Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Masallı rayon sakini Sakit Süleymanov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Admistrasiyasının rəhbəri Samir Nuriyevə, Baş nazir Əli Əsədova və Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Ölkə Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası regionların davamlı və tarazlı inkişafının təmin etməkdədir.
Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, infrastruktur təminatının və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədilə Prezidentinin Fərmanı əsasında“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır.
Lənkəran iqtisadi rayonunda (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); yol infrastrukturunun təkmilləşdirilməsi də Dövlət Proqramına daxildir.
Masallı rayonun Viləş kəndinin (keçmiş Kalinovka) Mərdo küçəsi bərbad vəziyyətdədir. Xüsusən payız-qış aylarında vəziyyət dözülməz həddə çatır. Uşaqların məktəbə getməsi müşkülə çevrilir. Şəxsi avtomobili olmayanların küçədə hərəkəti mümkünsüz olur. Yağıntı olan kimi hətta avtomobillə də hərəkət etmək çətin olur. İnsanlar işə suyun, palçığın içində yol gedib-gəlir. Ən çox əziyyət çəkənlər isə məktəblilərdir.
Keçmiş SSRİ dönəmində kəndimiz ən baxımlı, ən nümunəvi kəndlərdən biri idi. İndi isə baxımsız haldadır.
Bu kənd Vətənimizin bütövlüyü uğrunda aprel döyüşlərində canından keçən Nurlan Əsgərov kimi şəhidləri var. Şəhidlərimizin də uyuduğu Viləş kənd qəbbirsanlığına gedən yol da asfalt örtüyə həsrət qalıb. Kənddə içməli su da yoxdur. Sakinlər suyu pulla su maşınlarından alır.
Bütün bunlarla bağlı RİH-nin keçmiş icra başçısı Rafil Hüseynova dəfələrə müraciət olunsa da, heç bir tədbir görülməyib.
Bələdiyyə seçkiləri ərəfəsində sakinlər kəndin heç olmasa yol probleminin həllini səbirsizliklə gözləyirlər.
Sizdən artıq surətdə xahiş edirik, ən azından kəndin asfalt probleminin həll edilməsi üçün müfafiq qurumlara göstəriş verəsiniz.
Əvvəlcədən Sizə minnətdarlıq edirik”.
“Hürriyyət”