Axtarış...

“Ata icra başçısıdr, korrupsiya ilə məşğuldur, oğul da DİN-də işləyir…”



“Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir və onun dedikləri şəxsi fikri yox, rəhbərlik etdiyi qurumun mövqeyidir”.

Bu sözləri Yenisabah.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Zahid Orucun yerli icra hakimiyyətləri barədə fikirlərinə münasibət bildirərkən deyib.

Zahid Orucun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar nəticəsində aydın olub ki, əhalinin yarıdan çoxunun yerli icra hakimiyyətlərinə münasibəti mənfidir.

Hakimiyyətə yaxınlığı ilə seçilən deputatın indiki həssas dövrdə belə bir açıqlama ilə çıxış etməsi müxtəlif mülahizələrə səbəb olub.

Sərdar Cəlaloğlu isə hesab edir ki, bu açıqlamaya konspiroloji yanaşmaq doğru deyil. “Zahid Oruc bunu Sosial Tədqitatlar Mərkəzinin rəbəri kimi deyib. Yəni, bu həmin qurumun apardığı araşdırmalar nəticəsində gəldiyi qənaətdir. Əgər Zahid Oruc bunu deputat kimi bəyan etsəydi, o zaman hansısa ehtimallar üzərində düşünməyə dəyərdi. Bir də nəzərə almaq lazımdır ki, bu qurum təzə yaradılıb, özünü müsbət mənada göstərməlidir”, - deyə ADP sədri əlavə edib.

Sərdar Cəlaloğlu həmçinin qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin gəldiyi qənaət obyektivliyi əks etdirir. “Bu gün doğrudan da yerli icra hakimiyyətlərindən ciddi narazılıq var. Hələ mən deyərdim ki, əhalinin yarıdan çoxu yox, elə hamısı icra hakimiyyətlərindən narazıdır. Çünki icra başçıları xalqın maraqlarına yönəlik addımlar atmırlar. İnsanların sosial yardımını mənimsəyirlər, rüşvət və korrupsiyanı fəaliyyətlərində prioritetə çeviriblər, dövlət büdcəsindən bölgələrin inkişafı üçün ayrılan vəsaiti talan edirlər və s. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar zamanı da gördük. Aydın oldu ki, yerli icra hakimiyyətləri xalqla ali hakimiyyət arasında keçilməz sədd rolunu oynayır”, - deyə partiya sədri vurğulayıb.

Müsahibimizin fikrincə, idarəetmə sistemi dəyişməyincə, bu problem həll olunmayacaq: “İdarəetmə sistemi dəyişməlidir. Azərbaycanda aşağı keyfiyyətli idarəetmə sistemidir. Bu tip idarəetmə sistemi isə hakimiyyətə mənfi reputasiyalı, rüşvətə, korrupsiayaya meylli insanların hakimiyyətə soxulması xarakterizə olunur. Heç bir vicdanlı adam bu tip idarəetmə sistemində təmsil olunmaq istəməz. Heç bir vicdanlı adam vətəndaşın maaş kartını əlindən almaz, sosial yardımını yeməz, bölgənin inkişafı üçün ayrılan pulları mənimsəməz və s.

Marksın bir sözü var, deyir ki, maşın xarabdırsa onu kimin idarə etməsinin önəmi yoxdur, həmin maşının istehsal etdiyi məhsul zay olacaq. Ona görə də idarəetmə sistemi dəyişməyincə, biz bu cür problemlərlə üzləşəcəyik.

Bir məqamı da qeyd edim. Bu gün inzibati qurumlarla həmin bu rüşvət və korrupsiya yuvasına çevrilmiş qurumlar iç-içədir. Yəni, ata icra başçısıdr, korrupsiya ilə məşğuldur, oğul isə ya DİN-də, ya DTX-da, ya da prokurorluq orqanlarında yüksək vəzifədə çalışır. Bu halda korrupsiaya qarşı necə mübarizə aparmaq olar? Onun atasından kimsə nəsə yazsa, dərhal dostlarının köməyi ilə həmin şəxsi saxta ittihamlarla həbs etdirər, yaxud hansısa formada təzyiq göstərər.

Kadrlar Prezidentə sədaqət prinsipi ilə deyil,millətə və dövlətə sədaqət prinsipi ilə seçilməlidir. Millətə və dövlətə sədaqətli olan məmur xalqın pulunu yeməz. Amma Prezidentə sədaqət prinsipi ilə seçilən kadrlar – bu, aşağı keyfiyyətli idarəetmə sisteminin xarakterik xüsusiyyətidir – yalnız birinci şəxsin gözündə özlərini qoruyacaqlar, millət, dövlət veclərinə olmayacaq. Millətə, dövlətə istənilən xəyanət edib, yalnız birinci şəxsi maraqlarını təmin etməyə çalışacaqlar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz