Koronavirus pandemiyasının yayılması bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin, universitetlərin, müxtəlif iş yerlərinin, ticarət mərkəzlərinin və başqa obyektlərin müvəqqəti bağlanmasına səbəb olub.
Dövlət vətəndaşları virus təhlükəsindən qorumaq üçün kütləvi insan fəaliyyətinin mövcud olduğu müəssisələri bağlayıb. Lakin dövlətin “beyin sistemi” olan təhsilin geriləməməsi və arxa plana düşməməsilə əlaqədar ölkədə distant təhsilə keçilib. Distant təhsildə isə əsas məsələ internet mühitinin və elektron avadanlıqların olmasıdır.
Universitetlərdə oxuyan bir çox tələbənin kompüteri olamamağı bir yana, internet mühitinin də yoxluğu distant təhsildə bir nömrəli problem yaradır. Hazırda fors-major vəziyyətlə bağlı distant təhsilin könüllü keçirilməsi nə qədər təqdirəlayiq olsa da, tələbələrin bu təhsil prosesinə qoşulma imkanının olmaması o qədər ürəkaçan deyil. Belə ki, 30 nəfərlik bir qrupdan dərs zamanı maksimum 3 tələbə dərsə qatılır. Tələblərin çoxu səbəb kimi kompüterlərinin olmamasını, telefonla qoşulmaq üçün isə mobil internetlərinin olmamasını göstərirlər.
Digər məsələ isə dərslər könüllülük prinsipi əsasında keçirildiyi üçün hazır-qayıb mexanizminin olmamasıdır. Təbii ki, hazır-qayıb mexanizminin işləməsi üçün tələbələri internetlə təmin etmək şərti önə çıxır. Çünki qarşıda keçirilən dərslərinin imtahan edilmə mərhələsi durur.
Tələbə dərsdən xəbərsizdirsə, imtahanlar necə keçiriləcək?
ADA Universiteti, Texniki Universitet bu sistemə çoxdan keçdiyi üçün onların fors-major vəziyyətlərdə çətinlik çəkməsi kimi bir problem yoxdur. Hətta onların hazır-qayıb mexanizmi də işləyir və dərsə qoşulmayan tələbənin valideyni məlumatlandırılır.
Cebhe.info-ya açıqlamasında təhsil eksperti, millət vəkili Etibar Əliyev tələbələri dərsə cəlb etməyin yollarından danışıb:
“Mənim qarşılaşdığım təcrübədə təhsil sistemimizdə distant təhsilə keçmək istiqamətində bir sıra işlər görülmüşdü, maddi-texniki baza yaradılmışdı, müəllimlər təlimdən keçmiş və elektron kitabxanalar yaradılmışdı. Xüsusilə regionlarda yaşayan tələbələrdə bu problem ortaya çıxdı. Yəni internet, kompüter problemi kimi vəziyyət ortaya çıxdı. Bizim təhsil sistemi dünyanın bir çox ölkələrinin təhsil sistemi kimi fors-major vəziyyətə hazır deyildi və koronavirus da bizi bu məsələdə hazırlıqsız yaxaladı. Təhsil Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə internet məsələsində razılığa gəlməlidir ki, təhsilin fasiləsizliyini qoruya bilsinlər. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir tələbənin 40 dəqiqə ərzində keçdiyi dərsə müvafiq internet paketi verə bilər və tələbənin dərsə qoşulması tələb edilə bilər. Kompüterlərlə olmasa da, tələbə mobil telefonlar vasitəsilə dərsə qoşula bilər. Bu müvəqqəti çətinlikdə tələbələrin sosial birliyi də vacibdir. İmkanı olan tələbələr regionlarda yaşayan tələbələri dərs barədə məlumatlandırmaq üçün əlindən gələni etməlidir. Hesab edirəm ki, orta məktəblərdə hələlik mümkün olmasa da, ən azından ali məktəblərdə distant təhsilin normaya düşməsi üçün çox ciddi addımlar atılmalıdır.
Bu təcrübə İqtisad Universitetində, ADA-da var. Onların təcrübəsindən istifadə edə bilərlər. Burada tələbələrin maarifləndirilməsi də əsas şərtdir. Mən İqtisad Universitetində keçirilən bir neçə dərsi izlədim və gördüm ki, onlar bunun təbliğatını da yaxşı aparıblar. Hər dərsə 20 nəfərə qədər tələbə qoşulurdu. Universitetlərin elektron kitabxanaları varsa, geniş istifadə olunmalıdır”.
Millət vəkili imtahan məsələsinə də münasibət bildirib:
“Mən onlayn iclasların bir neçəsinə qoşuldum. Hələlik imtahanların yollarını müəyyənləşdirməkdə çətinlik yaranıb. Bunu elə etmək lazımdır ki, tələbələrdə narazılıq yaratmasın. Düşünürəm ki, yaranmış vəziyyət distant təhsildəki problemlərin üzə çıxmasına şərait yaratdı. Koronavirus problemi bitəndən sonra distant təhsil məsələsinin üzərində çox düşünmək lazımdır. Çünki qloballaşmanın və informasiya cəmiyyətinin özü bizə bunu təqdim edir. Bu prosesdən geri qalmaq elə təhsildə geri qalmaqdır. Düşünürəm ki, tələbələrə və müəllimlərə güzəştlər olunmalıdır. Bir də tələbələrin öz marağı da olmalıdır. Maarifçilik işini çox sürətləndirmək lazımdır”.