Axtarış...

Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”

Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”

Lisenziyası ləğv edilmiş banklarda həm dövlət xidmətləri, həm şirkətlər, həm də əhalinin kifayət qədər vəsaiti qalıb. Amma faktiki olaraq pullar geri qaytarılmır. Lisenziyası ləğv edilmiş banklarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin 30 milyon manata yaxın pulu qalıb. Həmin vəsait də geri qaytarılmır.

Əmanətlərin Sığortalanması Fondu hələlik nə problemi həll etməkdə maraqlı görünür, nə də faktiki olaraq müflis olan banklarda qalan pulları ödəyir.

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, proses başa çatmayıb və yaxın 5 ildə də yekunlaşmayacaq:

“Ən sonuncu müflisləşən bank “DəmirBank” idi. Bu bankda ümumiyyətlə, proses getmir. Ondan əvvəl 2016-cı ilin oktyabrında bağlanan “Standart Bank” idi ki, elə bunun misalında danışmaq kifayətdir. Bu, Azərbaycanın ən iri bankı idi. Orada təkcə əhalinin 157 milyon manat vəsaiti qalıb. Proses uzanır. Bunun səbəbi var və digər banklarda da oxşar vəziyyətdir. Məsələ ondan ibarətdir ki, bu bankların ləğv prosesini aparan Əmanətlərin Sığortalanması Fondu məsələni həll etməkdə maraqlı deyil. Əmanətlərin Sığortalanması Fondu bu bankların daşınan və ya daşınmaz əmlakını satmalı və borcu qaytarmalıdır. Amma bu fond nə edir? İki ildən çoxdur ki, “Standart Bank” bağlanıb. Fondun satdığı isə bankomatlar, avtomobillər və kompüterlərdir. Bu bankın bir neçə iri binası var. Təkcə baş ofis satılsa, problem həll olunar. Əmanətlərin Sığortalanması Fondu nədənsə bu əmlakları hərraca çıxarmır. Halbuki orada çətin bir şey yoxdur. Bina hərraca çıxarılsa, ən çox qiyməti verilənə satılacaq. Bu da ondan xəbər verir ki, Fond pərdəarxası danışıqlar aparır və həmin əmlakları kimlərsə ucuz qiymətə satmaq istəyir. Hətta onu da qeyd edim ki, Fond təkcə “Standart Bank”ın əmlakının qorunmasına rübdə 40 mindən çox pul xərcləyir. Bu, kimin puludur? Təbii ki, kütlənin...”

Kreditlərin qaytarılması məsələsinə gəlincə, ekspert deyib ki, iri borcalanlara qarşı Fond məhkəmədə iddia qaldırmır:

“Ancaq xırda borc üzrə məhkəmə iddiası qaldırır. Məsələn, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovun “Standart Bank”a 100 milyondan çox borcu var. Amma onu məhkəməyə vermirlər. Bu da ondan xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu bu pulların qaytarılması məsələsində də pərdəarxası oyunlar aparır. Ötən il Fond elan etmişdi ki, “Standart Bank”ın ləğvi 2019-cu ildə bitəcək. İndi isə Fond deyir ki, bankın ləğvi 2021-ci ildə başa çatacaq. Yəni, vaxtı daha da uzadırlar. Bütün bunlar onu göstərir ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti qeyri-şəffafdır. Böyük ehtimalla orada korrupsiya faktları var və bu günlərdə “Standart Bank”ın kollektiv əmanətçiləri dövlət başçısına müraciət edib. Xahiş olunub ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə qiymət verilsin. Çünki bu pulların qaytarılması üçün heç bir tədbir görmür və hətta hər bankın ləğvi üçün yüzlərlə insan işə götürülür. Böyük ehtimalla bu insanlar qohum və tanışlarıdır. Elə bu insanlar üçün iş yeri düzəldiblər ki, illərlə proses davam etsin və pulları yeyilsin. Ləğv prosesinə nəzarət edən məhkəmələr- ən əsası Apellyasiya Məhkəməsi belə Fondun öhdəsindən gələ bilmir. Belə getsə, nəinki insanlara, hətta dövlət xidmətləri və şirkətlərə də pul çatmayacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz