“Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın növbəti iclası 2020-ci ilin əvvəlində keçiriləcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, hazırda əsas vəzifə sərhəddəki vəziyyətlə bağlı status-kvonun bərpa olunmasıdır: “Gürcüstan baş nazirinin Azərbaycana səfəri zamanı status-kvonun mərhələli şəkildə bərpa olunması barədə razılıq əldə edilib. İlk növbədə, ruhanilərin məbəd kompleksinin bütün ərazisində sərbəst şəkildə hərəkət etmək imkanları var”.
Z.Pataradzenin sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətləri çox önəmlidir və istənilən məsələ iki dost ölkə arasındakı münasibətlərə uyğun həll olunmalıdır.