V çağırış parlamentə seçilib, sonradan yüksək vəzifəyə təyinat alan və elə bu səbəbdən mandatını itirən deputatların sayı kifayət qədərdir. Bu sırada Mehriban Əliyevanı, Muxtar Babayevi, Rövşən Rzayevi, Fuad Muradovu, Vüsal Hüseynovu və digərlərini misal göstərmək olar.
Bununla yanaşı hazırda deputat mandatı ilə yanaşı digər yüksək vəzifə daşıyan məmurların da sayı kifayət qədərdir.
azxeber.com hazırda deputat mandatı daşıyan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.
1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən deputat Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Son vəzifə təyinatına qədər Naxçıvan Ali Məclisi sədrinin köməkçisi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışan V.Talıbov beş çağırışdır Azərbaycan Milli Məclisinin deputatıdır.
2 saylı Şərur seçki dairəsini təmsil edən deputat İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Buna qədər Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb və və artıq üç çağırışdır Milli Məclisin deputatıdır.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsini təmsil edən deputat Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Buna qədər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyən S.Möhbalıyev artıq dörd çağırışdır Milli Məclisin deputatıdır.
8 saylı Binəqədi birinci seçki dairəsini təmsil edən deputat Azay Quliyev Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Buna qədər Gənclər Təşkilatları Milli Şurasında rəhbərlik edən A.Quliyev artıq üç çağırışdır Milli Məclisin deputatıdır.
9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edən deputat Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzinin direktor müavinidir. İxtisasca həkim olmasa da, mərkəzdə maliyyə və iqtisadi məsələlərə məsuldur. İlk çağırış Milli Məclisin deputatıdır.
13 saylı Xəzər-Pirallahı seçki dairəsini təmsil edən deputat Rauf Əliyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. Buna qədər "Neftçi” İdman- sağlamlıq Mərkəzinin sədri vazifəsində çalışan R.Əliyev artıq ikinci çağırışdır Milli Məclisin deputatıdır.
15 saylı Yasamal birinci seçki dairəsini təmsil edən deputat Ülvi Quliyev Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Son təyinata qədər "Gömrükçü” Sağlamlıq Mərkəzinə rəhbərlik edən Ü.Quliyev artıq üçüncü çağırışdır Milli Məclisin deputatıdır.
19 saylı Nərimanov birinci seçki dairəsini təmsil edən deputat Hikmət Məmmədov "Yeni Azərbaycan” qəzetinin baş redaktorudur. Mətbuatda Hikmət Babaoğlu təxəllüsü ilə məşhurdur və ilk çağırış Milli Məclisin deputatıdır.
20 saylı Nərimanov ikinci seçki dairəsini təmsil edən deputat Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. Bu təyinata qədər Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyən A.Əliyev üçüncü çağırışdır Milli Məclisin deputatıdır.
24 saylı Nizami birinci seçki dairəsini təmsil edən deputat Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin prezidentidir. Eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Cüdo Federasiyasının rəhbəridir. Üçüncü çağırış Azərbaycan parlamentinin üzvüdür.
28 saylı Sabunçu üçüncü seçki dairəsini təmsil edən deputat Eldar Quliyev "Azərittifaq”ın sədri və Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Buna qədər "Azərittifaq”da sədr müavini işləyən E.Quliyev dördüncü çağırışdır Milli Məclisin deputatıdır.
62 saylı Saatlı seçki dairəsini təmsil edən deputat Əflatun Amaşov Mətbuat Şurasının sədridir. Buna qədər "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin sədri işləyən Ə.Amaşov ilk çağırış Milli Məclisin deputatıdır.
72 saylı Yardımlı – Masallı seçki dairəsini təmsil edən deputat Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur. Ölkəmizin qabaqcıl alimlərindən olan M.Qasımlı ikinci çağırışdır Milli Məclisin deputatıdır.
86 saylı İsmayıllı seçki dairəsini təmsil edən deputat Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. Buna qədər "Azərağackağız” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində işləyən N.Aslanov üçüncü çağırışdır Milli Məclisin deputatıdır.
93 saylı Bərdə şəhər seçki dairəsini təmsil edən deputat Gövhər Bəxşəliyeva AMEA-nın Şərqşünaslıq İnstitutunun direktorudur. Bundan öncə Milli Məclisin sədr müavini olan deputat üçüncü çağırışdır Milli Məclisin deputatıdır.
94 saylı Bərdə kənd seçki dairəsini təmsil edən deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin sədridir. Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan yeni qurum ölkədə ictimai rəyin öyrənliməsini həyata keçirəcək. Z.Oruc dördüncü çağırışdır Milli Məclisin deputatıdır.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsini təmsil edən deputat Ağalar Vəliyev "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Buna qədər Körpü tikinti kombinatının baş direktoru işləyən A.Vəliyev ikinci çağırışdır Milli Məclisin deputatıdır.
107 saylı Qazax seçki dairəsini təmsil edən deputat Kamran Nəbizadə Azərbaycan Sənaye Korporasiyası baş direktorudur. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Neft Şirkəti və Energetika Nazirliyində məsul vəzifələr tutan K.Nəbizadə ilk çağırış Milli Məclisin deputatıdır.
116 saylı Qəbələ seçki dairəsini təmsil edən deputat Fəttah Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədridir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri vəzifəsində çalışan F.Heydərov altıncı çağırışdır Milli Məclisin deputatıdır.
119 saylı Ağdam kənd seçki dairəsi təmsil edən deputat Bəxtiyar Sadıqov rəsmi "Azərbaycan” qəzetinin baş redaktorudur. Eyni zamanda Mətbuat Şurasının və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu İdarə Heyətinin üzvü olan B.Sadıqov dördüncü çağırışdır Milli Məclisin deputatıdır.
123 saylı Kəlbəcər seçki dairəsini təmsil edən deputat Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir. Bu təyinata qədər "Azəryolservis" ASC-yə rəhbərlik edən deputat eyni zamanda Azərbaycan Voleybol Federasiyasının prezidentidir. Üçüncü çağırışdır Milli Məclisin deputatıdır.