Dünya təcrübəsində dövlət televiziyaları ölkənin media siması hesab olunur. Qonşu ölkələrdən Türkiyə və Rusiya təcrübəsi bunun bariz nümunəsidir. TRT, “Rossia” kimi telekanallar peşəkarlığına və səviyyəsinə görə digər televiziyalar üçün baza rolunu oynayır. Könül istərdi ki, Azərbaycanın Dövlət Televiziyası haqda da bu sözləri deyə bilək. Lakin keçmişdən günümüzə qədər AzTV-nin pis mənada inkişafı susmağımıza səbəb olur.
Şübhəsiz ki, AzTV Azərbaycan televiziya məkanının lokomotivi olub və digər televiziyalar, eləcə də telejurnalistlər məhz dövlət televiziyasının bazasında formalaşıblar. Təəssüf ki, belə “qızıl dövr” haqqında yalnız keçmiş zamanda danışa bilərik. Bu gün AzTV Azərbaycan mediasının inkişafı ilə nə dərəcədə ayaqlaşa bilir, yaxud teleməkanın mövcud vəziyyətinə adekvatdırmı?!
Azərbaycan mediası, eləcə də milli mətbuatımızın üzərindəki qara buludların çəkilməyə başladığı uzun zaman olmayıb. Prezidentin köməkçisi vəzifəsində çalışan və medianı sözün əsl mənasında bazara çevirən Əli Həsənovun gedişi ilə üfüqdə günəş doğmağa başladı. Qısa zaman ərzində bütövlükdə mediada canlanma müşahidə olunur. Bunun ən bariz nümunələrindən biri İctimai Televiziyadır.
Mətbuatın canlanması, peşəkarlığın önünün açılmasına dair də onlarla nümunələr var. Hərçənd ki, AzTV-nin timsalında vəziyyət heç də ürəkaçan deyil. Media cameəsi haqlı olaraq düşünürdü ki, AzTV-nin adına yaraşmayan fəaliyyəti keçmiş sədr Arif Alışanovla bağlıdır. Çünki Arif Alışanovun dövlət televiziyasını gözdən saldığı məlumdur. Bu baxımdan yeni sədrin – Rövşən Məmmədovun gəlişindən sonra böyük ümidlərin yaranması təsadüfi deyildi. Bu ümidlər fonunda real vəziyyət təəssüf doğurur.
AzTV-nin üzərindəki qara buludlar keçmək bilmir...
AzTV-də rəhbər dəyişikliyi olsa da dövlət televiziyasının Əli Həsənovun nəzarətində qaldığı fikri hər keçən gün daha da güclənir. Doğrudur, Əli Həsənov artıq vəzifəsindən uzaqlaşdırılıb və ilk baxışda keçmiş köməkçinin dövlət televiziya ilə əlaqəsi olmamalıdır. Lakin bunu anlamaq üçün AzTV-nin verilişlərinə nəzər yetirmək kifayətdir.
Birincisi, bu televiziyanın bütün verilişlərini Əli Həsənovun trolluğunu edənlər, medianın hörmətdən düşməsində birbaşa iştirakçı olanlar bəzəyir. Hətta, Əli Həsənovun trolu olduğunu etiraf edən şəxslər həm “media eksperti”, həm “siyasi şərhçi”, həm də “sosioloq” kimi AzTV-nin efirində çıxışlar edir. Axı bir adam eyni vaxtda üç istiqamət üzrə necə mütəxəssis ola bilər?
Azərbaycanda o qədər ciddi mütəxəssislər var ki, onlar dövlət televiziyasının yaxınından belə keçə bilmirlər. Deməli, Əli Həsənovun trollarının AzTV-nin efirini zəbt etməsi televiziya rəhbərliyinin bağlantılarından qaynaqlanır. Bunu təsdiq edən daha bir nümunəyə diqqət yetirək.
Azərbaycan mediasının inkişafında əməyi keçmiş, məhz medianın inkişafına çalışdıqları üçün vaxtilə Əli Həsənovun hər cür təzyiqləri ilə üzləşmiş Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev kimi görkəmli ziyalılar niyə AzTV-yə dəvət olunmurlar?!
Əli Həsənovun trolunu “media eksperti”, “siyasi şərhçi”, “sosioloq” kimi təqdim edən dövlət televiziyası medianın inkişafı üçün külüng vuranlara niyə qapı açmır?!
Cavab məlumdur: Əli Həsənovun kölgəsi AzTV-nin üzərində qara bulud kimi çöküb və bitmək bilmir.
“Peşəkar media” adı üzərindən “hədələyici reketçilik...”
Bu gün dövlət televiziyasının bir sıra verilişləri nə dövlətin müdafiəsinə, nə də jurnalistika prinsiplərinə uyğun gəlmir. Misal üçün, son verilişlərindən birini “peşəkar media”ya həsr edən televiziyada aparıcılar AzTV-nin yarıtmaz fəaliyyətini tənqid edən media orqanlarını qaralamağa çalışır, haqqında məlumatlar yayılan sədrin müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar, verilişə dəvət olunan qonaqların çıxışlarına yersiz müdaxilələr edirlər. Bununla onlar jurnalistika prinsiplərini də tapladayaraq dəvət olunan qonaqları öz maraqlarına uyğun şəkildə yönləndirməyə çalışırlar.
Televiziyanın “peşəkar media”ya həsr olunmuş başqa bir verilişlərində isə reketçilik fəaliyyətinə görə vaxtilə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Əli Həsənova yaxın başqa bir şəxs qonaq qismində Azərbaycan mediasını “ağ günə” çıxarmaqdan dəm vurur. Belə nümunələr kifayət qədərdir, lakin bu nümunələri sadalamaq üçün AzTV-nin monotonluq yağan, keyfiyyətsiz verilişlərini bir-bir izləmək lazımdır ki, bunun üçün də gərək ən yaxşı halda zövqünü korlayasan. Halbuki, heç buna dəyməz...
Amma görünən budur ki, indi dövlət televiziyasının rəhbərliyi Azərbaycan dövlətinin media simasını da, milli jurnalistika prinsiplərini də şəxsi ambisiyaları naminə dəyər-dəyməzinə qurban verməkdədir.
Mediada Rövşən Məmmədovun dövlət vəsaitini mənimsəməsi, televiziya əməkdaşlarının əmək haqlarını kəsməsi barədə yayılan son məlumatlar yeni sədrin sələfi olan Arif Alışanovu unutdurmadığını göstərir. AzTV rəsmi qaydada bu məlumatları təkzib etdi, amma cəmi bir gün sonra televiziyanın 9 əməkdaşının işdən çıxarılması xəbəri suallar yaratdı.
Axı pandemiyanın yaratdığı çətinliklər fonunda işçiləri çıxarmaq nə dərəcədə doğru addım idi?
Prezident İlham Əliyevin göstərişi ilə pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əmək haqları qeyd-şərtsiz saxlanıldı və heç bir ixtisar baş vermədi. Bu çətinlikləri aradan qaldırmaq üçün 2,5 milyard manatdan çox dövlət dəstəyi paketi qəbul olundu.
Bəs dövlət büdcəsindən maliyyələşən dövlət televiziyası niyə 9 əməkdaşını işsiz, 9 ailəni çörəksiz qoyur?
Görünür, AzTV-nin yeni rəhbərliyi də dövlətin televiziyasını öz şəxsi mülkləri hesab etmək həvəsinə düşüb. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar paketində gənc kadrların önə çəkilməsi siyasətindən sui-istifadə halları da hiss olunur. AzTV-nin rəhbərliyi yaşca gənc ola bilər, amma televiziyanın mövcud vəziyyəti hələ də köhnə təfəkkürün hakim olduğunu deməyə əsas verir. Halbuki, cəmiyyətimiz AzTV-dən ən azı İTV nümunəsi gözləyir...
Vasif Həsənli
"Demokrat.az"