“Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinə tamaşa edək”.
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, vaxtilə idmana, əyləncəyə və təhsilə də vaxt ayrılırdı:
“Uşaq hərtərəfli inkişaf edirdi. Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 8-dən axşam saat 10-a qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik. Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repetitor tutur, hətta “çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı da hansısa qərar qəbul etmək də lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur”.
Deputat qeyd edib ki, həmkarlarının yeni məktəblərin tikilməsi ilə bağlı fikirlərini dəstəkləyir: “Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-də 3 uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var. Bunun dünyada tətbiq forması var. Beş kəndin uşaqlarını yığıb avtobusla mərkəzə gətirmək olar. İndi biz Amerikadan o tərəfə keçməyəcəyik ki? İnkişaf etmiş dövlətlərdə də bu var. Belə etsək, nə qədər vəsaitə qənaət etmiş olarıq”. (unikal.org)