Ölkədə çox əhəmiyyətli geosiyasi situasiya yaranıb və bu, ələlxüsus da Azərbaycanda keçirilən genişmiqyaslı islahatlarla əlaqədardır.
Bu sözləri politoloq Tofiq Abbasov YAP Siyasi Şurasının Milli Məclisin buraxılması üçün deputatlarını geri çəkməsi və Prezident İlham Əliyevə müracitə ünvanlaması barədə məlumatı şərh edərkən deyib. O bildirib ki, ölkədə bütün sahələri əhatə edən yeniliklər həyata keçirilir və belə olduqda əlbəttə ki, instutisional, struktur dəyişiklikləri qaçılmaz olur:
“Əgər ölkədə hakim partiya olan Yeni Azərbaycan Partiyası belə bir zərurəti vacib sayırsa, deməli, bu ondan irəli gəlir ki, tələblərdən doğan vacib dəyişikliklər edilməlidir. Söhbət ilk növbədə hazır konfiqurasiyalardan, modellərdən gedir ki, qarşıdan gələn dövrün tələblərinə uyğun olsun, həm də ölkənin aparıcı intellektual qüvvələri bütün proseslərin öhdəsindən gəlsin. Bu baxımdan elə hesab edirəm ki, YAP-da təmsil olunmuş qüvvələr və ümumiyyətlə, partiyanın özünün mövqeyi çox adekvat və praqmatik mövqedir”.
Politoloqun sözlərinə görə, YAP həm də qarşıdan gələn dövrü proqnozlaşdırmaq imkanlarına malikdir:
“Ona görə də hesab edirəm ki, bu, həm də gələcəklə bağlı planlarımıza cavab verən məsələdir.
Milli Məclis buraxılıbsa, deməli, növbədənkənar parlament seçkiləri keçirilməli, yeni parlament formalaşmalıdır. Yeni parlamentdə Prezident İlham Əliyevin dediyi insan kapitalı daha mükəmməl bir formada təmsil olunmalıdır. Fikrimcə, bu, ölkə atmosferində islahat ruhuna cavab verən bir məsələdir”.
Qeyd edək ki, az öncə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Baş nazir Əli Əsədovun iştirakı ilə toplantısı keçirilib. Toplantıda YAP SŞ-nin deputatlarını parlamentdən geri çəkdiyi və MM-in buraxılması üçün Prezident İlham Əliyevə müraciət qəbul etdiyi bildirilir.
YAP SŞ-nın qərarı hələlik rəsmən açıqlanmayıb. (Axar.az)