Biləsuvar rayon, İsmətli kənd sakini Əliyev Telman Qaraş oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi kənddə su probleminin mövcud olduğunu və sakinlərin günlərdir əziyyət çəkdiyini bildirir:
“Yazıb sizə bildirirəm ki, 15 gün olar, nəinki kənddə suvarma suyu, hətta içməyə belə, su yoxdur. Bütün dünyanı koronavirus təhlükəsi bürüdüyü halda, Biləsuvar rayon İsmətli kəndi, kim bilir, daha hansı koronalar, hansı viruslarla üz-üzə durub.
Hal-hazırda kəndin suvarma kanallarında nəinki suvarma suyu, heç içməli su belə yoxdur. Həftələrlə kanalın çökək yerlərində yığılıb qalmış suların rəngi belə dəyişib. Bu suyu əl-ayağa vurmaq belə təhlükəli olduğu halda, əhali bunu içmək məcburiyyətində qalıb. Və belə getsə, sabahdan etibarən buna da həsrət qalacağıq. Çünki kanalın dibində olan qurunt sularını belə, su matorlarıyla sahələrə, həyətlərə vururlar.
Sizdən çox xahiş edirəm ki, bu məsələni bütün lazımı dövlət nümayəndələrinə çatdırasınız. Mümkünsə, gəlib işıqlandırasınız”.
Hurriyyet.org
Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edəcək və aidiyyəti qurumların da mövqeyini dərc etməyə çalışacağıq.