Axtarış...

Başçısız qalan rayonda sakinlər narazıdır... - GİLEY

Başçısız qalan rayonda sakinlər narazıdır... - GİLEY

Bakının Əhmədli qəsəbəsindəki binaların damlarında olan su çənləri sökülərək müsadirə edilir. Bu barədə Sputnik Azərbaycan-a həmin ərazilərdə yaşayan sakinlər məlumat verib. Onların bildirdiyinə görə, Mənzil-Kommunal İstehsalat Sahələrinin (MKİS) müdriyyəti binaların girişlərinə müvafiq xəbərdarlıq bildirişi vurublar. Orada binaların damlarının əsaslı təmiri ilə əlaqədar olaraq onun üzərindəki su çənləri və digər məişət avadanlıqlarının götürülməsi üçün sakinlərə 10 gün müddət verilib. Əks təqdirdə həmin avadanlıqların müsadirə edilərək aparılacağı qeyd olunub.

Artıq neçə gündür ki, sözügedən ərazidə çənlərin sökülməsi prosesi başlayıb. Krana, çənləri başqa ərazilərə daşınmaq üçün texnikaya ehtiyac duyulduğundan, sakinlər bu işi könüllü şəkildə həyata keçirməkdən imtina ediblər. Onların bildirdiyinə görə, bu, xeyli məsrəf deməkdir. Ona görə də istəyən 50 manat verib çənini götürəcək, istəməyənin çəni isə onu sökənlər tərəfindən müsadirə ediləcək.

Çəni sökülən sakinlər bildiriblər ki, ödədikləri 50 manatın müqabilində onlara heç bir çek verilmir. Bu isə onlarda müəyyən şübhələr yaradır ki, bu işlə sistemli şəkildə hansısa rəsmi qurum deyil, rəsmi qurumla sövdələşmiş işbazlar məşğul olur. Onlar söküb apardıqları çənləri sataraq ondan mənfəət əldə edəcəklər. Dövlətin büdcəsinə isə heç nə getməyəcək.

Bəs binaların damlarından su çənlərini sökənlər kimlərdir və onları hara aparırlar?

Ərazidə yaşayanların dediyinə görə, çənlərin sökülməsini həyata keçirən şəxslər müxtəlif qurumların adını çəkirlər.

Sputnik Azərbaycan məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, "Azərsu ASC" Əhmədli ərazisindəki yaşayış binalarında 24 saat suyun verilməsini təmin edib. Bundan sonra həmin binaların damındakı su çənlərinin yığışdırılmasına qərar verilib.

"Proses "Azərsu" ASC tərəfindən həyata keçirilir. Binalarda yeniliklər edilirsə və yaxud binaların dam örtüyü yenilənirsə, o zaman bizim strukturlar tərəfindən o çənlər götürülür və binaların dam örtükləri təmir edilir", - deyə BŞİH–dən bildirilib.

"Azərsu" ASC-dən isə Agentliyə bildirilib ki, çənlərin sökülməsi prosesinin onlara heç bir aidiyyatı yoxdur.

Xətai Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prezidentin sərəncamı ilə dam örtüklərinin əsaslı şəkildə təmirinə qərar verilib. Xətai rayonundakı 287 bina da həmin layihəyə daxil edilib.

"Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə yerli MKİS-lər 10 gün əvvəl bütün vətəndaşalara xəbərdarlıq ediblər ki, binaların damında təmir işlərinin aparılması ilə əlaqədar olaraq, oradakı su çənləri, antennalar və digər məişət avadanlıqları söküləcək. Həmin ərazilər "24 saat su" sisteminə keçirilib. Həmin binaların dam örtüyü isə əsaslı şəkildə bərpa ediləcək", - deyə icra hakimiyyətinin nümayəndəsi bildirib.

Ərazi sakinlərindən 50 manat tələb edilməsi məsələsinə gəldikdə isə Xətai RİH rəsmisi bildirib ki, bu məbləğ vətəndaşlardan texnikanın çalışdırılmasına görə tələb edilir: "İşlər özəl şirkət tərəfindən aparılır. Çənlərini istəyən şəxslər kran və ya digər texnikanın xidmət haqqını ödəyərək onları özlərində saxlaya bilərlər. Burada qanunsuz bir şey yoxdur. Bütün işlər rəsmi şəkildə dövlət başçısının sərəncamına əsasən həyata keçirilir".

Sökülən məişət avadanlıqlarının hara aparılmasına və ondan necə istifadə edildiyinə gəlincə, icra nümayəndələri bu məsələyə dəqiq cavab verməyiblər. Şahidlər isə bildirirlər ki, çənlərin sökülməsi ilə məşğul olanlar el arasında "dəmir yığanlar" və ya "dəmir satanlar" kimi tanınan şəxslərdir və onlar bu işdə MKİS-lə (JEK) əlbirdirlər. Onlarıın adi dəmir yığan olduqlarını heç bir sənəd təqdim edə bilməmələri də göstərir. Proses zamanı isə heç bir təhlükəsizlik qaydasına əməl olunmur. Çənin içindəki su sakinlərin eyvandan asdıqları paltarların üzərinə axıdılır. Bəzi sakinlər çənlərin onlara məxsus olduğunu deyərək onu damdan düşürənlərə 50 manat verməkdən imtina edirlər. Onlar bildirirlər ki, bu prosesi həyata keçirmək üçün tender keçirilib və onu hər hansı şirkət udubsa, bütün bu xərclər də orada nəzərə alınıb. Çənlərin sonrakı taleyinə gəldikdə isə, bildirilir ki, həmin çənlərin istifadəyə yararlı olanları ayrı-ayrı fərdlərə satılır. Bunu "dəmir yığanlar" özləri də etiraf etdilər. Nisbətən ucuz qiymətə satıldığından, onları əsasən Bakı ətrafındakı bağların, istixana və fermaların sahibləri alırlar. İstifadəyə yararsız olan metal çənlər isə metaltoplama müəssisələrinə satılır. Sadəcə bir şey aydındır ki, sökülən çənlərin, onların sökülməsinə ödənilən vəsaitlərin və satış qiymətlərinin hesabatı aparılmadığından, bu prosesin nə dərəcədə qanunauyğun və şəffaf olduğu qaranlıq olaraq qalır.(Sputnik Azərbaycan)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz