Türkiyədə prezident seçkisindən sonra R.T.Ərdoğanın ilk xarici səfərini hansı ölkəyə edəcəyi böyük maraqla gözlənilirdi. Ekspertlər bu məsələni Ankaranın xarici siyasətinin prioritetlərindən biri kimi qiymətləndirirdi. Çünki ilk xarici səfər faktiki olaraq Türkiyənin ən yüksək dəyərləndirdiyi və yaxın bildiyi dövləti dünyaya nümayiş etdirmək demək idi. R.T.Ərdoğan bu statusda Azərbaycanı gördüyünü təsdiq etdi.
Millitv.Az newtimes.az-a istinadən xəbər verir ki, səfər çox uğurlu və səmərəli keçdi. İki qardaş ölkənin liderləri əməkdaşlıq imkanlarını bir daha müzakirə etdilər. Qarşılıqlı sərmayə qoyuluşunu daha da inkişaf etdirmək barədə razılıq əldə edildi. Ticarət, enerji, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və hərbi sferalarda yeni proqramların həyata keçirilməsində böyük qətiyyət nümayiş etdirildi. Bütün bunların geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.
Real geosiyasi hesablar: iki qardaş dövlət arasında əməkdaşlığın əsas meyarı
Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunədir. İki qardaş ölkə müstəqil dövlət kimi geniş və konstruktiv əlaqələr qura biliblər. Məsələ yalnız qardaşlıqda deyil, bu dərəcədə yaxın olan iki dövlətin bir-birinə beynəlxalq hüquq normaları çərçivəsində və qarşılıqlı faydalılıq prinsipi əsasında yanaşmasındadır. Etiraf edək ki, bu cür əməkdaşlığın təməlini Ulu öndər Heydər Əliyev qoyub. Ümummilli lider öz fəaliyyəti ilə sübut etdi ki, etnik və tarixi bağlılıq dövlətlərin müstəqil siyasət yeritməsinə mane olmamalıdır. Yəni qardaş qardaşın dövlətinin müstəqilliyinə daha çox hörmət etməlidir. Bu prizmadan "Bir millət, iki dövlət" deyimi tarixi əhəmiyyətlidir.
Hazırkı mərhələdə Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev uğurla bu əlaqələri daha yüksək zirvələrə qaldırmaqdadır. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iki qardaş dövlətin əməkdaşlığının yeni zirvələrə yüksəlməsi üçün əlindən gələni edir. İndi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanla Türkiyənin bir-birini aktiv dəstəkləməsi aksioma çevrilib. İki ölkənin liderləri birgə addımlayır, ədalət və beynəlxalq hüquq normaları çərçivəsində bir-birinə aktiv dəstək verirlər.
Bunlar bir daha Türkiyə Prezidenti seçilmiş R.T.Ərdoğanın ilk xarici səfərini Azərbaycana etməsi fonunda çox maraqlı görünür. Ekspertlər bu səfərin geosiyasi əhəmiyyətini vurğulayırlar. Məsələ ondan ibarətdir ki, Türkiyə Cümhuriyyəti tarixinin çox əlamətdar bir mərhələsini yaşamaqdadır. Ankara dünyanın söz sahiblərindən biri olmaq istiqamətində vacib addımlar atır. R.T.Ərdoğanın idarəçiliyi dönəmində bu proses xeyli sürətlənib və getdikcə daha geniş aspektləri əhatə edir. Artıq dünya liderləri etiraf edirlər ki, Türkiyə qlobal miqyasda iradəsini ortaya qoyan və dünya siyasətinin gündəmini müəyyənləşdirən dövlətlərdən biridir.
Türkiyə siyasi, hərbi, iqtisadi, ticari, energetik, nəqliyyat, sosial, mədəni və digər sferalarda böyük uğurlar əldə edib. Ankaranın terrorla mübarizədə və Türk Ordusunun təcrübəsi dünyada maraq doğurub. İndi Türkiyə öz ərazisində demək olar ki, terrorun başını əzib və bəzi qonşu dövlətlərin ərazisində olan terrorçuların təmizlənməsi prosesini aparır. Bu məqam türk hərbi sənayesinin inkişaf etdirilməsi zərurətini ortaya qoyur. Prezident R.T.Ərdoğan Bakıya səfəri zamanı ifadə edib ki, Türkiyə hazırda hərbi ehtiyaclarının 65 faizini özü təmin edir. 15 il bundan öncə isə bu rəqəm 20 faiz idi (bax: Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 10 iyul 2018).
Azərbaycan Türkiyə ilə hərbi sahədə aktiv əməkdaşlıq edən ölkədir. Bu barədə Prezident İlham Əliyev dəfələrlə fikir bildirib. Türkiyə Prezidentinin son səfərində də dövlət başçısı bu barədə danışıb (bax: əvvəlki mənbəyə). Onun bariz nümunələrindən biri Azərbaycan Ordusunun hərbi paradında türk əsgərlərinin də iştirak etməsi oldu. Türk qırıcıları da Bakı səmasında öz məharətini bir daha nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Prezidenti bu əməkdaşlığın əsas məqsədini çox aydın şəkildə ifadə edib. İlham Əliyev vurğulayıb: "Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır" (bax: əvvəlki mənbəyə).
Deməli, Azərbaycanla Türkiyənin hərbi sahədəki əlaqələri regionda sülhün və barışın bərqərar olması üçündür. Bunun üçün Türkiyə çox güclü orduya sahibdir, Azərbaycan Ordusu da sürətlə inkişaf edərək regionun ən güclü ordusuna çevrilib. Yəni iki qardaş ölkənin hərbi əməkdaşlığı faktiki olaraq Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında, qüvvələr nisbətinin tarazlaşmasında əhəmiyyətli rol oynayır.
Regional və qlobal təhlükəsizlik: Ankara-Bakı tandeminin təminatları
Ancaq Azərbaycan-Türkiyə əlaqələri daha geniş kontekstdə strateji məqsəd güdür. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı bu məqam bir daha önə çəkildi. Aparılan müzakirələrin mövzuları bunu deməyə əsas verir ki, iki qardaş ölkə başlıca qlobal və regional məsələlərdə daha yaxın əməkdaşlıq istiqamətində inamla addımlayırlar. Hər iki dövlətin əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyev bu bağlılıqda ifadə edib ki, Türkiyə iqtisadi inkişaf sahəsində böyük irəliləyiş əldə edib. Hazırda o, dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir. R.T.Ərdoğanın liderliyi ilə Türkiyədə sabitlik tam bərqərar olunub. Bunlar təbii ki, Azərbaycan xalqını çox sevindirir (bax: əvvəlki mənbəyə).
Azərbaycanın əldə etdiyi uğurlar da göz qabağındadır. Bütün sahələrdə islahatlar yüksək dinamika ilə davam edir. Daxili siyasətdə əldə edilən nailiyyətlərlə xarici siyasətin uğurları uyğunluq təşkil edir. Azərbaycan enerji və nəqliyyat sferalarında yeni-yeni uğurlara imza atır. Bütün dünya Azərbaycanın inkişafını etiraf edir. Konkret göstəricilər də bunu əyani surətdə sübut edir.
Bütün bunlar iki ölkə liderlərinə inamlı, qətiyyətli və bir-birini dəstəkləməklə aktiv müstəqil siyasət yeritməyə əsas verir. Bu mövqeni Prezident İlham Əliyev çox dolğun ifadə edib. Dövlət başçısı deyib: "Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir" (bax: əvvəlki mənbəyə).
Əlbəttə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində Bakıya yalnız qardaşlıq amilinə görə dəstək vermir. Bu barədə Azərbaycanın dövlət başçısı dəfələrlə fikir bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, Ankara əsas olaraq Azərbaycanın mövqeyinin haqlı olduğuna görə, ona dəstək verir. Burada bir ədalətli mövqe məsələsi var. Türk dövlətləri ənənəvi olaraq siyasətdə ədalətliliyə böyük yer veriblər. Eyni məntiqlə Azərbaycan daim Türkiyənin haqq səsini beynəlxalq aləmdə müdafiə edir. Bu baxımdan Prezident İlham Əliyevin məşhur "Türkiyə burda yoxdur, mən varam" deyimi çox gözəl bir nümunə kimi qəbul edilir.
Bütün bunların böyük geosiyasi əhəmiyyəti var. R.T.Ərdoğan prezident seçkisindən sonra ilk səfərini Azərbaycana etməklə ciddi mesaj verir: bütün hallarda Türkiyə Azərbaycanla münasibətlərinə çox böyük önəm verir. Ankara və Bakı bundan sonra da əməkdaşlığı inkişaf etdirəcəklər və onların çəkinəcək bir yeri yoxdur.
Eyni zamanda, Türkiyə Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyini saxlamaqda da qərarlıdır. Onu bu mövqeyindən kimsə döndərə bilməz. Artıq Türkiyə beynəlxalq təşkilatlar səviyyəsində bu məsələni konkret qoymaq mərhələsindədir. Bunu NATO-nun son Brüssel sammitində müşahidə etdik. Şübhə yoxdur ki, həmin proses davam edəcək. Yeri gəlmişkən, Ankara və Bakının bu qətiyyəti erməniləri təlaşa salıb.
Nəhayət, Türkiyə Prezidentinin Azərbaycana səfəri bir daha göstərdi ki, bütün strateji məsələlərdə iki dövlət yanaşı addımlamaqda qərarlıdırlar. Onlar bundan sonra da geniş ortaq layihələr tərtib edib, birgə çalışacaqlar. Türkiyə və Azərbaycan faktiki olaraq dünyanın enerji xəritəsini dəyişən iki dövlətdir. Buna görə də indiki mərhələdə Türkiyə və Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu getdikcə daha da artır. Bu tendensiya maraqlı bir nəticə çıxarmağa əsas verir: Türkiyə və Azərbaycan geniş geosiyasi məkanın liderləri roluna yüksəlirlər!