Axtarış...

BNA Prezidentin tapşırığına qarşı: - Vüsal Kərimli və müavini qanunsuz biznesini rəsmiləşdirir

BNA Prezidentin tapşırığına qarşı: - Vüsal Kərimli və müavini qanunsuz biznesini rəsmiləşdirir

Prezident İlham Əliyev ötən ay Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün yolun genişləndirilməsinə göstəriş vermişdi. Dövlət başçısı oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədova belə bir tapşırıq vermişdi.

"Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır" deyə Prezident bildirmişdi.

Saleh Məmmədov isə cavabında bu layihənin həyata keçiriləcəyini bildirmişdi: "Cənab Prezident, layihə hazırlayıb Sizə təqdim edərik".

Qeyd edək ki, Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunmasından bir müddət sonra yol polisi də 20 yanvar metrostansiyasının yaxınlığında taksilərin yığışdırılmasına nail olmuşdu.

Bunları xatırlatmağımızın səbəbi var. Belə ki, bu günlərdə AAYDA-nın əməkdaşları qeyd olunan ərazidə yeni zolaq çəkir və "TAXİ" sözü yazır. Bu isə o deməkdi ki, həmin ərazidə taksi fəaliyyəti rəsmiləşdirilir.

Məsələni dəqiqləşdirmək üçün AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi bu məsələnin Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətində olduğunu bildirdi: "Bu məsələyə BNA münasibət bildirməlidir, çünki avtobus, taksi dayancaqları onların səlahiyyətindədir. Yəqin ki, bizim əməkdaşlar orda BNA-nın sifarişini icra edib. Özbaşına edilə bilməz.

BNA-nın mətbuat xidmətindən isə sorğumuza cavab ala bilmədik.

Beləliklə, hər gün onminlərlə insanın istifadə etdiyi, bəzən saatlarla tıxacda qaldığı yolda yenidən xaos yaradılır. Həm də bu addım Prezidentin bununla bağlı tapşırıq verdiyi gündən cəmi bir ay sonra. Görünür bu ərazidə taksi fəaliyyətinin qadağan olunması BNA-nın rəhbəri Vüsal Kərimli və müavini Elçin Mustafayevin biznesinə ciddi şəkildə ziyan vurub. Bu səbəbdən taksi fəaliyyətini rəsmiləşdirməklə itkilərini bərpa etməyə çalışırlar. Həm də bunu dövlət başçısının tapşırığının əleyhinə çıxmaqla edirlər. BNA-nın vəzifəsi paytaxtda nəqliyyatın fəaliyyətini tənzimləməkdi, qanunsuz biznes fəaliyyəti ilə məşğul olmaq, insanların rahatlığını pozmaq, yollarda xaos yaratmaq, Prezidentin tapşırıqlarına qarşı çıxmaq deyil. Ümid edək ki, tezliklə bu özbaşınalığa son qoyulacaq və İlham Əliyevin AAYDA rəhbərinə verdiyi tapşırıq icra olunaraq, Bakı-Sumqayıt yolundakı tıxac problemi birdəfəlik həll olunacaq.

Mənbə: Qaynarinfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz