Mərkəzi Bank tərəfindən “AtaBank”, “AmrahBank”, “AGBank” və “NBCBank” ASC-lərin lisenziyası ləğv edildikdən sonra əmanətlərin qəbulunda pozuntulara yol verildiyi aşkar edilib.
“MediaPost” xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışlarında “AtaBank”da baş verən pozuntuların nəzarət hüquqlarının Mərkəzi Bankda deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) olduğu dövrdə baş verdiyini deyib. Eləcə də, nəzarət hüquqları Palatada olduğu 2017-2018-ci illərdə təshih tədbirlərinə baxmayaraq “NBC Bank” və “AGBank” əmanət qəbulunu davam etdirib.
Məsələ ilə bağlı “MediaPost” 28 noyabr 2019-cu ildə ləğv olunan Palatanın Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlıdan açıqlama almaq üçün müraciət etsə də, o açıqlama verməkdən boyun qaçırıb. R. Aslanlı bildirib ki, hazırda bu işlə məşğul olmur, neçə bankın bağlanmasından məlumatsızdı və əlavə şərh vermək istəmir:
“Mən bu mövzularda aktiv deyiləm. Bu, mənim işim deyil, bu işlə məşğul olmuram. 4 bank, 6 bank, mən məlumatsızam və şərh vermirəm”.