Azərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.
FED.az xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən «NBC Bank»ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq «NBC Bank»a əmanət qəbul etmək qadağan edilibmiş.
Əmanətçilərə indi məlum olub ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank «NBC Bank»ı əmanət qəbul etməyi qadağan edib, amma bank bu qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə həmin tarixdən sonra banka pul yatıran 100-dən çox əmanətçi indi əmanətini ala bilmir.
Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb.
Bankın əmanətçisi İlqar İmanov bildirib: «Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, amma indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn, mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, bankın özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın».
Məlumdur ki, Azərbaycanda bağlanan banklara qoyulan əmanətlərin qaytarılması ilə bağlı problemin yaranması ilk dəfə deyil ki, baş verir. Ölkəmizdə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərsə və əmanətlərin tam sığortalanması haqqında qanun qüvvədə olsa da, müxtəlif səbəblərdən bu cür vəziyyət yaranır.
Bu durumun məsuliyyəti kimin üzərinə düşür? Əmanət qəbul etmək qadağası olan müvafiq bankın, banka bu qadağanı qoyan Mərkəzi Bankın, vətəndaşa əmanəti qaytarmaqdan imtina edən Əmanətlərin Sığortalanması Fondunun, yoxsa banka pul qoyan vətəndaşın? Əmanəti batmaq üzrə olanlar nə etməlidirlər?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu cür problemləri yaranan başqa bank əmanətçilərindən ona da müraciətlər olunub:
“Vətəndaşlar Mərkəzi Bankın hər hansı qərarına görə əziyyət çəkməməlidirlər. Onlar məhkəməyə müraciət edərək, öz haqlarını qoruya bilərlər. Mənim əvvəlki illərdə bağlanan bankların məhkəmə prosesləri ilə bağlı kifayət qədər təcrübəm var”.
Bəs, bu məsələdə NBS Bank-ın üzərinə məsuliyyət düşmürmü?
Hüquqşünas deyir ki, məsuliyyətin hansı qurumun üzərinə düşməsi Mərkəzi Bankın qərarının qanuni olub-olmamasından asılıdır:
“Əgər Mərkəzi Bank qanuni göstəriş veribsə və bank həmin göstərişi pozubsa, burada bankın məsuliyyətindən söhbət gedə bilər. Amma artıq onsuz da bank yoxdur. Bu baxımdan da əmanətçilər də iddialarını Fonda ünvanlanmalıdırlar. Bizim insanlar bəzən gözləyirlər, hansısa qurumlara məktub yazırlar, amma bu, onlara qarşı qanunsuz əməldir və məhkəməyə müraciət etməlidirlər”.
Ümumiyyətlə, əmanətçilərlə bağlı bu cür hallar niyə baş verir?
Əkrəm Həsənov bildirir ki, bu cür vəziyyətin yaranmasının bir sıra səbəbləri olur:
“Səbəblərdən biri Fondun işçilərinin hüquqi savadsızlığıdır, mən bununla bağlı yaranan problemin şahidi də olmuşam. Digər səbəb isə Fond rəhbərliyinin öz şəxsi mənafeləri naminə bunu etməsidir. Yəni Fond rəhbərliyi ölkə rəhbərliyi, ona nəzarət edən qurumlar qarşısında hesabat verəndə bildirsin ki, məndən az pul çıxıb. Bir növ öz maliyyə göstəriciləri ilə bağlı daha yüksək hesabatlar versin. Doğrudur, dövlət onlara demir ki, bunu vətəndaşın haqqını pozaraq elə, amma edirlər. Bunu həm də ona görə edirlər ki, əgər 1000 vətəndaşa qarşı bunu edəcəklərsə, onlardan məsələn 100 nəfərnin məhkəməyə müraciət edəcəyini bilirlər. Çünkı vətəndaşların ya qanunlardan başı çıxmır, ya da vəkil tutmaq üçün pulu olmur. Amma şəxsən mən dəfələrlə məhkəmələrdə əmanətçilərin pulunun verilməməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunu udmuşam. İki gün əvvəl 2 il iş apardıqdan sonra Ali Məhkəmədə “Bank Standart”ın əmanətçisinin 70 min dollarının qaytarılması ilə bağlı prosesi udmuşam. Həmin pulu onlardan alacağam. Bu cür proseslər həm də vaxt istəyir. Fondun rəhbəri üçün də vacibdir ki, o işlədiyi dövrdə məlumat versin ki, qurumdan az pul çıxıb. Bu, əlbəttə ki, ədalətsizlikdir”.