Axtarış...

Koronavirusun qəzet bazarına təsiri: - Jurnalistlər necə işləyir?



Dünyada koronavirus pandemiyasının yayılması bir çox sahələrdə ciddi dəyişikliklərə səbəb olub.

Azərbaycanda da əksər sahələrdə iş artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, eləcə də məhdudlaşdırıcı tədbirləri əsasında qurulur. Məqsəd isə virusun daha geniş vüsət almasını önləməkdir.

Belə günlərdə mətbuatın üzərinə daha böyük yük düşür. İşini daha gərgin şəraitdə görən mətbuat orqanları cəmiyyəti maarifləndirmək, operativ xəbərçilik baxımından həm də böyük sınaq qarşısındadır.

Amma mövcud reallıq kütləvi informasiya vasitələrinin fəaliyyətinə də təsirsiz ötüşmür.

Maraqlıdır, bu gərgin günlərdə media hansı sistemlə işləyir?

“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov koronavirus pandemiyasının KİV-in işinə təsirsiz ötüşmədiyini bildirib:

“Təbii ki, bizdən də yan ötmür. İnformasiyalar əsasən koronavirus xəbərləri üzərində qurulur, digər mövzular ikinci dərəcəyə keçir. Amma yenə də necə olsa, onlayn media karantin rejiminin tələbləri ilə işləyə bilir. Çap mediası isə ağır günlərini yaşayır. Çünki qəzetin iş rejimi fərqlidir. Karantin rejimində mətbəələr işləmir, qəzet satılan köşklər bağlıdır. Əməkdaşları redaksiyaya çağırmaq olmur. Bu virusun yayılmasından ən çox itirən sahələrdən biri də çap mediasıdır. Ümid edirik ki, hər şey gözəl olacaq və bu günlər arxada qalacaq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, məlum virus bütün digər sahələrdə olduğu kimi mediaya da neqativ təsir göstərib:

“Həyatın bütün sahələrində durğunluq yaranıb. Bu da öz növbəsində xəbər istehsalını azaldıb. Tədbirlər keçirilmir, hadisə yaranmır, gündəmdə koronavirusdan başqa mövzu yoxdur. Jurnalistlər üçün hərəkət məhdudiyyəti var. Əksəriyyət məsafədən çalışmaq məcburiyyətindədir. Çap mediası da koronavirusdan öz “nəsibini” alıb. Köşklər bağlanıb. Digər tərəfdən, vətəndaşın köşkdən qəzet alacağı da inandırıcı deyil. Hətta abunələrin çatdırılması ilə bağlı da problemlərin yaşanacağını düşünürəm. Koronavirusun yaratdığı iqtisadi problemlər onsuz da məhdud olan reklam bazarını daha da məhdudlaşdıracaq. Bütün bu neqativlərin fonunda pozitiv olan koronavirusa yoluxanların analizlərinin cavabı, bir də peşəkar medianın mövcud vəziyyətdə peşəkar davranışıdır”.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, koronavirusun bütün sahələrdə olduğu kimi KİV-in işinə təsirinin tam mənzərəsini görmək və təsvir etmək çətindir:

“Yəqin təhlükəli mərhələnin tam keçəndən sonra daha kamil və hərtərəfli təsəvvürlərimiz olacaq. İndi bunları demək olar ki, koronavirusun çap mediaya, saytlara və sosial şəbəkələrə təsiri müxtəlifdir. Zəruri rejim qaydaları ənənəvi çap mediasının fəaliyyət formalarında dəyişikliyi qaçılmaz edir. Əslində hələlik çap media buna uyğunlaşmaq zorunda qalaraq, özünün internet resurslarına, sayt, videoxəbər və televiziya variantlarına üstünlük verməklə, yeni inkişaf mərhələsinə keçid əsasları yaratmaqla yaranmış şəraitdən uğurla çıxır. Təbii ki, internet resursları zəif olan çap media qurumlarının müəyyən itkiləri olacaq. Çap mediada dəyişikliklərdən biri öz fəaliyyətinə daha fəal, operativlik elementləri daxil etməsidir. Sözsüz, yüksək peşəkarlığa söykənən vətənpərvərlik və dövlətçilik mövqeyini daha da gücləndirmək ənənəvi mediada özünü göstərən yeniliklərdən biridir”.

Aydın Quliyevin fikrincə, koronavirus KİV-lər üçün yeni mərhələnin əsasını qoyacaq:

“İnternet media resursları olan sayt, portal və agentliklər də dəyişikliklərə məruz qalır. Cəmiyyətin nəzərində dövlətçilk və vətənpərvərlik kontekstində sınaqdan yaxşı çıxan və çıxa bilməyən media qurumları var. Ümumən bir daha təsdiq olundu ki, formasından asılı olmayaraq, media Azərbaycanın dövlət və ictimai idarəçiliyində necə vacib, əhəmiyyətli və alternativsiz rola malikdir. Əgər media olmasaydı, bu günlərdə dövlət orqanları ilə cəmiyyətin arasında həmrəyliyi yarada biləcək başqa bir alternativ düşünmək sadəcə, mümkünsüz olardı. Medianın fəaliyyətinə subyektiv yanaşan bəzi dairələr bundan mütləq nəticə çıxaracaqlar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz