İşğalçı Ermənistan Azərbaycanın Qarabağ torpaqlarının ilhaqına nail olmaq, status-kvonu qoruyub-saxlamaq üçün növbəti sərsəm bəyanatlarını tirajlamaqda davam edir. Erməni mətbuatı son zamanlar davamlı şəkildə Qars və Moskva müqavilələrindən bəhs edərək, bu müqavilələrin ləğv olunması “zərurəti”ndən dəm vurur.
“Yeni Müsavat” xəbər verir ki, düşmən ölkənin media orqanlarından daha biri bu mövzuya müraciət edərək absurd iddialara geniş yer ayırıb. Xəstə təxəyyülün məhsulu olan yazıda 16 mart 1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanan Moskva müqaviləsində əksini tapan razılaşmalardan bəhs olunur. Ardınca da iddia olunur ki, müqavilə nəticəsində “erməni torpaqları” parçalanıb. Hətta o da iddia olunur ki, 1921-23-cü illərdə Rusiya və Türkiyə qüvvələri bir yerdə “Qərbi Ermənistan”da (? - red.) genosidi davam etdiriblər və nəticədə 300 min nəfər öldürülüb, 500 min erməni isə Rusiyaya deportasiya edilib. Xəstə müəllif ardınca yazır ki, bu danışıqların nəticəsində Qars, Ərdahan, Ağrı Türkiyəyə, Batum Gürcüstana, Naxçıvan isə Azərbaycana “verildi”. “Böyük Emənistan” yaratmaq üçün bir əsrdir alışıb-yanan erməni ideoloqları Qafqaz regionunda tarix boyu olmayan Ermənistan barədə düşünməkdənsə, utanmazcasına “erməni torpaqlarından” qonşu ölkələrə “verilməsindən” bəhs edirlər.
Bu həyasız erməni müəllifləri heç olmasa, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı qondarma dövlətin yaradılmasını, qədim Azərbaycan şəhəri İrəvanın paytaxt kimi verilməsini də “yaddan çıxarırlar”. Təbii ki, ermənilərə tarixi həqiqətlər gərək deyil, onların oynamaq istədiyi başqa hava var. Əgər belə olmasaydı, ermənilər “soyqırım”da ittiham etmələrinin qarşılığında onlara təklif edildiyi kimi, Osmanlı arxivlərinin birgə araşdırılmasına razı olardılar.
Bu mənada ermənilər Qars və Moskva müqavilələrinin 100 illiyindən bəhs edərkən də razılaşmaların mahiyyətindən kənar davranış nümayiş etdirirlər. Söhbət 100 illikdən gedirsə, o halda gərək Azərbaycan da 102 il əvvəl Emənistana məcburiyyət qarşılığında verilmiş İrəvanın geri qaytarılmasını tələb etsin. Ermənistan dövləti 9 min kv.km-lik Azərbaycan ərazilərində yaradılmışdı. Ancaq sonrakı dönəmlərdə Zəngəzurun və digər ərazilərimizin sovetlər tərəfindən Ermənistana pay verilməsi nəticəsində bədnam qonşularımız 29 min kv.km-lik dövlətə sahib oldular, ancaq üstündən illər keçəndən sonra Qarabağı da işğal etdilər, ardınca da Naxçıvana iddialarını ortaya qoyurlar.
Yeri gəlmişkən, eks-prezident Serj Sərkisyan vaxtilə erməni gənclərə “biz Qarabağ məsələsini həll etdik, sizin üzərinizə Ağrını almaq vəzifəsi düşür” demişdi. Konstitusiyasında və gerbində Türkiyəyə qarşı ərazi iddiasının əks olunduğu Ermənistan həmişəki kimi, dünyadakı gərginliklərdən yararlanıb Azərbaycan və Türkiyədən əlavə torpaqlar əldə etmək eşqinə düşüb. Ancaq işğalçı unudur ki, zaman o zaman deyil, həmçinin Türkiyə və Azərbaycan bölgədə lider ölkələrdəndir.
Erməni Siyasi Liqası bu müqavilələrin ləğv edilməsi tələbilə aksiyalar keçirmək təşəbbüsü ilə çıxış edib. Belə bir sərsəm bəyanata 4 partiya imza atıb.
Qeyd etdiyimiz kimi, Moskva müqaviləsi 16 mart 1921-ci ildə RSFSR və Türkiyə arasında imzalanan sənəddir. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilmədisə də, regionun türklərin əlində qalması təmin edilmişdi, Naxçıvan Azərbaycanın himayəsinə verildi. Naxçıvan əhalisi bir daha soyqırıma məruz qalacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirildi.
Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsi RSFSR MİK (20 mart 1921) və Türkiyə Böyük Millət Məclisi (21 iyul 1921) tərəfindən təsdiqlənib. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars Müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.
Xatırladaq ki, 2016-cı ildə də bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri mətbuatda dərc olunmuşdu. İndiki həssas dönəmdə məsələnin yenidən gündəmə çıxarılması təbii ki, təsadüf deyil.
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı ermənilərin iddiaları ilə bağlı “Yeni Müsavat”a çox maraqlı açıqlamalar verdi: “Arıq ciddi siyasi analitiklərə məlumdur ki, Türkiyə ilə Rusiya arasında İdliblə bağlı atəşkəs gəlinən bir razılıqdır və dövlətlərarası anlaşma deyil və onun ömrü uzun olmaya da bilər. Çünki bölgədə bu iki ölkənin mənafeləri bir birindən kəskin şəkildə fərqlənir. Bu bağlamda Rusiya ilə Türkiyə arasında Qarabağla bağlı siyasi gəlişmələr ola bilər. Rusiya imperiya mabisiyalarından baxacaqsa və dəstək verdiyi ölkəni bundan sonra da müdafiə edəcəksə, məsələ daha da qəlizləşəcək. Məlumdur, ermənilər 1921-ci il Qars və Moskva müqaviləsinin ləğv olunmasını istəyirlər. Onlar Rusiyanın bu müqavilədən çəkilməsini tələb edirlər. Bir neçə il əvvəl irqçi ideoloq Balayan Putinə bir məktub yazmışdı və Naxçıvanın o zaman guya Rusiyaya birləşdirilməsi faktını da qabartmış və indi də Rusiyanın tərkibinə qatılmasını xahiş etmişdi. Qarabağı da o cümlədən... Müqaviləyə görə isə təxminən belədir ki, Naxçıvana Türkiyənin iddiaları o zaman olmaya bilər ki, bu ərazi Azərbaycanın tərkibində qalsın. İndi Rusiya bu həssas məsələni erməni əli ilə qabardır və faktiki Türkiyəyə ərazi iddiası irəli sürür. Türkiyənin reaksiyası isə bir neçə il bundan əvvəl olmuşdu və indi də mövqeyi eyni qalır. Ermənistanda Qars və Moskva müqaviləsi ilə bağlı hər gün yazırlar. Onu Rusiya KİV-inin də gündəminə daşıyırlar. Amma biz bu məsələnin siyasi gündəmə gətirilməsinə imkan verməməliyik. Naxçıvana iddialar həmişə olacaq. Biz də adekvat addımlar atıb İrəvana iddiamızı ortaya qoymalıyıq”.
Q.Çaxmaqlı hesab edir ki, düşmənin növbəti əsassız iddiaları bizim diqqətimizi Qarabağdan yayındırmamalıdır: “Biz artıq o fikrə gəlməkdəyik ki, Dağlıq Qarabağla bağlı sülh danışıqları effekt vermir, bu danışıqlar yalnız beynəlxalq ictimaiyyəti aldatmaq üçün lazımdır. Deyirik ki, biz hazırıq, amma qarşı tərəf bunu istəmir, hər gün eşitdiyimiz məlum bayatılardır. Açıq səslənməlidir bu fikir: Ermənistan işğal etdiyi torpaqları qaytarmır, orada məskunlaşma işi aparır, infrastrukturda dəyişiklik edir, yollar çəkir, məktəb tikir və s. Azərbaycanla Ermənistan arasında 1994-cü ildən atəşkəs üçün yalnız razılaşma var, müqavilə bağlanmayıb, arada heç bir qüvvə və heç bir ölkənin nəzarəti yoxdur. Kasprşikin kontoru guya buna nəzarət edir. Elə bir nəzarət də yoxdur əslində”.
Politoloqun fikrincə, son vaxtlar verilən şəhidlər göstərir ki, böyük savaşla bağlı atəşkəs hər an pozula bilər: “Atəşkəsi kimin pozmasından asılı olmayaraq, tərəflərin bir-birinə zərbələr vurmaq üçün imkanları indidən götür-qoy edilir. Bu da hərbi işdə normaldır. Əlbəttə, Ermənistan Azərbaycana hücum etsə, müdafiə nazirinin əmri onun qarşısını almaq üçün veriləcək”.
Erməni separatçılarının 31 mart “seçkiləri”nə hazırlığına gəldikdə, Q.Çaxmaqlı qeyd etdi ki, Dağlıq Qarabağdakı “seçkilər”lə bağlı biz daha çox hazırlıqlı olmalıyıq: “Çunki orada sabitlik pozula bilər. Xocalı cinayətinin müəlliflərindən biri - Balasanyan iddiaçıdır və rəqiblərini də hədələməkdədir. Ona qarşı olan cinayətkar adamlar da ortadadır. Ola bilsin ki, ”seçkilər"də güc nümayişi olsun və bunun bizə birbaşa dəxli var. O halda buradakı olaylara daxil olmalıyıq. Dağlıq Qarabağ bizim ərazidir. Keçirilən “seçkilər”in nəticələri daha böyük təhlükələrə gətirə bilər. Bu, Azərbaycanın yaşayış yerlərinə yeni basqınlara səbəb ola bilər. Separatçılar məqsədlərinə nail olmaq üçün hər cür təxribata əl ata bilərlər. Ola bilsin ki, bizə torpaqlarımızı azad etmək üçün ilkin addımı atmağa imkan yaransın, mən bunu da istisna etmirəm".
Ekspert hesab edir ki, ermənilərin Naxçıvandan İrəvana qarşı təhlükənin olduğunu yazması və bundan narahat olmaları da əsassız deyil: “Ona görə iki gündən bir Naxçıvan məsələsini ortaya atırlar. Qars anlaşmasını, Moskva müqaviləsini ortaya atıb, bu anlaşmaların ləğvini istəyirlər. Həm ideologiya olaraq, həm də hərbi baxımdan Ermənistanın hədəfi Naxçıvandır. Onlar deyirlər ki, Ermənistan bütün gücünü qoyub bu bölgəni işğal etməlidir. Strateji nöqteyi-nəzərdən Naxçıvan çox önəmlidir. Ermənistanın Bakını vurmaq imkanı nə qədər məhduddursa, bizim İrəvanı məhz Naxçıvandan vurma imkanımız bir o qədər realdır”.
Ermənilərin Naxçıvan iddialarına cavab olaraq Naxçıvan Qarnizonu Qoşunlarının komanda-qərargah təlimləri yüksək səviyyədə keçirilib və ötən gün başa çatıb. Müdafiə Nazirliyinin məlumatına görə, təlimə ümumqoşun birləşmə və hissələrinin qərargahları ilə birgə gücləndirmə vasitə və qüvvələrinin əməliyyat qrupları da cəlb edilib. Təlimlərdə ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələrinin məhdudgörmə şəraitində yerdəyişməsi həyata keçirilib, bir istiqamətdən digərinə hərəkət zamanı manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılıb.
Deyəsən, ermənilər Naxçıvandan İrəvana bombalar yağmasına şahidlik etmək istəyirlər. Əks təqdirdə, xəstə arzularını davamlı şəkildə tirajlamazdılar. Ancaq əgər düşmən əsassız iddialarını tirajlayırsa, o halda biz niyə xanın yurdu olan İrəvanın geri qaytarılmasını tələb etməyək?! 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının sərhədi Göyçə gölündən keçirdi, hələ İrəvan Ermənistana verildiyi halda. Bizim tələb etməyə kifayət qədər əsasımız var. Deməli, ermənilər əsassız iddialar qaldırmaqla əslində Azərbaycan üçün əlavə imkanlar yaratmış olurlar...