Axtarış...

Azərbaycanda distant təhsil diplomları tanınacaq?




“Azərbaycanda distant təhsil diplomları tanınacaq”.

“Sputnik Azərbaycan”-a açıqlamasında bu məlumatı Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Etibar Əliyev verib.

Deputat bildirib ki, bu məsələ yeni qəbul olunacaq “Ali təhsil haqqında” qanunda öz əksini tapacaq: “Ali təhsil haqqında” qanun hələ ki, qəbul olunmayıb. Birinci oxunuşdan da keçməyib. Amma tezliklə qəbulu gözlənilir. Pandemiya dövrü bu qanunun qəbulunu xeyli sürətlənəcək. Çünki, pandemiya dövründə distant təhsil məsələsi gündəmə gəlib. Köhnə qanunda isə distant təhsil məsələsi yoxdur. Yeni qanunda distant təhsilin diplomunun tanınması məsələsi öz əksini tapacaq. Xüsusilə pandemiya dövründə distant təhsil formasının tətbiqi çox vacibdir. Elə pandemiyasız da distant təhsilin imkanlarından istifadə etməliyik” - deyə deputat “Sputnik Azərbaycan”-a açıqlamasında bildirib.


“Sputnik Azərbaycan” distant təhsilin ölkəmizdəki ali təhsil müəssisələrində tətbiqinin nə qədər real olduğunu araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlamasında bildirib ki, dünyanın tətbiq etdiyi distant təhsil formatının Azərbaycanda da reallaşdırılması dövrün tələbidir: “Azərbaycan ali təhsil müəssisələri içərisində hələ ki bu infrastrukturu tam quran ancaq UNEC-dir. Pandemiya dövründə bu ali təhsil müəssisəsi məhz distant təhsilə hazır olduğu üçün vəziyyətdən çıxmağı bacardı. Artıq Azərbaycanda distant təhsillə bağlı təcrübə var. Mart ayından ənənəvi təhsilə fasilə veriləndən, digər ali təhsil ocaqları virtual təhsilə qoşulsalar da, bu distant təhsil qədər effektli olmadı. Türkiyədə ali təhsil müəssisəsi var ki, onun 100-150 min tələbəsi var. Onların hamısı ənənəvi təhsil almırlar, bir qismi məhz distant təhsil alır. Distant təhsil tələbələr üçün həm də ən sərfəli təhsil növüdür. Azərbaycanda bir çox ali təhsil müəssisələri illərdir inkişafdan geri qalıb. Halbuki, ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edib gəlirlərini artıra bilərlər”.

Amma İ. Orucov deyir ki, pandemiya dövründə ali məktəblərin distant təhsil istiqamətində işə başlayıblar. O, bildirib ki, ali təhsil müəssisələri müəllim kontingentində İKT bacarıqları olan gənc müəllimlərə yer verməlidirlər. Onun sözlərinə görə, artıq ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ) təlim-tədris prosesinin məsafədən təşkilini təmin edirlər: “Digər ali təhsil müəssisələri də distant təhsillə bağlı iş aparırlar. Yeni tədris ilindən ali məktəblərin bir çoxu distant təhsil infrastrukturunu quraraq bu işə başlayacaqlar”.

Qeyd edək ki, UNEC Azərbaycanda distant təhsilin tətbiqi üçün lazımi infrastrukturu quran ilk ali təhsil ocağıdır. Universitetin Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Ömərova bildirib ki, pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə UNEC-də bütün dərslər distant formada təşkil edilib.

Onun sözlərinə görə, distant təhsilə qoşulmaq üçün mobil internet yetərlidir: ““UNEC EXTERN” Mərkəzində yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı distant təhsilin verilməsi üçün şərait yaradır”.
E. Ömərova deyir ki, universitetin distant təhsil vermək imkanı olsa da, bundan əsasən pandemiya dövründə yararlanıb: “Azərbaycan Dövlət İqtisad Universitetində distant təlimlər aparılıb. Hətta buna görə sertifikatlar verilib. Universitetimizdə Çin dili distant tədris edilir. Amma ölkə üzrə distant təhsilə başlanılmadığından, UNEC-də distant təhsilin tətbiqi ləngiyir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz