Bakının bir çox ərazilərində şəhərətrafı qəsəbələrə sərnişindaşıma işini həyata keçirən, el arasında “manatlıq taksi” kimi tanınan taksilərin fəaliyyətinin aradan qaldırılacağı bildirilir. Müvafiq tədbirlərin Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi tərəfindən həyata keçirildiyi qeyd edilir.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi faktı təsdiqləyib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metro stansiyalarına hər sərnişinə görə 1 manat müqabilində qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. Onun sözlərinə görə, “bir manatlıq taksi”lər şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və məsələ ilə bağlı tədbirlər görüləcək.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də bildirib ki, BNA heç kimin fəaliyyətini məhdudlaşdırmır: “Sadəcə, qanunsuz parklanmaya qarşı tədbirlər görürük”.
Sosial şəbəkələrdə gedən müzakirələrdə isə mənzərə fərqlidir. Demək olar ki, paytaxt ətrafında yaşayan insanların bir çoxu “manatlıq taksilər”in fəaliyyətinin dayandırılmasına qarşıdırlar. Əhali hesab edir ki, bir qədər artıq pul ödəməklə bu taksilərlə gedib-gəlmək daha sərfəlidir.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sherg.az-a açıqlamasında deyib ki, “manatlıq taksilər”in fəaliyyətini tam dayandırmaq yox, onlara müəyyən şərait yaratmaq lazımdır ki, işləsinlər. E.Muradlı qeyd edib ki, həmin taksilər işləmək üçün fərqlənmə nişanına pul ödəyirlər, büdcəyə vergi verirlər:
“Qeyri-qanuni fəaliyyət göstərənlər də var ki, onlara qanunu başa salmaq lazımdır ki, işlərini qanuniləşdirsinlər. Amma bütövlükdə onları gözümçıxdıya salmaq düzgün deyil. Təbii ki, bəzən yolda qanunsuz parklama edirlər, yolun hərəkət hissəsində dayanırlar. Bu isə sakinlərlə yanaşı digər nəqliyyat vasitələrinə də maneçilik törədir”.
E.Muradlı həmçinin qeyd edib ki, “manatlıq taksilər”i dəstəkləyən insanları anlamaq lazımdır:
“Bu gün Bakının ictimai nəqliyyat sistemində problemlər var. Bir çox avtobuslar düzgün fəaliyyət göstərmirlər, intervallarında problemlər mövcuddur, dayanacaqlara gec çatırlar. Məsələn insanlar düşünür ki, 60 qəpik verib gec gələn, yolda bir neçə dəfə dayanan avtobusla getməkdənsə, 1 manat verib taksi ilə getmək daha yaxşıdır. Bu halda mənzil başına daha tez çatırlar. Məsələnin düzgün həlli məncə ictimai nəqliyyatı qaydaya salmaqdır. Yaxud da, “manatlıq taksilər”in yolda hərəkətə maneəçilik törətməməsi üçün, onlara şərait yaradılmalıdır”.