Axtarış...

Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL

Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL

Hesablama Palatası Azərbaycanda şirkət və sahibkarların bank hesablarından nağd pul çıxarılmasının çətinləşdirilməsi təklif edir.

Palatanın 2020-ci ilə üzrə dövlət büdcəsinə verdiyi rəyə görə, 2018-ci ildə şirkətlər və sahibkarlar bank hesablarından 2,9 milyard manat nağd pul çıxarıblar. Bunun 2,7 milyard manatı hüquqi şəxslərin, 0,2 milyard manat isə fiziki şəxs olan sahibkarların payına düşür. 2019-cu ilin sonuna bu rəqəmin 3 milyard manata (hüquqi şəxslər 2,8 milyard manat, fiziki şəxslər 0,2 milyard manat) çatması gözlənilir. Artıq 2019-ci ilin 8 aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 2,5 milyard manata çatıb. 2020-ci il üçün isə nağd çıxarılan məbləğ bir qədər də artaraq 3,6 milyard manata (hüquqi şəxslər 3,4 milyard manat, fiziki şəxslər 0,2 milyard manat) çatmalıdır. Bununla əlaqədar olaraq nağdlaşdırma üzrə vergi proqnozu da 36 milyon manata qaldırılıb. Palata hesab edir ki, bu tədbir nağd pul çıxarılmasına mane olmur. Ona görə də palata təklif edir ki, pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya tədbirləri gücləndirilsin. Hələlik bu tədbirlərin nədən ibarət olacağı məlum deyil, bu nağdlaşdırma vergisinin faiz dərəcəsinin artırılması və ya artıma doğru diferensiallaşdırılması, eləcə də, əlavə bank komissiyalarının tətbiqi formasında ola bilər. Eyni zamanda, Palata təklif edir ki, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya tədbirləri də gücləndirilsin. Qeyd edək ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda 1 faiz həcmində nağdlaşdırma vergisi tətbiq edilir. Yəni sahibkar hesabından çıxarılan vəsaitin 1 faizi həcmində vergi ödənilir. Buna baxmayaraq son iki ildə Azərbaycanın şirkətləri və sahibkarları bank hesablarından nağd vəsaitlərin çıxarılmasını nəinki azaltmayıblar, hətta artırmaqdadırlar. Göründüyü kimi, Palata həm bankdan nağd pul çıxarmaq çətinləşməsini, həm də əlavə nağdlaşdırma vergisini tətbiqini təklif edir.

Maraqlıdır, nağdsız ödənişə güzəştlər tətbiq etmək daha məqsədəuyğun olmazmı?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, 2017-ci ildən Nağdsız hesablaşmalar haqqında Qanun qüvvədədir:

“Həmin ildən də 1 faiz dərəcəsində nağdlaşdırma vergisi tətbiq olunur. Nağdsız hesablaşma haqqında qanunun müddəalarına əsasən, dövriyyəsindən asılı olaraq təqvim ayı ərzində şirkətlər və fərdi sahibkarlar 30 min və ya 15 min manat məbləğində nağd qaydada ödəniş edə bilər. Bütün bu məhdudiyyətlərə baxmayaraq, nağdlaşdırma azalmayıb. Hesab edirəm ki, birinci metod stimullaşdırma olmalıdır. Yəni vergi ödəyicilərinin motivi olmalıdır ki, niyə nağdı yox, nağdsız ödəniş etsin. Burada ilk növbədə vergi, gömrük güzəştləri ola bilər ki, şəxs öz uduşunu görsün. Bu ildən fiziki şəxslərə əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsi qaytarılmalı idi, amma hələ də tətbiq olunmayıb. Hesab edirəm ki, 1 faizlik nağdlaşdırma vergisinin tətbiq çox absurddur. Ümumiyyətlə, bu vergi dünyanın heç bir yerində yoxdur, qanunsuz və əsassız. 1 faizlik nağdlaşdırma vergisi həm iqtisadi, həm də hüquqi cəhətdən ziddir”. Əkrəm Həsənov hazırda sahibkarların və şirkətlərin banklardan qorxduğuna da diqqət çəkib: “Bu gün sahibkarlar və şirkətlər vəsaitlərini yalnız vergidən yayınmaq üçün nağdlaşdırmır. Demək olar ki, bir çox sahədə vergidən yayınmanın qarşısı alınıb. Banklar müflisləşəndə hüquqi şəxslərlə fərdi sahibkarların pulu batır, fiziki şəxslərin əmanətlərinin sığortası var. Ağlı başında olan sahibkarlarla və şirkətlər bankların müflisləşməsindən qorxurlar və haqlı olaraq vəsaitlərini banklarda saxlamamağa üstünlük verirlər. Buna görə də iki istiqamət olmalıdır. Birinci, nağdsız ödənişləri stimullaşdırmaq, ikinci, bank sistemində müflisləşmə prosesini daha şəffaf və qanunu etmək lazımdır. Sahibkar son nəticədə əmin olmalıdır ki, bank bağlananda vəsaitləri batmayacaq. Yəni Əmanətlərin Sığortalanması Fondu bankların olan-qalan əmlakını dağıtmamalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz