Bakıda avtobusların maneəsiz hərəkəti üçün ayrıca hərəkət zolağı salınacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib. O, bildirib ki, ayrıca avtobus zolağının yaradılması üçün işlər real müstəviyə keçir: “Əsas məqsədimiz avtobusların maneəsiz hərəkətinə nail olmaqdır”.
M.Ağayevin sözlərinə görə, paytaxtda müxtəlif beynəlxalq tədbirlər, oyunlar keçirilən zaman avtobuslar üçün ayrılmış ayrıca hərəkət zolağının faydasını gördük: “Müvafiq qurumlarla bir neçə müddət idi ki, məsləhətləşmələr aparılırdı.
Məsləhətləşmələr avtobuslar üçün ayrıca hərəkət zolaqlarının hansı küçələrdə, hansı yollarda olması ilə bağlı idi. Bütün bunların hamısı kompleks şəkildə təhlil edilirdi. Yolun infrastrukturu da bunun üçün uyğun olmalıdır.
Artıq müəyyən küçələrlə bağlı razılıq var”. Son zamanlar paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur. Günün pik saatlarındakı uzunmüddətli tıxaclar sürücü və sərnişinləri təngə gətirib.
Maraqlıdır, ölkəmizdə avtobuslara ayrıca zolağın yaradılması üçün yol infrastrukturu əlverişlidirmi?
Sualımızı cavablandıran “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, Bakıda avtobuslar üçün xüsusi zolağın yaradılması müsbət haldır. Ekspertin qənaətincə, paytaxt yollarındakı şərait öyrənildikdən sonra bu addım atıla bilər:
“Yəni elə prospekt və küçələr var ki, orada nəinki avtobuslar üçün xüsusi zolaq yaratmaq, hətta əlavə yol çəkməyə ehtiyac var. Məsələn, hansısa yol iki zolaqdan ibarətdir və həmin zolağın birini avtobus üçün ayırsalar, orada nəqliyyat axınının qarşısını almaq mümkün olmayacaq”.
E.Muradlı qeyd edib ki, bu işi çoxzolaqlı yollarda gerçəkləşdirmək olar:
“Məsələn, Heydər Əliyev və Babək prospektində avtobus zolağı salmaq mümkündür. Eyni zamanda Lökbatan dairəsindən Azneft meydanına qədər avtobus zolağı yaradıla bilər.
Azneft meydanını keçəndən sonra Neftçilər prospekti başlayır, orada isə zolaq yaratmaq mümkün deyil. Rəşid Behbudov küçəsində daim sıxlıq var.
Çünki qarşıda Bakıxanov küçəsi ilə kəsişir. Bakıxanov küçəsində də həmişə nəqliyyatın hərəkətinə üstünlük verilir deyə, R.Behbudov küçəsindən gələn sürücülər gözləmək məcburiyyətində qalır”.
Ekspertin fikrincə, avtobuslar üçün zolaqlar salınmazdan öncə mütləq şəkildə dərin təhlillər aparılmalıdır:
“Hətta bunu test rejimində sınaqdan keçirmək olar. Zolağın yaradılması effekt verməyəcəksə, dərhal ləğv etmək lazımdır. Heç kim öz iddiasını irəli sürüb, deməsin ki, “mən dedim və elədim”.
Hər bir halda dərindən təhlillər aparılmalı, mütəxəssis rəyi öyrənilməli və ictimai rəy nəzərə alınmalıdır”.