“Məhkəmənin bizim əmanətlərin verilməsi ilə bağlı qərarından sonra da bağlanan 4 banka qoyduğumuz əmanətlərimizi geri ala bilmirik”. DİA.AZ bildirir ki, bu barədə lisenziyaları ləğv edilmiş “AtaBank”, “ƏmrahBank”, “NBCbank” və “AGBank” ASC-nin əmanətçiləri danışıblar.
Bildirirlər ki, onlar bu banklara müxtəlif vaxtlarda sığortalı əmanət yerləşdiriblər. Həmin bankların lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edildikdən sonra onlar sığortalanmış əmanətlərini almaq üçün Azərbaycan Əmanətlərin Sığortalaması Fonduna (ADİF) müraciət ediblər: “ADİF bildirdi ki, həmin banklara müxtəlif vaxtlarda Mərkəzi Bank tərəfindən əmanətlərin qəbuluna qadağa qoyulub. Yəni sözlərindən belə çıxdı ki, biz səhv edib o banklara əmanət qoymuşuq. Axı bizim bu qadağadan xəbərimiz olmayıb. Bu qadağa heç bir yerdə dərc edilməyib, biz də bilməmişik və həmin banklara əmanətlər yerləşdirmişik. Heç bank da bizə belə bir qadağa barədə nəsə deməyib. Nəticədə, bankla sığortalı əmanət müqavilələri imzalamışıq. Yalnız sığorta hadisəsi baş verdikdən sonra bu fakt ortaya çıxıb və bizim əmanətlər ADİF tərəfindən bloklaşdırılıb. Üstəlik, əmanətlərimiz “qorunmayan əmanətlər” kimi qeydə alınıb”.
Vətəndaşlar deyirlər ki, Konstitusiya Məhkəməsi işə baxıb və 10 gün əvvəl onların lehinə qərar verib. Ancaq yenə də əmanətləri qaytarılmır ki, qaytarılmır. Şikayətçilər bildirirlər ki, onlar banka övladlarının gələcəyi üçün və ya mənzil problemini həll etmək üçün işləyib, əmək haqlarının müəyyən hissəsini yerləşdiriblər. Bunu Mərkəzi Banka və ADİF-ə güvənərək ediblər: “Bank bizim əmanətləri sığortalayıb, ADİF-ə sığorta haqqı ödəyib. Buna baxmayaraq, biz iki dövlət qurumu (ADİF və Mərkəzi Bank) arasındakı anlaşılmazlıq ucbatından əmanətlərimizi geri ala bilmirik. Bizim bu yaranmış vəziyyətdə heç bir təqsirimiz yoxdur”.
DİA.AZ-ın məlumatına görə, bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da deyir ki, Konstitusiya Məhkəməsinin 10 gün əvvəl vermiş olduğu müsbət qərarına baxmayaraq, vətəndaşlar hələ də əmanətlərini geri ala bilməyiblər. Üstəlik, "Əmanətlərin sığortalanması haqqında" Qanunla müəyyən edilmiş 3 aylıq müddət də bitib. Ancaq yenə də Əmanətlərin Sığortalanması Fondu bu il bağlanmış 4 bankın qorunmuş əmanətlərini qaytarmır: “Məsələn, məlumat var ki, 500000 manat həcmində olan əmanətlər ümumiyyətlə, qaytarılmır. Digər əmanətlər üzrə isə ən yaxşı halda əsas məbləğ qaytarılır. Faizlər barədə heç nə deyilmir. Sonra da deyirlər ki, əhali niyə bank sisteminə etibar etmir”.
2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.
Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.
"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".
Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.
2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.
Hazırda Azərbaycanda 26 bank var.