Hazırda 1324 nəfər namizəd seçkilərdə qələbə qazanmaq uğrunda mübarizə aparır
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 1414 nəfərin namizədliyi qeydə alınıb. Lakin 95 nəfər namizəd mübarizəni yarımçıq dayandırıb və hazırda seçkilərdə qələbə qazanmaq üçün mübarizə aparan namizədlərin sayı 1324 nəfərdir. Ümumilikdə 19 siyasi partiya seçkilərdə mübarizə aparır.
AYNA namizədlərin cinsi, peşəsi, siyasi mənsubiyyəti və digər parametrlər üzrə, Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatları əsasında kiçik araşdırma aparıb. Beləliklə:
Deputatlığa namizədlərin 299 nəfəri qadındır. Deputatlığa namizəd kişilərin sayı isə 1025 nəfərdir.
Seçkilərdə namizədliyini irəli sürməyən hazırkı deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə digər partiyaların sədrləridir. Parlamentin buraxılmasına səs verən deputatlardan 94 nəfəri yenidən öz namizədliyini irəli sürüb.
Deputat olmaq istəyənlərdən 1183 nəfəri namizədliyini öz təşəbbüsü ilə irəli sürsə də, 9 nəfər seçicilərin təşəbbüs qrupu tərəfindən mübarizəyə qoşulub.
Digər namizədlər isə müxtəlif partiyaların nümayəndələri olaraq seçkilərdə təmsil olunurlar. Hər zaman olduğu kimi bu dəfə də partiyalar arasında ən çox namizəd hakim Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur. Belə ki, hakim partiya 125 dairədən 123-dən öz namizədlərini irəli sürüb.
Yerdə qalan 18 partiya arasında ən çox namizəd Müsavat Partiyasına (MP) aiddir. MP müxtəlif dairələrə 28 nəfər partiya üzvünün namizədliyini irəli sürüb.
Digər partiyalara gəlincə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) 23, Ümid Partiyasından 18, ictimaiyyət arasında daha çox Ağ Partiya kimi tanınan Vahid Azərbaycan Partiyasından (VAP) 11, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 9, Ana Vətən Partiyasından (AVP) və Azərbaycan Demokrat Partiyasından (ADP) 8, Milli Dirçəliş Hərəkatı Partiyasından (MDHP) 7, Müasir Müsavat Partiyasından (MMP) 5, Böyük Quruluş Partiyasından (BQP) və Demokratik İslahatlar Partiyasından (DİP) 3 nəfər namizəd irəli sürülüb.
Bununla yanaşı, Bütöv Azərbaycan Partiyası (BAP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azərbaycan Liberal Demokratlar Partiyası (ALDP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Vəhdət Partiyası (VP) və Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) hər birindən bir nəfər qeydə alınmış namizəd var.
Mübarizəsini davam etdirən 1324 nəfərdən 241-i müxtəlif universitet, məktəb və digər təhsil ocaqlarında fəaliyyət göstərir. Səhiyyə sahəsini təmsil edən namizədlərin sayı isə 45 nəfərdir.
Bundan əlavə, paramentdə təmsil olunmaq istəyən namizədlər arasında peşə fəaliyyətlərinə son verənlər də var. Belə ki, 56 nəfər pensiyaçı deputat olmaq arzusundadır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçiləri və professorları da karyeralarında yeni səhifə açmaq istəyənlərdəndir. Onların sayı 20 nəfər təşkil edir.
Qeydə alınmış namizədlər içərisində diqqət çəkən məqamlardan biri də, ümumiyyətlə heç bir yerdə işləməyən şəxslərdir ki, onların sayı, nə az-nə çox, 285 nəfərdir. Yəqin ki, onlar parlamentə düşməklə “işsizliyin daşını atmaq” niyyətindədirlər.
9 fevrala təyin olunmuş növbədənkənar seçkilərə qoşulanlar arasında vəkillərə, hüquqşünaslara da rast gəlinir. Bu peşələri təmsil edən 43 nəfər ciddi cəhdlə təbliğat və təşviqat kampaniyası aparır.
Bundan başqa, namizədlər arasında “ASAN xidmət” mərkəzlərində (1 nəfər), inşaat sektorunda (9 nəfər), QHT sahəsində (48 nəfər) və fərdi əmək sahələrində (102 nəfər) fəaliyyət göstərənlər də var.
1324 namizədin arasında müxtəlif kütləvi informasiya vasitələrində (KİV) çalışanlara rast gəlmək olar. Belə ki, 71 nəfər jurnalist deputat olmaq arzusundadır.
Parlamentdə təmsil olunmaq istəyənlər arasında özəl sektorda çalışan 175 nəfər var. 39 nəfər namizəd isə müxtəlif partiyalarda fəaliyyətlərini davam etdirir.
Teatrlarda işləyən 4 nəfər, ictimai fəaliyyət göstərən 2 nəfər, mühafizəçi kimi çalışan 1 nəfər, idman cameəsini təmsil edən 5 nəfər, müstəqil ekspert kimi fəaliyyət göstərən 3 nəfər, bank sahəsində çalışan 5 nəfər, Atatürk Mərkəzində işləyən 1 nəfər və Azərbaycan Yazıçılar Birliyində çalışan 1 nəfər də namizədlər arasındadır.
Deputat olmaq istəyənlərin 162 nəfəri müxtəlif dövlət orqanlarında işləyir. Bununla yanaşı, 5 nəfər universitet tələbəsi də Milli Məclisə düşmək niyyətindədir.
Qeyd edək ki, fevral ayının 8-də namizədlər üçün ayrılmış təbliğat və təşviqat kampaniyasına yekun vurulacaq və bir gün sonra parlament seçkiləri keçiriləcək.