Türkiyə hərbiçiləri dünəndən başlayaraq Suriyanın şimalında “Sülh bulağı” hərəkatına start verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinə (TSQ) əmr verməsindən sonra terrorçulara məxsus ərazilər bombalanmağa başlayıb. Əməliyyatlar başlar-başlamaz terorçulara məxsus 180-dən çox hədəf məhv edilib.
Politoloq Nəzakət Məmmədova AYNA-ya müsahibəsində hazırda dünyanın nəzər nöqtəsində olan bu məsələ ilə bağlı suallarımızı cavablandırıb.
- Türk ordusu “Sülh bulağı” əməliyyatına start verib. Türkiyə bu əməliyyatda istəyinə nail ola biləcəkmi?
- Təbii ki, bütün bunları proseslərin gedişatı göstərəcək. Amma əvvəlki situasiyaları nəzərə alsaq, həmçinin “Afrin” və “Fərat qalxanı” əməliyatları nöqteyi-nəzərindən müqayisə etsək, görərik ki, Türkiyənin qalib gəlmək şansı çox yüksəkdir. Türkiyənin artıq ölkə hüdudlarından kənarda hərbi əməliyyatlar keçirmək təcrübəsi var. Hətta Suriya ərazisində Türkiyə ordusu dəfələrlə qalib gələrək hədəflərinə nail olub. Əgər əməliyyatlar bu gedişlə davam etsə, “Sülh bulağı”nın uğurla nəticələnməsinə inanmaq olar.
- Bu proseslərdə PKK, YPG və PYD əməliyyatlar başlamamış müxtəlif ölkələrdən yardımlar istədilər, danışıqlara getməyə hazır olduqlarını bildirdilər. Sizcə, terrorçulara yardım olunacaqmı?
- Mələsə belədir ki, terror təşkilatlarına gizli və ya aşkar şəkildə yardımlar edilir. Çünki kiçik bir terror təşkilatının “NATO”-nun ən güclü ordusuna meydan oxuması onun böyük dövlətlərlə tərəfdaşlığından xəbər verir. Bu baxımdan da onlara yardım edilməsəydi, bu qədər irəli gedə bilməzdilər. Prezident Ərdoğan da ən müxtəlif formalarda terrorçulara yardım edilməsi ilə bağlı dəfələlərlə açıqlamalar yayıb. Hətta Pentaqon da dəfələlrə etiraf edib ki, İŞİD-lə mübarizə üçün PKK və YPG-ə dəstək nümayiş etdiriblər. Amma bu gün rəsmi məlumatlara görə, İŞİD təhlükəsi artıq sona çatıb. Belə olan halda da əminliklə demək olar ki, qərbin PKK-a dəstəyi sadəcə Türkiyəyə zərbə vurmaqdan ibarətdir. Yəqin ki, öz geosiyasi məqsədlərinə nail olmaq üçün bu dəstəyi davam etdirəcəklər.
- Türkiyənin bu proseslərdə əsas məqdədi daha çox nədən ibarətdir?
- Türkiyə artıq Rusiyanın neytrallığını təmin edib. İran da müəyyən qədər etirazlar etsə də, bu gedişat, hər halda, İranı da qane edir. Lakin bu proseslərdə Türkiyənin əsas üç məqsədi var, ki, bu da rəsmi şəkildə elan olunub. Türkiyənin məqsədləri bundan ibarıtdir ki, ərazi bütövlüyünün toxunulmazlığı təmin olunsun, suriyalı qaçqınların torpaqlarına qayıtmasını təmin etsin və terrora qarşı mübarizə aparsın. Bu üç məqsədlə Türkiyənin istəyinə nail olması böyük ehtimaldır. Həm də ki, Türkiyə faktiki olaraq ABŞ-ın regionada ən yaxın tərəfdaşı olan terror qruplaşmasını zərərsizləşdirib. Təbii ki, bu, Suriya tərəfinə də sərf edir.
- İran və Rusiyanın Türkiyəyə dəstək verəcəyi gözlənilirmi?
- Düşünürəm ki, onlar diplomatik dəstəyi artıq veriblər. Çünki Ərdoğan Putinlə görüşündən sonra bu qərarı verdi. ABŞ-ın mövqeyi birmənalı olmasa da, ehtimal olunur ki, İran və Rusiyanın razılığı əldə olunub. Rusiyanın Suriya ərazisində kosmik kəşfiyyat aparmaq imkanlar var ki, bu, Türkiyədə yoxdur. Ola bilsin ki, Rusiya bu imkanlarından istifadə edərək terror təşkilatları ilə bağlı Türkiyəyə müəyyən məlumatlar ötürsün.
- Hadisələrin Azərbaycana hansısa müsbət və ya mənfi təsiri ola bilərmi?
- Dünyada terrora qarşı mübarizə nəinki Azərbayacana, bütün dövlətlərə aid məsələdir. Türkiyə isə Azərbaycanla qardaş ölkədir. Digər tərəfdən də bir ölkənin ərazi bütövlüyünə qarşı təşkil olunan sui-qəsd, digər ölkələrin də başına gələ bilər. Məsələn, bu gün Suriyanın xəritəsini öz xeyirlərinə dəyişdirmək istəyənlər bunu Azərbaycana da edə bilərlər. Ona görə də haqsızlığa qarşı mübarizədə hər bir dövlət fəallıq göstərməlidir. Təbii ki, bu baxımdan Türkiyənin qələbə qazanması arzu olunandır.