Axtarış...

Prezidentin məmurlara qarşı hədsiz humanizm və səbri geridə qalıb - TƏHLİL

Prezidentin məmurlara qarşı hədsiz humanizm və səbri geridə qalıb - TƏHLİL


Müşahidələrə görə, son zamanlar ölkədə yaşanan hansısa problemi ona cavabdeh qurum həll etmir, yaxud da həll etməyə çalışmır. Yanğın olur Prezident məsələ qaldırır, evləri su basır Prezident işə qarışır, su qıtlığı yaranır yenə Prezident…

Bəs aidiyyatı qurumlar, nazirlər, yüzlərlə ştata sahib icra orqanları hara baxır, nə işlə ilə məşğuldurlar? Yalnız elə dövlət büdcəsindən ayrılan vəsaiti çapıb-talamaqla?...

Mövzu ilə bağlı Modern.az-ın sualını cavablandıran Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc işini yerinə yetirə bilməyən məmurlara Prezidentin iş qrafikini misal çəkib:

“Son aylarda Prezidentin iş qrafikinə diqqət yetirsəniz, görərsiniz ki, beynəlxalq platformalarda Azərbaycan mənafeələrinin davası aparılır. Bu yetərincə nüfuz, əlaqələr, diplomatik razılaşmalar və s. tələb edir. Digər tərəfdən, Azərbaycan hazırkı dünyəvi pandemiyanın gələcək nəticələrindən qorunmaq üçün ucuz maliyyə mənbələrinin axtarışlarını davam etdirir. Paralel şəkildə Azərbaycan daxildə məlum sosial-iqtisadi itkiləri yaşamağına rəğmən, ölkənin polis, səhiyyə sistemi, dövlət idarəetmə orqanları bəşəri təhlükəyə səfərbər olduğu bir dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının durdurulması yönündə də mübarizə aparır.

Biz dərk etməliyik ki, ölkə rəhbəri artıq komanda üzvlərinə əvvəlki illərdən fərqli olaraq, daha sərt, daha güzəştsiz yanaşmanı ortaya qoyub. Bu çox önəmli məsələdir. Hökumətdə və dövlət idarəetməsinin bütün qollarında dəyişikliklər və yenilənmə gedir. Hamı başa düşməlidir ki, burada hansısa gözləmə mövqeyi, seyirçi münasibət, səmərəsiz xərcləmələrə, itkilərə dözümlü davranışlar, hətta ölkə rəhbərinin dediyi kimi “olmadığı halda bu itkiləri yaratmaq”, “yerdə qalan vəziyyətdə ondan faydalanmaq”, “su kimi müqəddəsə çirkab qatmaq” ciddi cəzalara səbəb olacaq. Buna heç kimin şübhəsi olmasın. Biz bir neçə gün ərzində dövlət rəhbərinin həm də Ali Baş Komandan kimi qətiyyətini, sərtliyini görməkdəyik”.

Z.Oruc deyib ki, dünənki müşavirədə verilən hər bir mesaj ümumxalq istəyinin carçısı idi:

““Nədir, gözləyirsiniz ki, səhralaşma getsin, ondan sonra hərəkət eliyəsiz”, “Mən bu məsələyə qayıtmasaydım, üzərində durulmasaydı, siz bunu etməyəcəkdiz?”, “Axı siz mənə başqa raportlar verirdiniz”... Prezidentin dilindən səslənən belə sitatların sayını çoxalda bilərəm. Gerçəkdən də ölkə rəhbərinin səriştəsi, müdrikliyi, peşəkar yanaşması Azərbaycanı öz varlığı kimi istəməsi, onun hər bir qarış ərazisinə dəyər, qiymət verməsi hər əməlində hiss olunur. Bir tərəfdə şoranlaşma, bir tərəfdə qrunt sularının yaratdığı fəsadlar, o biri tərəfdə quraqlıqdan yaranan problemlər. Əgər kimsə növbəti dövrlərdə problemlərlə birgə, onları həll etmədən ömür sürmək, vəzifədə qalmaq mümkün olacağını düşünürsə, səhv edir, bu, əsla belə olmayacaq.

Cənab Prezidentin də bildirdiyi kimi, müşavirə açıq formada ona görə keçirilir ki, insanlar öz mövqelərini burada göstərsinlər. Yeri gəlmişkən cəmiyyətin rəyi, düşüncələri idarəetmədə nəzərə alındıqca, məmur məsuliyyətini müəyyən edir. Məhz bu səbəbdən cənab Prezident dedi ki, “mətbuat konfransları keçirin, cəmiyyətlə görüşlərdə olun, insanların fikirlərini öyrənin, medianı yanınıza çağırın, onlarla görüşün, üçüncü sektor təmsilçilərini qəbul edin, hər birindən faydalanın”.

Bundan əvvəl də ölkənin real təhlükəsizliyinə qəsd edildiyi zamanı cənab Prezident söylədi ki, “mən bütün məsələləri xalqla məsləhətləşirəm, biz xalqın hakimiyyətini qurmuşuq, xalqın hakimiyyətini təmsil edirik”. Ona görə də bu məsələdə hamı başa düşməlidir ki, güzəşt dövrü bitib. Zamanında ölkə rəhbərinin nümayiş etdirdi hədsiz humanizmi və səbri arxada qalıb. Çünki o zaman ölkənin birinci şəxsi strateji məsələlərə köklənmişdi, ölkənin beynəlxalq miqyasda dövlətlərarası qayğılarını həll etməkdə idi. İndi daxilə yönələn kimi kadrların məsuliyyəti dövlətin təhlükəsiz həyatı üçün ən vacib yerə çatıbdır.

Qollarını çırmayıb vəzifə tutmağa çalışan adamlar əvvəlki illərdən fərqli olaraq, xeyli dərəcədə özlərinə sual verməlidirlər ki, “mən bu işə hazırammı”, “bir neçə müddətdən sonra cənab Prezident qarşısında necə cavab verəcəm”. Bütün bunlar çox vacib dəyişikliklərdir. Hesab edirəm ki, Przident İlham Əliyev tərəfindən qurulan yeni hakimiyyətin fəlsəfəsi, ideologiyası məhz bundan ibarətdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz