Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə veriləcək. Marşrut üzrə "BakuBus" MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayacaq.
7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılacaq. Bu avtobuslar "İveco Crealis" və "İveco Urbanway" markalı avtobuslardır.
Avtobuslar 7A marşrut xətti üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası, 7B marşrut xətti üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" şadlıq sarayı) - "Əhmədli" metrostansiyası istiqamətində hərəkət edəcək.
7A və 7B müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.