Axtarış...

Paşinyan Parisdən Bakı və Ankaraya “dil” uzatdı - cavab gecikmədi

Paşinyan Parisdən Bakı və Ankaraya “dil” uzatdı - cavab gecikmədi

Ermənistanın inqilabçı baş nazir əvəzi Nikol Paşinyanın Avropaya səfər dəvətlərinə ifrat həssas olduğu sirr deyil. Özünü guya artıq demokratik Ermənistanın rəhbəri kimi addımbaşı gözə soxub Avropa liderləri ilə, NATO rəsmiləri ilə şəkil çəkdirməkdən ötrü əldən gedən, bundan xüsusi zövq alan Paşinyana bu dəfə Parisdən dəvət gəlib və o da bu fürsəti təbii ki, qaçırmayıb. Fransa paytaxtında Birinci Dünya müharibəsinin bitməsi ilə bağlı imzalanmış sülh müqaviləsinin 100-cü ildönümü mərasiminə Paşinyan da qatılıb.

Ancaq erməni erməni olmazdı, əgər belə fürsətlərdən ən əvvəl Türkiyəyə qarşı saxta soyqırım, Azərbaycana qarşı isə torpaq iddiaları ilə çıxış etməyəydi, iki qardaş ölkə əleyhinə sərsəm iftiralar səsləndirməsəydi. Xüsusən də Azərbaycana qarşı növbəti sərsəmləmələr diqqət çəkib.

“Yeni Müsavat”ın erməni KİV-ə istinadın verdiyi xəbərə görə, Paşinyan çıxışında deyib: “Birinci Dünya müharibəsinin dərslərindən biri də Vudro Vulsonun məşhur 14 bəndində əksini tapmış xalqların öz müqəddəratını təyin etmə hüququ haqda ifadədir - hansı ki, sonralar BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına daxil edilib və müasir dövlətlərin təxminən yarısının müstəqilliyi üçün əsas rolu oynayıb... Birinci Dünya müharibəsi zamanı Antanta hökumətləri ”bəşəriyyətə qarşı cinayət" termini işlədib. Bununla da Osmanlı İmperiyası hökuməti tərəfindən 1.5 milyon ermənin “məhv edilməsi”ni (dırnaqlar bizimdir - red.) lənətləyiblər. Sonradan bu dəhşətli cinayət XX əsrin ilk genosidi adlandırılıb".

*****

Belə iftira və ittihamdan sonra rəsmi İrəvanın Türkiyəyə sərhədləri qeyd-şərtsiz açmağa çağırış eləməsi yumşaq desək, siyasi riyakarlıqdır. Yada salaq ki, az öncə Nikol Paşinyan Ankaranı heç bir ön şərt qoyulmadan əlaqələri bərpa eləməyə səsləmişdi. Halbuki Ermənistan indiyədək Türkiyəni heç dövlət kimi tanımayıb və konstitusiyasında qardaş ölkəyə qarşı, üstəlik, açıq mətnlə ərazi iddiası yer alıb (Ağrıdağ məsələsi).

Gözlənildiyi kimi, Paşinyan Parisdən Bakıya da “dil” uzadıb. Çıxışdan başqa bir sitat: “Burada - Fransada bir şeyi mən xüsusi vurğulamağı zəruri sayıram: cəmi bir neçə gün öncə Fransa bu məsələdə öz prinsipial mövqeyini təsbit eləmiş oldu - yeni Kaledoniya xalqı referendum keçirmək imkanı qazandı. Təəssüf ki, öz müqəddəratını azad təyinetmə hüququna yanaşma seçmə xarakteri daşıyır. Yəni birinə olar, birinə olmaz. Məhz bu səbəbdən ”Dağlıq Qarabağ xalqı"nın (dırnaqlar bizimdir - red.) öz taleyini müəyyən eləmək hüququ üçün on illərdir apardığı mübarizə lazımi hüquqi həllini tapmayıb. XXI əsrdə əsla imkan vermək olmaz ki, xalqın öz müqəddəratını reallaşdırmaq hüququnu həyata keçirmək istəyi onun bioloji mövcudluq təhlükəsinə çevrilsin".

Yəni guya Azərbaycan Dağlıq Qarabağ ermənilərinə qarşı genosid həyata keçirməyə hazırlaşır. Bunu da Dağlıq Qarabağda etnik təmizləmə aparmış, Xocalı soyqırımı törətmiş bir işğalçı ölkənin - Ermənistanın rəhbəri deyir. Yeri gəlmişkən, Paşinyan BMT Baş Məclisinin son sessiyasındakı çıxışı zamanı da Azərbaycan qarşı eyni iftiralar səsləndirmişdi. Görəsən bir xalq, konkret halda ermənilər öz müqəddəratını neçə dəfə təyin eləməlidir? Yoxsa dünyanın 1 nömrəli “əzabkeş xalqı” kimi ermənilərə istisnalar, məxsusi imtiyazlar tanınmalıdır?

Əlbəttə, yox. BMT Nizamnaməsində də, Helsinki Yekin Aktında da xalqın yalnız bir dəfə bu hüquqdan istifadəsi nəzərdə tutulur. Erməni xalqı isə artıq ondan istifadə edib və qədim türk torpaqlarında “Ermənistan” adında formal da olsa dövləti var.

*****

Bu arada Paşinyana Bakıdan cavab gecikməyib.

“Ümid edirik ki, Ermənistanın baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə Azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib”. Musavat.com-un məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Paşinyanın Parisdəki çıxışını şərh edərkən deyib.

“Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir. Bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: ”Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir" - Abdullayeva qeyd edib. “Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır” - XİN rəsmisi əlavə edib.

*****

Nikol Paşinyanın budəfəki demarşının həm də Düşənbədə onunla Azərbaycan prezidenti İlham Əliyev arasında əldə olunan kövrək anlaşmadan sonraya təsadüf etməsi də maraq doğurur. Bununla o, faktiki, anlaşmanı sıfırlamış olur. Çünki erməni tərəfinin Qarabağ məsələsində bu cür maksimalist, avantürist və həyasız mövqeyi yalnız müharibəni yaxınlaşdırır, əsla ədalətli sülhü yox.

Düşmən ölkə rəhbərinin Bakı və Ankaraya belə “dil” uzatmaları olsa-olsa, işğalçı ölkənin və onun olan-qalan xalqının durumunu daha da ağırlaşdıracaq. Ermənistanın nə blokada şəraitindən, nə də Rusiyanın girovluğundan qurtulmasına imkan verməyəcək. Nəticə etibarilə işğalçı ölkədən kütləvi köç səngiməyəcək, iqtisadi islahatlar heç vaxt baş tutmayacaq, iqtisadi dolanışıq yaxşılaşmayacaq, demək, Ermənistanın demokratikləşməsi də uzaq perspektivə qalacaq.

Bu mənada Paşinyanın 9 dekabr seçkilərindən sonra, daha dəqiqi, eyforiya və kütləvi psixoz bitəndən sonra Ermənistanın ən ağır problemləri ilə baş-başa, təkbətək qalacağı şübhə doğurmur. Ötən 30 ilin acı təcrübəsi göstərir ki, bu problemlər qonşu Azərbaycan və Türkiyə ilə əlaqələr normallaşmadan aradan qalxa bilməz. Yolu bəlli. Ermənilərin xoşbəxtliyi Rusiyaya, Qərbə yox, ilk növbədə Türkiyə və Azərbaycana bağlıdır. Bədxah qonşular üçün 30 ilin ən böyük dərsi də elə budur. Qalır nəticə çıxarmaq...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz