Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ötən gün nisbi sakitlik hökm sürüb.
“Yeni Müsavat”ın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dargahlı deyib. O bildirib ki, yaşayış məntəqələrimiz atəşə tutulmur. Amma ümumilikdə gərginlik davam etməkdədir.
Azərbaycan tərəfinin rəsmən bəyan etdiyi kimi, Ermənistan rəhbərliyi israrla Tavuş vilayəti istiqmaətində verdiyi itkiləri gizlədir. Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ötən gün keçirdiyi brifinqdə yalnız yaralılardan bəhs edib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Ovannisyan yaralılardan 5-nin durumunun ağır, birinin son dərəcə ağır olduğunu bildirib.
Ermənistan tərəf gülüş doğuran iddia ilə çıxış edərək bildirib ki, döyüş mövqelərində cəmi 36 hərbçi yaralanıb və onların əksəriyyəti artıq hospitaldan mövqelərinə qayıdıblar.
Azərbaycan tərəf isə əminliklə bildirir ki, Ermənistanın itkiləri 100-ə yaxındır. Bir sıra ekspertlər ön xətdə məhv edilən erməni hərbçilərin əksəriyyətinin ərəb ölkələrindən gətirilmiş muzdlular olduğunu, bu səbəbdən adlarının açıqlanmadığını bildirirlər.
İyulun 17-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub. Bu barədə Musavat.com-a Azərbaycan XİN-dən məlumat verilib. Nazir Ceyhun Bayramov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təbriklərini qəbul edib. Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu vurğulayıb.
Rusiya xarici işlər naziri hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını qeyd edib.
Qardaş Türkiyə isə növbəti dəfə Azərbaycana dəstəyini açıq ifadə edib. “Minsk Qrupunun həmsədri olan üç ölkə hardasa 30 ildir ki bu məsələni həll edə bilmir. İşin bu nöqtəyə gələcəyi bəlli idi”. “Report” xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Ermənistan işğalçıdır. Ermənistanın işğalı, bilirsiniz, illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Mən cənab İlham Əliyevlə danışıqları davam edirəm. Sonuncu dəfə dünən ordan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq”, - o əlavə edib.
Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi, ordumuzun cəbhədə qəhrəmancasına döyüşməsi, Türkiyənin sərt reaksiyası Ermənistan rəhbərliyini geri çəkilməyə vadar edib. Baş nazir Nikol Paşinyan Minskdə, Avrasiya İqtisadi Birliyinin toplantısında “val”ı çevirib və deyib ki, konflikt yalnız sülh yolu ilə həll edilə bilər. Maraqlıdır ki, hətta Ermənistanın bu qurumdakı müttəfiqləri də onun dediklərinə məhəl qoymayıblar.
İyulun 17-də Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edib. Taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib.
Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir. Haubitsalı artilleriya divizionlarının döyüş atışlı taktiki təlimləri də döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib.
Təlimlər zamanı aviasiya ilə qarşılıqlı əlaqə sualları işlənilib, hava hücumundan müdafiə bölmələri ilə birlikdə düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətlər icra edilib.
Şəxsi heyət taktiki və atəş tapşırıqlarının icrasında müsbət nəticələr göstərib. Bu təlimlər düşmənin Naxçıvan istiqamətində atəşkəsi kobud pozması ilə eyni vaxta təsadüf edib.
Qeyd edək ki, müharibə gedən vaxt Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi Stanislav Zasa zəng edib kömək istəmişdi. KTMT-nin mətbuat xidməti qurumun təcili iclasının keçirilməsinə qərar verildiyini açıqlasa da, sonradan iclas təxirə salındı. Ötən gün isə Ermənistan XİN rəhbərinin müavini Ş.Koçaryan iddia edib ki, onlar KTMT-dən kömək istəməyiblər, sadəcə qurum rəhbərliyini məlumatlandırıblar.
Ermənistan gülünc vəziyyətə düşdüyü üçün yenə də yalanlarla çıxış edir. Azərbaycan üzvü olmadığı qurumda belə, işğalçıdan üstün mövqedədir.
Cəbhədəki nisbi sakitliyin nə qədər davam edəcəyini demək çətindir. Ancaq artıq bir reallıq var: “ağa”sına arxayın olub “quyruq bulayan” ölkəni cilovlamaq üçün Türkiyənin aktiv roluna zərurət yarandığını son hadisələr bir daha təsdiqlədi. Bu mənada Türkiyənin Azərbaycanda hərbi baza qurmasından tutmuş, digər addımlara qədər bir sıra addımlar nəzərdən keçirilə bilər.
Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Ermənistanın Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə belə bir təxribat etməsi əslində Qarabağla bağlı danışıqlar prosesini başqa bir məcraya yönəltmək cəhdidir: “Azərbaycan düşmənə layiqli cavab verib savaşı antiterror əməliyyatları ilə davam etdirməlidir. Türkiyə və qardaş türk xalqının belə bir durumda bizim yanımızda olacağına heç kəsin şübhəsi olmasın. Türkiyə dövlət olaraq da Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib. Amma bu dəfə Ankaranın dərhal reaksiya verməsi və XİN səviyyəsində Ermənistanın bu provakasiyasına münasibət bildirməsi digər illərdəki rəsmi və qeyri- rəsmi açıqlamalara bənzəmir. Artıq bu, Türkiyənin erməni təcavüzünə qarşı sərt tədbirlər görəcəyindən xəbər verir. Son illərdə bizim də müdafiə etdiyimiz və dilə gətirdiyimiz tezis bu idi ki, qardaş ölkə təcavüzkarın dərsini verməli, öz torpaq bütünlüyünü təmin etmək üçün bu işə aktiv girməlidir. Artıq bu vəziyyət ümidlər doğurur”.
Q.Çaxmaqlının sözlərinə görə, bu reaksiya Ermənistana ultimatum verilməsinə qədər getməlidir: “Türkiyə Ermənistan ordusunu Qarabağdan çıxmağa məcbur etməlidir. Əgər Ermənistan buna bəhanələr gətirib oradan çıxmasa, Türkiyə müdaxilə etməlidir. Hadisələrə əslində yön verilməlidir”.
Qardaş ölkədəki ovqatdan bəhs edən politoloq bildirdi ki, Türkiyədə yaşayan Azərbaycan türkləri, vaxtilə bu ölkəni özlərinə vətən seçmiş Qərbi Azərbaycan türkləri tək bir yumruq olub vətənin müdafiəsinə qalxacaqlarını bəyan edirlər: “Qərbi Azərbaycan İrəvan Respublikasının Millət Şurası da Ermənistanın bu provakasiyasına cavab olaraq Dağlıq Qarabağda antiterror əməliiyatlarının başlaması üçün heç bir maneənin qalmadığını bəyan edir və dövlətimizin apardığı siyasəti dəstəkləyəcəyini bildirir”.
Ermənistanın KTMT-yə, əslində isə Rusiyaya, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına arxayın olduğu üçün gərginliyi Qarabağdan dövlət sərhədinə keçirməsi Türkiyənin məsələyə operativ müdaxiləsini və qardaş ölkənin Azərbaycanda hərbi baza qurmasını aktual edir. Q.Çaxmaqlı bildirdi ki, Türkiyə NATO üzvü oldu olmadı hər hansı ölkə ilə hərbi əməkdaşlıqda sərbəstdir və NATO da belə qadağa qoymur. Liviyaya əsgər göndərməsi ilə bağlı də TBMM -nin qərarı var. Liviyanın qanuni hökuməti də Türkiyənin əsgəri olaraq burda baza qurmasını istəmişdir və bütün beynəlxalq normalara uyğundur. Əgər Azərbaycan da sabah Türkiyəyə müraciət etsə ki, Azərbaycanda baza qursun, o baş verəcək. NATO buna qarşı gedə bilməz. Bir neçə il əvvəl bu məsələ gündəmdə olmuşdur. O zaman Naxçıvanda belə bir bazanın olması mübahisəsi getmişdi. Naxçıvanda Türkiyənin bəzi siyasi haqları da var, 1921-ci il Qars və Moskva müqaviləsində təsbit edilən bu haqlara uyğun olaraq burada əsgəri varlığını təsbit etməsi üçün heç bir maneə yoxdur. Azərbaycanın digər bir yerində baza qurulması da hökümətlərarası danışıqlar nəticəsində mümkün ola bilər və buna daha çox Azərbaycan maraqlı ola bilər. Türkiyənin Azərbaycanda bazasının olması Azərbaycanın Qərbə inteqrasiyasının bir mərhələsi ola bilər. Bu işə isə ən böyük maneə Rusiyadır. Məhz Rusiyanın üzündən Azərbaycan bir çox əsgəri alyanslara girə bilmir və torpaqlarının azad edilməsi üçün ən böyük maneə də Rusiyadır".
Q.Çaxmaqlı dedi ki, Türkiyə siyasi olaraq Azərbaycan üçün hər şeyə hazırdır və indiyə qədər də Türkiyənin siyasi iradəsi sayəsində bir sıra diplomatik üstünlüklərimiz olub: “Hərbi olaraq da heç kəs şübhə etmir ki, Türkiyə Azərbaycanın yanındadır. Amma dediyimiz kimi maneələr vardır və bu təkcə Rusiya deyil, NATO ölkələri içərisində də Türkiyənin müstəqil hərəkət etməsinə maneələr vardır”.
Bu arada Azərbaycanda orduya yazılanların sayı ölkəboyu davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlara müraciət edib. “Yeni Müsavat”ın məlumatına görə, Dövlət Xidmətindən bildirilib ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən http://www.seferberlik.gov.az/?fbclid=İwAR1G6lXklQYfALpQ-Pa1CVy_akeet5481-wOxH7aKvqUMstvXp7h9GRysU4 saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.