilir. Bu kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən oxşar və fərqli cəhətləri ilə seçilirlər.

Xalçaçılıq məktəbləri sırasında Təbriz xalçaçılıq məktəbinin xüsusi yeri, çəkisi var. Şərq xalçaçılıq mədəniyyətinin böyük bir qolunu təşkil edən Təbriz xalçaçılıq məktəbi çox qədim ənənələrə, zəngin, çeşidli dəst-xəttə malikdir. Sənətşünaslar qeyd edir ki,Təbriz xalçaçılıq məktəbi ən qədim və məşhur mədəniyyət abidəsi ocağı olaraq, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum Xoy, Məşhəd, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu əyalətlər hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynayıb, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstəriblər. Yazılı mənbələrə görə, orta əsrlərdə Şərqdə mühüm ticarət mərkəzləri formalaşıb və burada zəngin şəhərlərin Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına təkan verib. Belə ticarət mərkəzlərindən biri də İranın Azərbaycandilli vialyətləri olub. Sənətşünaslar qeyd edir ki, öz kompozisiya tələbatına, süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə, bu bölgələrin xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Xalçaşünaslar yazır ki, bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. XVI əsrin ən erkən nümunəsindən başlayaraq, keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açıb göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir. Alimlərin fikrincə, kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir. Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir. Tədqiqatçıların qeydlərinə görə, xalçalardan medalyon və medalyonlar boyunca İran və Azərbaycandakı memarlıq abidələrinin təsviri, tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır. Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir. Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli "bağ-bağçaları" üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir. İstilaçılar 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən "Xosrovun Baharı" adlı xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişdilər. Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunub.

XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanan Təbriz xalçasına diqqəti cəlb edən sənətşünaslar yazır ki, burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri: qar, göyqurşağı, yağış təsvirləri, mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman ki, Həzrəti İmam Rzan (ə) məqbərəsinin minarələri, bir sıra dini abidələr və motivlər əks olunub. Sənətşünasların fikrincə, bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişib. Alimlərin sözlərinə görə, xalçaların ənənəvi əlamətlərindən biri bəzi xalçalarda Azərbaycan memarlığının Göy Məscid,"Ucaytu Sultaniyyə" kimi abidələrinin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi Təxti-Cəmşidin xarabalıqları, habelə din xadimlərinin klassik Şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

Qədim Yunan mənbələrində qeyd edildikləri ilk vaxtlardan bu günə kimi əllə toxunmuş İran xalçaları yüksək bədii dəyər və zövq göstəricisi hesab edilməkdədir. “İran xalçası” termininin daha çox xovlu xalı məmulatlarına aid edilməsinə baxmayaraq, Kilim, Sumax və Suzani kimi xovsuz xalçaçılıq məmulatları da zəngin toxuma ənənəsinin də daşıyıcılarıdır. Xalqlarımız arasında digər mədəniyyət nümunələri kimi xalçaçılıqda da ortaq dəyərlərin olmasını Azərbaycan xalçalarının da öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz oması təsdiq edir.

Xalçaçılıq sənəti son yüzilliklərdə siyasi böhranlar və tələbin azalması mühitində tənəzzül dövrünə qədəm qoydu. XIX əsrin ikinci yarısından sintetik boyaların istifadə edilməyə başlanılması da bu sənətin tənəzzülünə təkan vermiş oldu. Buna baxmayaraq, xalçaçılıq hələ də müasir İran və Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayır. Yeni istehsal, təbii boyalardan istifadənin dirçəlməsi, köhnə tayfa naxışlarının yeni təfsirdə təqdim edilməsi və əsrlər ərzində formalaşmış köhnə toxuculuq ənənələrinin istifadəsinə əsaslanır.

Nazilə Atakişiyeva
Text-to-Speech

DİNLƏ






Şərh yaz