Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti jurnalistləri də dilə gətirib. Yenicag.az xəbər verir ki, Qarabağ qazisi, “Vətəninfo.az” saytının baş redaktoru bu barədə ölkə rəhbərliyinə müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanan və sosial mediada qısa zamanda ciddi dəstək alan müraciəti ixtisarla təqdim edirik:
“Cənab Prezident, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan gedən döyüşlərdə yaralanaraq qazi olan, eyni zamanda Veteninfo.az İA-nın baş redaktoru olaraq, bildirirəm ki, Bakı şəhəri, Salyan yolu 22 ünvanda yerləşən və sizin təşəbbüsünüzlə inşa edilən Jurnalistlər binası sakinləri Bakı Nəqliyyat Agentliyinin yaratmış olduğu qanunsuz əməlin qurbanına çevrilib”.
N.Canbaxışlı müraciətində qeyd edib ki, bu istiqamətə yalnız bir marşrut gəlir: “28 may-Lökbatan istiqamətində hərəkət edən 125 saylı avtobus 28 maydan hərəkətə başladıqdan sonra 20-ci sahədən birbaşa son dayanacağına hərəkət edir”. Jurnalistin sözlərinə görə, 28 may-Lökbatan üçün nəzərdə tutulan ödəniş çox qısa məsafə olsa da, Jurnalist Binası dayanacağında enən sərnişinlərdən də tutulur: “Bu da BNA-nin qanunsuz şəkildə cibimizə girməsidir”.
Nahid Canbaxışlı ölkə rəhbərliyindən BNA-nın bu qanunsuzluğuna son qoyulması və bu ərazidə yaşayan insanların şəhər nəqliyyatından normal istifadəsi üçün köməklik göstərməsini xahiş edib.
Jurnalistin bu müraciətinə Jurnalist Binaıarında yaşayan həmkarları dəstək verib.
Jurnalist həmkarının müraciətinə həmrəy olan Elçin Bayramlı qeyd edib ki, “BNA sistemi elə qurub ki bir yerdən digər yerə azı 2 marşrut dəyişməlisən. Yağışda, küləkdə, palçıqda avtobusa minmək üçün qoca xəstə qadın-uşaq yarım kilometr yol getməlidir. Necə olur ki, ən ucqar kənd və qəsəbələrə marşrut işləyir, amma paytaxtın əsas girişi mərkəzə gedən yolda bircə marşrut da işləmir. Belə bir hala dünya tarixində rast gəlinməyib. Demək bu qəsdən edilən təxribatdır”.