9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində 57 saylı Kürdəmir Seçki Dairəsində kuryoz vəziyyət yaranıb.
Seçki prosesində yanvarın 10-da namizədlərin irəli sürülməsi mərhələsinin yekunlaşmasından sonra bir sıra dairələrdə namizədlərlə bağlı çox maraqlı situasiyanın yarandığı müşahidə olunur.
Müəyyən dairələrdə müxalifət düşərgəsinə mənsub namizədlərin “toqquşması” ilə yanaşı, eyni zamanda, hakimiyyətyönlü düşərgəyə aid müəyyən şəxslərin də “seçki dueli”ndə tərəf olduqları ortaya çıxıb.
Çox təəccüblüdür ki, hətta ötən çağırışlarda Milli Məclisə üzv seçilmiş bəzi sabiq deputatlar mandat aldıqları dairədən öz övladlarının namizədliyini irəli sürərək, “varislik” zənciriri qırılmamasına cəhd göstərirlər.
Bu sırada daha qabarıq nəzərə çarpan dairələrdən biri də 57 saylı Kürdəmir Seçki Dairəsidir. Həmin dairədən irəli sürülən və rəsmən qeydə alınan namizədlərin siyahısına baxdıqda, vəziyyətin mürəkkəbliyi açıq görünür.
“57”də nəzərə çarpan əsas məqam 2005 və 2010-cu illərdə həmin dairədən deputat seçilmiş “Debütbank”ın sahibi Fərhad Qəribovun bu seçkilərdə oğlu Rəşadı irəli verməsidir. Bəli, söhbət Tiflisdə kazinoda 270 min dollar uduzduğuna dair məlumat yayılan Fərhad Qəribovdan gedir.
Onun oğlu və “mandat” varisi Rəşad Qəribov da qalmaqallarına görə atasından geri qalmır. “Debütbank” Müşahidə Şurasının sədri olmuş Rəşad Qəribov bir neçə il əvvəl 14 milyon manat məbləğində mənimsəmə ittihamı ilə Emin Əmirov adlı şəxsə qarşı məhkəmə iddiası qaldırmışdı. Lakin Əmirov deputat oğlunun iddialarını rədd edərək, Qəribovdan cəmi 4 milyon manat aldığını və onu da artıqlaması ilə qaytardığını bildirmişdi.
Rəşadın adının hallandığı daha bir qalmaqal isə vergidən yayınmaq ittihamı ilə 2018-ci ilin dekabrında onun barəsində cinayət işinin açılmasıdır. Lakin çox qəribədir ki, Vergilər Nazirliyinin təqdimatı ilə açılan cinayət işinə məhkəmə tərəfindən xitam verilib. Ancaq Nazirliyin apellyasiya və kassasiya şikayətinə baxmayaraq, müvafiq məhkəmələr Rəşadı məsuliyyətdən kənarda saxlayıblar. Budur, “dosye”si kifayət qədər “zəngin”olan Rəşad deputatlıq iddiasındadır.
57 saylı dairədə tragikomediya bununla bitmir. 9 fevral seçkilərində YAP həmin dairədən Fərhad Qəribovun əmisi oğlu Nizami Qəribovun namizədliyini irəli sürüb. Məsələ ondadır ki, Fərhad Qəribovun mandat aldığı 2005-ci il seçkilərində də əsas rəqibi YAP-ın o zaman da rəsmi namizədi olmuş Nizami Qəribov idi. Həmin seçkilərdə F.Qəribovun keçmiş qudası Ərəstun Cavadovun da dəstəyi ilə əmisi oğluna qarşı mübarizə aparsa da, 2015-ci il seçkilərində növbəti dəfə formal namizəd kimi irəli sürüldü və 1980-ci il təvəllüdlü Müslüm Məmmədova uduzduruldu.
Əvvəlki düşmənçiliyin də qalmadığı üçün hesab olunur ki, YAP 2005-ci ildə ataya qurban verdiyi namizədini 2020-ci ildə övlada yem etməyi qərarlaşdırıb.
Mövzunu davam etdirəcəyik./Secki.net/