Azərbaycanda banklarla bağlı böyük qanun paketi hazırlanır. Bu barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib. Deputat bildirib ki, buna dair parlamentdə dinləmələr də keçiriləcək.
Bankların fəaliyyəti mexanizmi ilə əlaqədar müəyyən çatışmazlıqlar var. Kreditlərin verilməsi, əmanətlərin sığortalanması istiqamətində şəffaflığın təmini vacib məqamlardan biridir. Ona görə bu məsələlərin qanun paketinə salınmasına ehtiyac var.
Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a bildirib ki, banklarla bağlı qanunvericiliyin köklü dəyişməsinə ehtiyac var.
Ekspertin sözlərinə görə, hələ 2004-cü ildə sərəncam verildi ki, Mərkəzi Bank “Bank Məcəlləsi”ni hazırlasın, lakin MB hazırlamadı:
“2014-cü ildə cənab Prezident yenidən belə bir sərəncam verdi. Ölkə başçısı göstəriş verdi ki, məcəllə hazırlansın və bu sahədə vahid bir qanun olsun. Hələ də hazırlanmayıb. Bu, ümumiyyətlə biabırçılıqdır. Şadam ki, sonunda qanun layihəsi hazırlamağı düşünürlər. Lakin bank qanunvericiliyində problemlər çoxdur”.
İqtisadçı qanun paketinə daxil edilməli olan vacib məsələləri diqqətə çatdırıb:
“Əsas məsələlərdən biri istehlak kreditləridir. Bu gün əhaliyə verilən istehlak kreditləri qanunvericiliklə tənzimlənmir. Ona görə də banklar vətəndaşlarla bağladıqları kredit müqavilələrinə istədikləri şərtləri daxil edirlər. Bununla da müştərilərin başına “oyun” açırlar.
Əmanət müqavilələrində də xeyli problem var. Banklar bağlanır və ortaya sual çıxır ki, əmanətlər sığortalıdır, ya yox? Bunların hamısı qanunvericilikdə olan boşluqlardır. Əmanətlərin sığortalanması vacibdir.
Pandemiya dövründə zərər çəkən bank müştəriləri, xüsusən problemli krediti olanlar üçün də qanun paketində mexanizimlər olmalıdır”.
Ə.Həsənov qeyd edib ki, qanun paketində Mərkəzi Bankın pul siyasəti daha dolğun əks edilməlidir:
“Mərkəzi Bank tərəfindən banklara kredit verilməsinin şəffaf mexanizmi olmalıdır. Mərkəzi Bank həmçinin banklara bank nəzarətinin həyata keçirilməsi üçün şəffaf və dürüst mexanizmi hazırlamalıdır. Bunlar da qanunda yoxdur. Ona görə də Mərkəzi Bank nə istəyir edir. Sonra da banklar iflasa uğrayır və heç kəs buna görə cavab vermir. Bankları yoxlayan auditor şirkətlərinə dair yer tələblər olmalıdır.
Əslində çatışmazlıqlar çoxdur. Yaxşı olar ki, parlamentdəki dinləmələr və müzakirələr açıq olsun. Ekspertlər və jurnalistlər də ora dəvət edilsin. Biz də gedək və öz sözümüzü deyə bilək. Yoxsa müzakirə qapalı olacaq və tez-bazar qanun qəbul edəcəklər”.