Ermənstanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır.
Münaqişənin həlli ilə məşğul olan vasitəçilər, o cümlədən Rusiyanın missiyası Azərbaycanı razı salmır. Kremlin manipulyasiya olunmuş danışıqlar prosesini uzatmaqla münaqişə tərəfləri üzərində təsir mexanizmini qorumağa çalışması Azərbaycanı alternativ addımlar atmaq üzərində düşünməyə məcbur edir.
Artıq 26 ildir nəticəsiz danışıqlardan təngə gələn Azərbaycan tərəfi hansı yolla olursa- olsun, işğal altında olan torpaqlarını geri qaytarmaq üçün qətiyyətli addımlar atmaq istiqamətində siyasət yürüdür. Bunu görən Rusiya açıq şəkildə Ermənistanı silahlandırmağa başlayıb. Ermənilərin öz havadarlarından güc alaraq açıq şəkildə müharibə hazırlıqlarında olduğunu göstərməsi ATƏT-in 26 illik fəaliyyətinin mənasız olduğunu göstərir. ATƏT-in yalançı vədləri artıq çözüm yolu ola bilməz. Bu istiqamətdə Azərbaycan problemin tək həll yolunu qardaş Türkiyə ilə müttəfiqlik edib işğal altındakı torpaqlarını geri qaytarmaq istiqamətində hərəkətə keçməsi ola bilər. Bu isə başda Rusiya olmaqla bölgədə marağı olan Ermənistanln digər havadarlarını hərəkətə keçirib.
Hətta Rusiyanın Ermənistana silahları İran ərazisindən də daşıdığı bildirilir. Lakin belə görünür ki, bütün bunlara baxmayaraq iki qardaş dövlətin: Azərbaycan və Türkiyənin birgə hərəkət etməsinə kimsə mane ola bilməyəcək. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun bu vəzifəyə vəzifəyə təyin olunarkən ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi, Prezident İlham Əliyevin açıq şəkildə Şərqi Aralıq dənizi məsələsində birmənalı şəkildə rəsmi Ankaranın mpvqeyini tam şəkildə dəstəklədiyini bəyan etməsi bir daha bu qardaşlığı kimlərinsə poza bilməyəcəyini göstərdi. Bu gün Türkiyəni həzm edə bilməyən bir sıra dövlətlər var. Onalardan biri də Kipr ada dövlətidir. Avropanın Belarusa demokratik haqların pozulması ilə bağlı sanksiya tətbiqi istəyinə qarşı çıxan Kipr, qərəzli şəkildə veto hüququndan istifadə edərək tələb irəli sürür ki, həmin sanksiyalar Türkiyəyə də tətbiq olunarsa, qərarla razılaşacaq. Lakin Kiprin bu iddiasının əsasında hər hansı bir əsaslı faktor dayanmır. Bu da Kiprin Türkiyəyə qarşı qərəzli mövqeyindən xəbər verir. Yəni həm Türkiyənin, həm də Azərbaycanın güclənməsini istəməyən tərəflər var.
Bu halda, Azərbaycan- Türkiyə ittifaqı yaranacağı təqdirdə hansı risklər gözə alınmalıdır?
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Türkiyə- Azərbaycan ittifaqına görə Rusiya problemlər yaratmağa çalışacaq:
“Türkiyə- Azərbaycan münasibəti tarixin sınaqlarından çıxmış bir münasibətdir. Digər tərəfdən dünyada bizə Türkiyədən yaxın olan dövlət yoxdur. Bu ittifaqın yaranmasının müəyyən riskli tərəfləri ola bilər, olsun. Nə etməliyik? Bizim üçün ən əlverişli variant budur və buna da getməliyik. Risk Rusiya tərəfindən gözlənilə bilər. Amma bu ittifaq qurulmasa da, Rusiya həmişə bizim üçün problem yaradan tərəf olub. Yəni Türkiyə-Azərbaycan ittifaqı qurularkən bu riskləri göz önünə almayacaqlar”.
Politoloq qeyd edib ki, Kipr Respublikası da Yunanıstan vasitəsi ilə Dağlıq Qarabağdakı separatçı rejimlə əlbirdir və bu da digər məsələdir:
“Yunanıstan vasitəsi ilə Kipr çoxdandır ki, Dağlıq Qarabağdakı qondarma rejimlə əlbirdir. Amma bir şey var ki, Kipr Avropa İttifaqının üzvüdür. Avropa İttifaqının da bu məsələyə dair prinsipial mövqeyi var. Yəni Kipr Avropa İttifaqının bu prinsiplərini ayaqlayıb keçərsə və açıq şəkildə qondarma rejimlə əlaqə qurarsa, İttifaqın ciddi məzəmmətini ala bilər. Kipr üçün də belə bir risk var. Amma əlaqə qursa nə olacaq ki? Kipr Respublikasının təmsil etdiyi Avropa İttifaqı əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, sözügedən risk məsələləri o qədər də prinsipial əhəmiyyətə malik deyil. Rusiyadan gələcək təhlükələr arasında isə ilk növbədə Ermənistanın və qondarma respublikanın silahlandırılması dayanır. Bundan başqa Ermənistan ərazisindəki rus qoşunlarının erməni hərbçiləri ilə birlikdə hərəkət etmə variantı da var. Digər tərəfdən əgər yeni genişmiqyaslı hərbi qarşıdurma başlayarsa, Rusiyanın ikinci briqadasının da erməni hərbçilərinə açıq şəkildə qoşulma ehtimalı var. Əvvəllər gizli qoşulsa da indi açıq şəkildə qatılacaq. Bir də Rusiya öz ərazisindəki azərbaycanlı iş adamlarını sıxışdıra, onlara müxtəlif çətinliklər yarada bilər. Bununla onları ölkədən sıxışdırıb çıxarmağa cəhd edə bilər. Amma bu da o qədər asan məsələ deyil. Çünki bu adamlar Rusiya iqtisadiyyatına lazımdır”.