Axtarış...

Əli Həsənov cəmiyyətin güzgüsünü necə və nə üçün sındırdı? - GƏLİŞMƏ

Əli Həsənov cəmiyyətin güzgüsünü necə və nə üçün sındırdı? - GƏLİŞMƏ


Deyirlər ki, cəmiyyətin güzgüsü mətbuat, iqtisadiyyatın güzgüsü isə bankdır. Ona görə də hər hansı bir ölkənin iqtisadi vəziyyətini öyrənmək üçün bankların, cəmiyyətin sosial-mənəvi vəziyyətini qiymətləndirmək üçünsə mətbuatın durumuna nəzər yetirmək kifayət edir. Zamanın sınağından çıxmış bu metodologiyadan istifadə edib Azərbaycanın mətbu camiəsinə baxanda adamın ürəyi ağrıyır.

Çünki mətbuatımız öz dəyərini (cəmiyyətimiz isə bir-çox dəyərlərini) çoxdan itirib. Bunun da başlıca səbəbi mətbuatın ali məqsədindən sapması və yaxud sapdırılmasıdır. Mətbuatımız məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək kimi ali məqsədləri çoxdan unudub. Bu gün bu 3 qızıl qaydaya riayət edən mətbuat orqanını tapmaq iyul ayındada Yevlaxda qar görmək kimi bir xülyadan o yana keçmir. Ən yaxsı halda bəzi mətbu orqanı 2 qaydaya riayət edir: məlumatlandırmaq və əyləndimək.

Maarifçilik ənənəsi isə çoxdan yoxa çıxıb. Bütün bunlarınsa səbəbi jurnalistikaya təsadüfi adamların axını, günahkarı isə 20 ildən artıq Azərbaycan mətbuatınının boz kardinalı olan Əli Həsənovdur. Bir vaxtlar Azərbaycanda ən hörmətli ixtisaslardan biri jurnalistika sayılırdı. Azərbaycan Dövlət Universitetində bu ixtisas üzrə hər il cəmi 25 qəbul var idi.

Sonradan unuiversitetdə bu ixtisas üzrə rus sektoru da açıldı. Bura qəbul da 25 nəfər idi. Hər il qəbul imtahanlarının yekunu üzrə keçirilən müsabiqədə 1 yerə ən azı 20 iddiaçı olurdu. Amma bu gün bir neçə universitetdə jurnalistika fakültəsi fəaliyyət göstərir. Jurnalistika fakültəsinə qəbul balı isə axırdan bəlkə də birinci yerdədir. Bu isə onu göstərir ki, heç kim öz övladını bu gün jurnalist görmək istəmir. Cəmiyyətə güzgü tutan bir sahəyə bu gün patoloji nifrət var. Jurnalist adı gələndə məmurları allergiya, çoxlarını isə acı gülüş tutur. Ona görə ki, ötən əsrin 90-cı illərin sonunda və bu əsrin ilk illərində dədəsindən – anasından bezənlərin, əri tərəfindən evdən qovulanların bu sahəyə axını başladı. Bir ara küçə adamları, həyatın dibində olan olan yüzlərlə varlıq cibində “müxbir” vəsiqəsi gəzdirirdi. Bu əslində bir texnologiya idi. Hamının çəkindiyi, ehtiram etdiyi və cəmiyyətdəki nöqsanları apaydın göstərən güzgü sındırıldı, məhv edildi…

SÖZ hörmətdən salındı. Qələmini baş daşı sayan SÖZ fədailəri bu sahəyə axan qaragüruh tərəfindən daşqalaq etdirildi. Ömrünü bu işıqlı sənət yolunda əridən söz fədailəri ilə cibində “müxbir” vəsiqəsi gəzdiqən küçə qadını eyniləşdirildi. Bu hesaba da Əli Həsənov kimilərinin çəkindiyi jurnalist həmrəyliyi aradan qalxmış oldu.

Bu gün müəllimlər, həkimlər, polislər və digər peşə sahiblərinin arasında olan peşə həmrəyliyinin heç 5 faizi jurnalistikada yoxdur. Bu gün müəllimlər, həkimlər (polisləri demirəm hələ) haqqında bir kəlmə hədyan danışanı həmən daşqalaq edirlər. Əfsuslar olsun ki, bunu jurnalistikaya aid etmək olmaz. Ona görə ki, bu sahəyə məqsədli şəkildə doldurulan adamlar jurnalistikaya sənət kimi yox, gündəlik dolanışıq sahəsi kimi baxır. Məqsədi pul qazanmaq olan adamınsa nə əqidəsi olur, nə də vicdanı.Azərbaycan cəmiyyətində bu gün yeganə peşə jurnalistikadır ki, onun dayanıqlı yaşayışı yoxdur. Heç minimum səviyyəsi də yoxdur. Hamını bəzəyən, özü isə lüt gəzən jurnalistin cəmiyyətimizdəki qiyməti ən yaxşı halda 300 manatdır.

Bu qiymətə satılan o qədər jurnalist tanıyıram ki… Hansı ki, dünyada ən hörmətli iki peşədən biri jurnalistika sayılır. Hələ mətbuata bəzi dövlətlərdə 4-cü hakimiyyət də deyirlər. Uzağa getməyək, qonşu Rusiyada, İranda, Türkiyədə statistik orta jurnalist 1500-2000 ABŞ dolları maaş və yaxud qonorar alır. Bəyənmədiyimiz Gürcüstanda, düşmən dediyimiz Ermənistanda isə bu rəqəm 1000 dollar civarında dəyişir.

Vaxtilə “media kapitanları” mətbuatın “şeyxülislamı” Əli Həsənovla ünsiyyət qurmaq, onun təbəssümü ilə mükafatlanmaq üçün dəridən qabıqdan çıxırdılar. Lazım gələndə neçə illik qələm doslarının üstündən qırmızı xətt də çəkirdilər. Təki Əli Həsənov razı qalsın.Təki Əli Həsənov onların da ağzına yağlı tikə atsın. Təbii ki, sındırılmış, zavallı media kapitanlarını idarə etməkdə Əli Həsənovun öz maraqları var idi. Mətbuatın fövqəlgücünü əlinə toplayan Əli Həsənov korporativ maraqları üçün “media kapitanları”ndan istədiyi kimi istifadə edirdi. Bir zamanlar bir qrup məmur toxunulmazlıq hüququ qazanmışdı. Onları heç bir mətbuat orqanı tənqid edə bilməzdi. Çünki o adamlar Əli müəllimin dostları idi. Bir qrup məmur isə mətbuatın qapazaltısı olmuşdu. Bu da Əli Həsənov istədiyi üçün idi. Əslinə Əli Həsənov bir zamanlar sirk qaydalarını çox asanlıqla jurnalistikaya tətbiq etmişdi. Kim sirkdəki ayı kimi yaxşı dombalaq aşırdısa, ona daha yağlı tikə verilirdi. Kim qürur nümayiş etdirirdisə, ac qalırdı və ətrafı tərəfindən dışlanırdı. Beləcə bir zamanlar özünü Həsən bəy Zərdabinin, Mirzə Cəlilin və digər “mətbuat peyğəmbərlərimizin” əhli-beyti adlandıran media kapitanları qiblələrini də dəyişdilər,qayələrini də,əqidələrini də… Hələ onu demirəm ki, Əli Həsənov qeyri-peşəkarlarla işləməyə daha çox üstünlük verirdi. Çünki bu tip adamları idarə eləmək daha asan olur.

Məsələn, Milli Teleradio Şurasında bir dənə də olsun ixtisasca jurnalist olmayıb. Son bir-iki ilə qədər ölkədəki televiziyalara da jurnalistikanın şinelindən çıxmayan adamlar rəhbərlik edib. Hələ digər media qurumlarını demirəm…

Bir sözlə, cəmiyyətin güzgüsü sayılan mətbuat Əli Həsənovun şəxsi maraqları üçün sındırılmışdı.

Güzgüsü olmayan cəmiyyət isə çirkinləşməyə məhkumdur…

P.S. Taleh Xasməmmədovun bu günkü facebook statusundan: “Bu ilin yanvar ayında yaymış olduğum məlumat indi də aktualdır. Artıq prezidentin kecmiş köməkçisi Əli Həsənova bir neçə ittihamla cinayət işi acılıb və araşdırmalar davam etdirilir. 14 oktyabr 2019-cu il tarixdə keçirilən “Bakı Beynəlxalq Media Konfransı” na gələn 200 nəfərdən çox Türkiyə və digər ölkə nümayəndələrinin hər birinin gündəlik otel xərcləri 340 manat olduğu halda, Əli Həsənov bu məbləği 2800 manat olaraq “otkat” edib. Baxın, bir günlük otel xərcləri üçün 560 000 manat! İndi görün, bizim ölkənin taleyi kimlərin ümidinə qalıbmış”. //konkret.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz