Axtarış...

NAMİZƏDLƏRİN QARŞIDURMASI YAŞANAN ƏSAS 3 DAİRƏ - GƏLİŞMƏ

NAMİZƏDLƏRİN QARŞIDURMASI YAŞANAN ƏSAS 3 DAİRƏ - GƏLİŞMƏ

Seçki kampaniyasının ilk həftəsi geridə qaldı. İnternet resurslarından, sosial şəbəkələrdən müşahidə etdiyimizə görə, ötən müddətdə namizədlər əsasən sayt və sosial şəbəklərdə tanıdıcı reklamlar yerləşdirib və seçicilərlə görüşlər keçiriblər. Ümumən seçki atmosferi sakit olsa da, bir neçə dairədə əsas namizədlər arasında gərginlik artıq üzə çıxıb, bəzi hallarda hətta qarşıdurma həddinə çatıb.

Ölkənin gündəminə çevrilən baş redaktor - partiya sədri toqquşması

Şübhəsiz ki, hələlik ən gərgin mübarizə 14 namizədin olduğu 35 saylı Xətai ikinci Seçki Dairəsində müşahidə olunmaqdadır. Bu dairədə ciddi rəqabət iki namizəd arasında gedir - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədi İqbal Ağazadə. Onlar arasında rəqabəti istər internet platformalarında, media resurslarında, istərsə də dairə ərazisində görmək olar. Hər iki namizədin tərəfdarları sosial şəbəkələrdə və saytlarda keçirilən onlayn sorğularda hədsiz aktivlik nümayiş etdirirlər. Seçki qərargahlarının dolub-daşan toplantıları, əhali qrupları ilə intensiv görüşlər bu rəqabətin yalnız görünən hissələridir.

Qarşılıqlı ittihamlar, çağırışlar, bəzən açıq müstəviyə keçən toqquşmalar bu dairədə qalibin çox asanlıqla müəyyən olunmayacağından xəbər verir. Baxmayaraq ki, əksər müşahidəçilər müəyyən faktorları, o sıradan R.Arifoğlunun təbliğat işindəki üstünlüyünü və hakimiyyətin gizli dəstəyini önə çəkərək, 35 saylı dairədən mandatı baş redaktorun qazanacağını proqnozlaşdırırlar.

Nigar Arpadarai- Bəxtiyar Hacıyev “dueli”

Media və sosial şəbəkələrdə əsas namizədlərin qarşılıqlı ittihamları formasında gərginliyin müşahidə olunduğu seçki dairələrindən biri də 29 saylı Səbail Seçki Dairəsidir. Burda əsas rəqabət Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və İctimai Əlaqələr Şöbəsinin rəhbəri Nigar Arpadari ilə Harvard Universitetinin məzunu, tanınmış ictimai fəal, blogger Bəxtiyar Hacıyev arasında gedir. Ehtimal olunur ki, N.Arpadarai hakimiyyətin bu dairədəki əsas namizədidir.

Bəxtiyar Hacıyev rəqbini debata dəvət etsə də, rədd cavabı alıb. Üstəlik, N.Arpadarai onu rəqib görmədiyini, bu səbəbdən debata ehtiyac duymadığını deyib.

B.Hacıyev isə onun açıqlamasına kəskin reaksiya verib. Rəqibini dairədə yaşayan əhalinin sosial vəziyyətindən, problemlərindən məlumatsız olmaqda, ötən il intihar edən məktəbli Elina Hacıyeva ilə bağlı problemə biganə qalmaqda suçlayıb. Rəqiblər arasında “söz atışması” davam edir və seçki günü yaxınlaşdıqca, güman ki, daha da sərt üslüba keçid alacaq.

Partiya liderləri bu dairədə “döyüşür”

15 saylı Yasamal birinci Seçki Dairəsində də gərgin ab-hava var. Bu dairədə iki tanınmış partiya sədri - Müsavat başqanı Arif Hacılı və ADP sədri Sərdar Cəlaloğlu müxalifət cəbhəsindən, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, hazırki deputat Ülvi Quliyev isə hakimiyyət cəbhəsindən əsas namizəddir. Şübhə yoxdur ki, bu dairədə rəqabatə bu “üçlük” arasında gedəcək.

Bu günə qədər ADP-yə yaxın mətbuat orqanlarında Arif Hacılının 15 saylı dairədən namizəd olması kəskin tənqid olunub. Müsavat başqanının bu addımı hakimiyyətin maraqlarına uyğun olaraq atdığı iddia olunub. Qarşı tərəfdən də bu iddialara cavab verilib. Beləliklə, daha böyük qarşıdurma üçün zəmin hazırdır.

Qeyd edək ki, hər iki müxalifət liderinin tərəfdarları mütəmadi olaraq hakimiyyətin namizədi Ülvi Quliyevə qarşı da hücumlar edirlər.

“AzPolitika”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz