Rusiyalı politoloq “kartları” açdı: “Lavrovun populyarlığı Putinin xoşuna gəlməyəcək...”
“Hakimiyyət transferi nəticəsində prezident daha nominal fiqur olacaq, ölkəni isə Putin, amma başqa vəzifədən idarə edəcək. Bütün bunlarla bərabər, Rusiyanı inflyasiya, xarici valyutanın dövriyyədən çıxarılması, eləcə də investisiyanın qaçışı gözləyir. Beynəlxalq sahədə Kreml çalışacaq ki, SSRİ-nin təsir zonasında olan ölkələri geri qaytarsın”.
Bu sözləri “Apostrof” saytına müsahibəsində rusiyalı politoloq Dmitri Oreşkin deyib (Axar.az).
“Putin böyük ehtimalla partiyanın mərkəzi komitəsi və onun tabeliyində olan müxtəlif subordinasiyalı komitələrin olduğu sovet modelini təkrarlayır. Partiya rəhbərinin qəbul etdiyi qərar dərhal aşağılara qədər çatdırılır, oradan icra edilirdi. Bu, müharibənin tətbiqi üçün uğurlu ideyadırsa, ərazinin inkişafı üçün çox uğursuzdur. Putinin öz klanındakı adamların zənginləşməsi üçün Rusiyadakı mövcud sistemi dəstəklədiyini düşünmək yanlışdır. Böyük ehtimalla, hər şey tam əksinədir. Xüsusi xidmət orqanlarından olan insan kimi o, yəqin ki, səmimi qəlbdən öz missiyasının SSRİ-nin hegemoniyasını geri qaytarmaq, iqtisadi əsasları yaxşılaşdırmaq, kommunizmin səhvlərini ortadan qaldırmaqdan ibarət olduğuna inanır. Mövcud gücü saxlamaq və inkişaf etdirmək üçün aparıcı oyunçuların loyallığı təmin edilməldir. Stalin bu loyallığı qorxu ilə təmin edirdi, Putin isə bunu satın alır. Hazırda regional, güc, media elitalarının loyallığını satın almaq lazımdır. Hətta biznes elitalara yağlı tikə götürməyə imkan verilir, əvəzində onlar rejimi dəstəkləyirlər. Çayek, Rottenberq, Timçenko kimilərin hər cür korrupsiya rentası hədəf deyil, Putin ətrafında güclü oyunçuların loyallığının təminatı üçün alətdir”, - Oreşkin məqaləsində bildirib.
Oreşkin Medvedyevin hazırda ağır məğlubiyyətə düçar olduğunu söyləyib. Politoloq yeni baş nazir Mixail Mişustinin təyinatı məsələsinin əvvəlcədən hazırlandığını da qeyd edib: “Mişustin iqtisadçı deyil və bu sferadakı xüsusi nailiyyəti ilə seçilməyib. O, sadəcə, icraçıdır. Zamanında o gömrükə, vergilərə cavabdeh olub və ona tapşırılan əmrləri dəqiq yerinə yetirib. O, Putindən asılı olan effektiv menecer olacaq. Sergey Lavrov və Sergey Şoyqu iki önəmli nazirdir. Əgər onlar hansısa səbəbdən Putinin xoşuna gəlmirsə, o, onları da dəyişdirəcək. Ümumilikdə Putin qapalı insandır. Onu hansısa formada təəssüfləndirmək çox asandır. Lavrov və Şoyqu populyarlıqlarına görə Putindən sonra 2-ci və 3-cü yerlərdə dayanırlar və bu onun xoşuna gəlməyəcək. Putin güclü adamdır və xoşuna gəlmədiklərini sadəcə yox edə bilər.
Medvedyevin komandası Avropa sisteminə daha çox yönəlmişdi, oyun qaydalarına əməl etməklə rəqabət üçün bəzi tədbirlər görürdü. Mişustinə gəlincə isə o, Putinin yeni dövlət layihələri üçün iqtisadiyyatda pul sıxmağa çalışacaq. Çap maşını işə salınacaq, dövlət xalqa maaşı ödəmək üçün pul çap edəcək. İnsanların əllərindəki pullar ucuzlaşacaq. Rəqib valyutalar süni olaraq dövriyyədən çıxarılaraq, etibarlı valyutalarla əvəz ediləcək. Yəni Putinin qəlbində darıxdığı menecmentliyin sovet modelinə yumşaq, hibrid dönüş yaşanacaq. Bunun nəticələri kədərli olacaq, ona görə iqtisadiyyat belə işləmir".
Oreşkin Rusiyanın yaxın zamanlarda Putinə olan inamsızlıq ucbatından investisiya cəlb etməkdə çətinlik çəkəcəyini də yazıb. O, Putinin hazırkı situasiyada əsas vəzifəsinin Qərbi sakitləşdirməkdən ibarət olduğunu deyib. Politoloq Moskvanın hələlik daxili problemlərini həll etməyə çalışacağını söyləyib. Bununla belə, Oreşkin reformalar vasitəsilə Putinin hakimiyyətinin yaxın zamanlarda dağılacağına inanmadığını yazıb.
Siyasət şöbəsi