Mətbuatda yayılan xəbərə görə, koronavirus testi pozitiv çıxan bir qadın virusa “NARINC” Uşaq Psixologiya Mərkəzinin “Gənclik” filialında yoluxduğunu deyib. Son 25 gündə şəxsi avtomobili ilə yalnız mərkəzə gedib-gələn, oradan başqa heç bir yerə getmədiyini deyən xanım, mərkəzdə pandemiya ilə bağlı nəzarətsizlik və şəraitsizliyin olduğunu bildirib: “Mənə deyirlər, “siz ayrı yerdə də yoluxa bilərsiz”. Necə ola bilər? Hansı yerdə? Öz maşınımla həftənin 6 günü bu mərkəzə gedib-gəlmişəm. Anam-atam yaşlı insanlardır, onların evinə gedib-gəlmirdim, qorxurdum. Onlar sağlamdır, bircə mən virusa yoluxmuşam”.
Mərkəzdə sanitar qaydalara əməl olunmadığını deyən qadının sözlərinə görə, uşaqlarını gözləyən valideynlər maskasız, sosial məsafəni gözləmədən toplaşırlar: “Heç kimdən maska tələb olunmur. Qapıda hərarəti ölçən, əlləri dezinfeksiya edən işçi yoxdur. Övladımı orada masaj etdirirdim. Masaj otağı havasız, pəncərəsizdir, havalandırma sistemi işləmir”.
3 uşaq anası olduğu deyilən xanım açıqlamasında rəhbərliyi diqqətli olmağa, Mərkəzin həkimlərini müayinə etdirməyə səsləyib: “Mərkəzi bağlayıb dezinfeksiya etsinlər. Gərək, oraya gələnlərin yarısı yoluxsun? Bizə deyirlər, “şikayət etməyin, bura xəstə uşaqlar gəlir, mərkəzi bağlayarlar, günah olar”. Bəs, bu qədər uşağın, ananın ağır koronavirusla can çəkişməsi günah deyil? Mən elə o uşaqların ailəsini düşünüb bunu ictimaiyyətləşdirirəm. Mən yaşadım, siz yaşamayın. Bu, çox ağır xəstəlikdir”.
“NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova AYNA deyib ki, sözügedən məsələ barədə danışmaq istəmir: “Bu haqda danışmağa lüzum görmürəm. Əks halda özüm səhifəmizdən açıqlama yazardım”.
Hazırda işdə olduğunu vurğulayan N.Rüstəmova əlavə edib ki, rəhbərlik etdiyi Mərkəz tanınan yerdir və belə bir problem olsa, yoxlama aparılardı.
Qeyd edək ki, koronavirus testi pozitiv çıxan qadın hazırda “Atletlər kəndi”ndə xüsusi karantinə alınıb, uşaqları isə nənələrinin himayəsindədirlər.