Bakı Nəqliyyat Agentliyi səlahiyyətlərinin daha da genişləndirilməsi məqsədilə hərəkətə keçib.
Axar.az-ın əldə etdiyi məlumata görə, qurum Nazirlər Kabinetinə təkliflər ünvanlayıb.
Təkliflər paketində işıqforun tələbini pozan, yeni çəkilmiş sarı torlara “düşmüş” və avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələrinin cərimələnməsinin BNA-ya verilməsi qeyd edilib. Belə ki, agentlik işıqforların işini özünün tənzimlədiyini, sarı torların və avtobus zolaqlarının BNA tərəfindən çəkilməsini əsas göstərərək həmin səlahiyyətlərin onlara verilməsini istəyib.
Bundan başqa, BNA-nın yuxarı dövət instansiyalarına göndərdiyi təkliflər arasında avtobus sürücülərinə sürücülük vəsiqəsinin verilməsi səlahiyyətinin də onlara verilməsi istənilib.
Beləliklə, BNA DYPİ-nin səlahiyyətinin əhəmiyyətli hissəsinə yiyələnmək niyyətindədir.
Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, bu barədə hər hansı məlumata malik deyillər.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirdi ki, BNA tərəfindən Nazirlər Kabinetinə belə bir müraciət olmayıb.
Nazirlər Kabinetinə məsələ ilə bağlı sorğu göndərilib.
Qeyd edək ki, dayanma-durma ilə bağlı cərimələrin yazılması səlahiyyətinin BNA-ya verilməsindən sonra ciddi ictimai narazılıq yaşanır. BNA-nın həddən artıq çox cərimə yazmasından sosial şəbəkələrdə hər gün tanınmışlar belə şikayətlənirlər.
Həmçinin, dayanma-durmaya nəzarət səlahiyyətinin DYP-dən alınması yol polislərinin sürücülərə müdaxilə imkanlarını azaldıb ki, bu da şəhərdəki tıxacların sayını artırmaqdadır. Belə ki, əksər ərazilərdə qanunsuz parklanmalar peyda olub ki, BNA bu özbaşınalığın öhdəsindən gələ bilmir, polis isə müdaxilə edə bilmir.