Rusiyanın Saratov vilayətində xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində Azərbaycan vətəndaşı aclıq edir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu şəxs zorlama və quldurluq cinayətlərinə görə 15 il həbs cəzası alıb. Həbs müddətini başa vurduqdan sonra onu Azərbaycana deportasiya etmək üçün xarici vətəndaşların Engelsdəki müvəqqəti saxlanma mərkəzinə yerləşdiriblər.
Məsələ bundadır ki, həmin şəxs Tofiq Həsənov kimliyi ilə tutulub və cəza çəkib. İndi isə deyir ki, əslində o Tofiq Həsənov deyil, Azər İsmayılovdur.
“Məni Tofiq Həsənov ad-soyadı altında saxlayırlar. Əslində isə mən həmin adam deyiləm. Sənədlərim var ki, mən Azər İsmayılovam. Bunu barmaq izləri də təsdiq edir. 11 gündür ki, aclıq edirəm. Halım pisdir. Münaqişə baş verdi, mənə qarşı güc tətbiq etməyə çalışdılar və aclığa başladım”-bu şəxs yerli informasiya portallarından birinə göndərdiyi müraciətində deyir.
İsmayılov, yaxud Həsənov deyir ki, onu bir ay əvvəl Engelsdəki 13 saylı həbsxanadan çıxarıblar və mərkəzə yerləşdiriblər. “15 il məni Həsənov kimi saxlayıblar, sonra deportasiyam barədə sənədlər tərtib ediblər. Hazırda mənim əlimdə Azərbaycandan kağız var ki, onlarda Tofiq Həsənov adında belə adam yoxdur”-bu şəxs bildirir.
İsmayılov, yaxud Həsənov deyir ki, 15 il həbsxana cəzasından sonra nəhayət azadlığa çıxıb rahat nəfəs alacağını düşünürdü. Amma imkan verməyiblər. “Mən öz adıma və familiyama vərdiş edə bilmirəm, onlar buna imkan vermirlər”-o deyir.
Azərbaycan vətəndaşı iddia edir ki, onun mülki nigahlı arvadı və iki yaşlı uşağı var. Uşaq o həbsxanada olanda dünyaya gəlib. “Prokurora, insan haqları üzrə müvəkkilə demişəm ki, mən Həsənov deyiləm. Hamı təəcüblənir ki, bu necə ola bilər? Amma barmaq izlərim bunu təsdiq edir. Mən əvvəl Moskvada, Butırsk təcridxanasında oturmuşam, əvvəl bir iş üzrə, sonra o biri. Əvvəl bir familiya altında, sonra digər familiya”-o bildirir.
Şəxs bildirir ki,əlində doğum haqda şəhadətnaməsi, 1994-cü ildə Azərbaycanın verdiyi köhnə SSRİ nümunəli pasportu var. Sonra orduya gedib, qayıdanda Moskvaya yolanıb. 2000-ci ildə oğurluq maddəsi ilə tutulub. Daha sonra başqa familiya altında zorlama ittihamı ilə cəza alıb.
Mərkəzin rəhbəri Aleksandr Safonov isə şəxsin iddiası ilə bağlı deyir ki, Tofiq Həsənov adlı adam həqiqətən onlarda saxlanılır. “15 il içəridə oturub, amma bu haqda düşünməyib ki, başqa ad altında oturur? Məhkəmənin qərarı ilə barəsində deportasiya qərarı seçiləndə bu yadına düşüb? Çünki vətəninə getmək istəmir. Bu gün o məhkəmə qərarı ilə mərkəzdə saxlanılır, hər şey rəsmi və qanunidir. İşini araşdırırlar, prokurorluqdan, daxili təhlükəsizlikdən gəliblər. Hər şey qanunidir”-o bildirib.