Axtarış...

İctimai nəqliyyatda maskadan istifadə etməyənlərə XƏBƏRDARLIQ


“Son vaxtlar koronavirusun dinamikasında müşahidə olunan kəskin artım hər birimizi ciddi şəkildə narahat etməkdədir. Cəbhədə şanlı Ordumuzun düşmənə qarşı rəşadətlə döyüşdüyü vaxtda epidemioloji vəziyyətin bu formada dəyişməsi heç də arzuolunan deyil”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tibb işçilərinin diqqətinin cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq yolverilməzdir:

“Koronavirusla mübarizə, həm əhalinin, həm də əsgər və zabitlərimizin sağlamlığının qorunması baxımından olduqca strateji əhəmiyyətə malik məsələdir. Bunun üçün vətəndaşlar koronavirus infeksiyasına laqeyd yanaşmamalı, daha artıq sosial məsuliyyət nümayiş etdirməlidir.

İnsanların sıx toplaşdığı məkanlarda, o cümlədən, dayanacaqlarda və avtobuslarda mütləq qaydada qoruyucu tibbi maskadan istifadə olunmalıdır. Bu zaman maskadan düzgün istifadə qaydalarına diqqət olunması olduqca vacibdir.

Təəssüflə bildiririk ki, son vaxtlar sərnişinlər arasında tibbi maskadan istifadə olunmaması və ya düzgün istifadə olunmaması halları çoxalıb. Sərnişinlərdən xahiş edirik ki, dayanacaqlardakı nəzarətçilərin, sürücülərin və dispetçerlərin maskadan istifadə ilə bağlı tələbinə anlayış göstərərək qaydalara əməl etsinlər. Əks halda epidemiloji vəziyyət daha da pisləşə bilər ki, nəticədə ictimai nəqliyyatda əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir.

Həmçinin bildiririk ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda onların maneəsiz hərəkətini təmin etmək yoluxmanın qarşısının alınması baxımından vacibdir. Ayrıca zolaqların olmaması saat 18:00-dan sonra artan nəqliyyat axını avtobusların tıxacda qalaraq yubanmasına səbəb olur. Gündəlik xəttə adi rejimlə müqayisədə 15% artıq avtobus cəlb olunsa da yollardakı tıxac əlavə çətinliklər yaradır.

Tıxacların azaldılması, sərnişinlərin mənzil başına vaxtında çatması məqsədi ilə tərəfimizdən müvafiq tədbirlər görülsə də bəzi sürücülərin yanlış davranışları məsələni bir qədər çətinləşdirir. Belə ki, sürücülərin bir çox hallarda zolaqların, sarı kəsişmə toru nişanlanmasının tələbinə əməl etməmələri, nasaz avtomobillərdən istifadə sıxlıq və tıxac hallarını daha da artırır.

Qeyd olunanları nəzərə alaraq, bir daha hərəkət iştirakçılarını vətəndaş mövqeyindən çıxış edərək daha çox sosial məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Cəmiyyət olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı və hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməliyik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz