Axtarış...

«Guya bu vəzifəli şəxslər öz hesablarına məzuniyyət götürüblər» - QALMAQAL

«Guya bu vəzifəli şəxslər öz hesablarına məzuniyyət götürüblər» - QALMAQAL

77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış 4 namizədin seçki prosesinin gedişindən narazı qaldıqları bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumatı həmin dairədən namizədliyi qeydə alınmış, müxalifətdə olan Müsavat Partiyasının üzvü Tarif Əliyev verib. O qeyd edib ki, dairədə 15 nəfər seçki marafonunu davam etdirir.

T.Əliyevin sözlərinə görə, özü daxil olmaqla, 4 namizəd qanun pozuntusu ilə bağlı dairə seçki komissiyasına (DSK) müraciət edib:

«Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Rəşad Mahmudovun təşviqatında inzibati resurslardan istifadə edilib. O, özünün Facebook səhifəsində keçirdiyi tədbirdən şəkillər yerləşdirib. Həmin şəkillərdə olan adamları özünün vəkili kimi təqdim edir.

Həmin adamlardan bəziləri Astara rayon İcra Hakimiyyətində vəzifə daşıyır, kitabxananın, təhsil şöbəsinin müdirləridir və, eyni zamanda, müxtəlif idarələrdə işləyən rəhbər şəxslərdir. Müşahidələrimiz göstərir ki, onlar iş başındadırlar. Seçkidə səlahiyyətlərindən istifadə edirlər. Bu, seçki qanununun kobud sürətdə pozulmasıdır. Vəzifəli adamların YAP nümayəndəsinin ətrafında birləşməsi seçkinin nəticələrini şübhə altına ala bilər. Mən bunu psixoloji cəhətdən seçiciyə təzyiq kimi qiymətləndirirəm. DSK-ya şikayət vermişdik. Onlar gülməli cavab veriblər. Biz məsələni qaldırandan sonra sənədləşmə gedib. Guya bu vəzifəli şəxslər öz hesablarına məzuniyyət götürüblər. DSK-nın qərarı ilə razı deyilik. Mərkəzi Seçki Komissiyasına (MSK) bu qərardan şikayət vermişik».

Onun sözlərinə görə, indi MSK-nın cavabını gözləyirlər: «Cavab bizi təmin etməsə, növbəti addım atılacaq»

77 saylı Astara dairə seçki komissiyasının həmin şikayətlə bağlı qəbul olunan qərardan: «77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər Bağırov Rövşən Tofiq oğlunun, Həsənov Rəşad Əlövsət oğlunun, Əliyev Tarif Vəli oğlunun, Əliyev Nurməmməd Mirhüseyn oğlunun müraciətləri əsassız olduğundan təmin edilməsin».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov YAP-ın namizədinin vəkilləri arasında onların da işçilərinin olduğunu təsdiq edir. Lakin o, bunu qanun pozuntusu hesab etmir:

«Seçki Məcəlləsi var. Yeni Azərbaycan Partiyası öz namizədini veribsə, o, partiyanın səlahiyyətli nümayəndəsi də olur. Bu səlahiyyətli nümayəndə də var. Partiyanın şura üzvləri və digər üzvlər namizədə vəkillik edə bilərlər. Qanunda da göstərilir ki, vəkillərin sayı 10 nəfərə kimi ola bilər. Onlar da bununla bağlı həm MSK-ya, həm də DSK-ya müraciət ediblər. Belə olduqda, vəzifəli şəxslər işlədikləri yerdə öz hesablarına məzuniyyət götürürlər. Onlar da götürüblər. Bunun üçün MSK, DSK var. Qoy araşdırsınlar, bu, nə qədər qanunudur. İcra aparatı seçkilərə müdaxilə etmir...».

A.Mahmudov YAP-ın namizədi R.Mahmudovun qardaşıdır.

Bütün bu şikayətlə bağlı R.Mahmudovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Amma onun vəkili Muxtar Şiriyev deyib ki, burda qanun pozuntusu yoxdur: «Qanunda var ki, vəkil olmaq istəyən şəxs vəzifədən kənarlaşdırılmaqla seçkidə iştirak edə bilər. Ona vəkil olmuş şəxslərin hamısı YAP-ın üzvləridir. Doktor Rəşad Mahmudov YAP-ın namizədidir. Vəzifədə olan vəkilləri öz hesablarına məzuniyyət götürüblər. Orada təxminən 3-4 nəfər vəzifəlidir. Qanun buna icazə verir. Əgər onlar vəzifədə qalsaydılar, bu, qanunazidd olardı».

77 saylı DSK-nın sədri Hikmət Əkbərov da verdikləri qərarla bağlı bunları deyib: «Komissiya ərizələrdə göstərilən faktları diqqətlə yoxlayıb. O vəzifəli şəxslərin adlarını çəkirlər, onların öz hesablarına məzuniyyətə çıxdıqları barədə ərizələri var. Qərardan narazıdırlarsa, MSK-ya şikayət verə bilərlər».

Məsələyə, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz