Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqeyinə sadiqdir. Bunu Paşinyanın son açıqlaması bir daha təsdiqləyir. Belə ki, facebook-dakı birbaşa efirdə Ermənistan lideri növbəti dəfə öz ənənəsinə sadiq qalaraq bəyan edib ki, konfliktin həlli “Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır”. Halbuki “Dağlıq Qarabağ xalqı” adlı məfhum mövcud deyil, Dağlıq Qarabağın öz yurd yerlərindən qovulmuş azərbaycanlı əhalisi və erməni etnik azlığı var.
Bu, növbəti dəfə erməni tərəfinin işğalı rəsmiləşdirmək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqların üçüncü müstəqil tərəfi kimi masa arxasında oturmasına nail olmaq, yekun etibarilə münaqişənin guya Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından qaynaqlanmadığını sübut etmək cəhdidir. Bunun ardınca isə Ermənistanın işğala görə hər hansı sanksiyadan sığortalanması gəlir. Çünki məntiqlə konflikt ərazi iddiasından yaranmayıbsa, o zaman İrəvanın məsuliyyəti və günahı ortadan qalxmış olur və İrəvan Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını tələb eləmək üçün daha əlverişli mövqe qazanır.
Nikol Paşinyan son çıxışında Ermənistan tərəfinin təmas xəttində itkilərlə üzləşdiyini, Qarabağla bağlı hər hansı qərarın erməni xalqından gizli olmayacağını və lazım gələrsə, referendum keçiriləcəyini də söyləyib. Bu da yenə konfliktə görə məsuliyyəti öz üzərindən atmaq, daha dəqiqi, atəşkəsi süni surətdə uzatmaq cəhdidir. Nədən ki, enində-sonunda problemin nizamlanmasının liderlərin siyasi iradəsindən asılı olacağı hər kəsə aydındır.
Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də zaman-zaman bəyan ediblər. Ermənistan rəhbəri üçün siyasi qərar isə işğal edilmiş torpaqlardan çıxmaqla bağlı olacaq ki, bundan ötrü referenduma ehtiyac yoxdur. Beynəlxalq hüquq, işğalçı ölkənin özünün də səs verdiyi BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi var.
Ermənistanda hakimiyyətdə kim olur-olsun, gec-tez buna getməli olacaq. Bu, Ermənistanın xilası üçün yeganə doğru yol və qərar olacaq. Bu qərarla bağlı referendum keçirmək yox, erməni xalqına onun zəruriliyini anlatmaq və onu sülhə hazırlamaq gərəkir, nəinki nala-mıxa vurub vaxtı uzatmaq...
*****
“Azərbaycanın işğal olunmuş ərazilərində referendumla bağlı danışıqlar Nikol Paşinyan tərəfindən Qoşulmama Hərəkatı ölkələrinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımasından sonra və sırf daxili tələbat üçün ortaya atılıb”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “Trend”ə rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Paşinyan dəqiq cavabdan yayınmaq üçün hər vəchlə yeni bəhanələr axtararaq vaxtı uzatmağa çalışır: “Onun üçün referendumun forması və formatı əhəmiyyətli deyil, ona yalnız referendum baş tutana qədər hakimiyyətdə qalmaq lazımdır. İndi Ermənistanda hakimiyyətdə olan qrupun xaotik, mənasız hərəkətlərində sağlam düşüncə axtarmaq lazım deyil. Bu qrupu yalnız hakimiyyətdə qalmaq müddətini uzatmaq narahat edir, bunsuz onların həyatı mənasını itirir. Məqsədləri piramidanın zirvəsində qalmaqdır, xalqın onlara qarşı çıxmaması üçün isə Ermənistanın daxili siyasətinə heç bir aidiyyəti olmayan referendumun keçirilməsi kimi yüksək şüarlar səsləndirmək lazımdır”.
Politoloqa görə, Nikol Paşinyan hakimiyyətə gəldiyindən bəri danışıqlar prosesində nəinki hər hansı perspektiv meydana çıxıb, əksinə, proses 1990-cı illərin ortalarındakı vəziyyətə geri qayıdıb: “Çoxdan etiraf etmək lazımdır ki, danışıqlar dalana dirənib və bunu yalnız Ermənistana təzyiq nəticəsində yerindən tərpətmək olar. Amma mən hadisələrin dinc yolla inkişafını istisna etmirəm. Məsələn, Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsində Rusiya və digər MDB ölkələri Ermənistanı nasizmdən arınmağa vadar edə və bununla da Azərbaycan torpaqlarının işğalının ideoloji təməlini sarsıda bilər”.
N.Paşinyanın “Ermənistan tərəfi bu gün itkilərlə üzləşir” fikrini şərh edən politoloq deyir ki, Dağlıq Qarabağ münaqişəsində itkilər təkcə hərbçilərin ölümündə deyil, həm də iqtisadi və dünya arenasında itkilərlə ifadə olunur: “Ona görə də mən tam başa düşə bilmirəm ki, Paşinyan bu vəziyyətdə nəyi nəzərdə tutur: insan itkiləri, maliyyə-iqtisadi, yoxsa imic itkiləri. Doğrusu, bu, indi o qədər də əhəmiyyət daşımır. Nikol Paşinyan hər zaman daxili auditoriyaya yönəlir, qalan dünya ilə onun və Ermənistanın adından müdafiə naziri Tonoyan və xarici işlər naziri Mnatsakanyan əlaqə saxlayır. O, şəxsən hansısa beynəlxalq forumda peyda olanda, dərhal təcrid vəziyyətinə düşür. Bunu MDB ölkələrinin Aşqabad sammiti aydın göstərdi. Bu gün Paşinyan üçün daxili cəbhə xaricdən vacibdir: o, ”Qarabağ klanı"nı tam sındıra, iqtisadi vəziyyəti sabitləşdirə, xarici investisiyaları cəlb edə, həmvətənlərinin həyat səviyyəsini yüksəldə bilmədi, Rusiya ilə iqtisadi tərəfdaşlıq məsələlərində arası dəydi. Bu vəziyyət indi “Domokl qılıncı” kimi onun başı üzərində asılıb. Ona görə də o, özü də qorxmamaq üçün durmadan danışmalıdır".
Ukraynalı politoloq Aleksey Voronenko isə hesab edir ki, Ermənistan hakimiyyəti artıq Azərbaycana işğal edilmiş torpaqların qaytarılması planını hazırlayıb. Bu barədə o, Axar.az-a açıqlamasında deyib. Politoloq Ermənistan hökumətinin hazırda öz ictimaiyyətinə diqqətlə hər şeyi izah etməyə hazırlaşdığını bildirib.
Voronenkonun ehtimalına görə, Paşinyanın facebook-da son çıxışı bunun təsdiqidir. “Qarabağın qaytarılması planı çoxdan işlənirdi, amma indi artıq hər şey hazırdır. Təbii ki, bu planda danışıqlar tez və ya gec, hökumət dəhlizlərini tərk etməliydi. Ermənistanın müəyyən dairələrində artıq bunu açıq şəkildə danışırlar”, - deyə o bildirib.
Politoloq Paşinyanın son çıxışından bəzi tezislərə diqqət yetirib: “1. ”Erməni tərəfi itki verir". 2. “Ermənistan və Azərbaycan arasındakı situasiyada hər zaman təhdid olub. 3. ”Biz hələlik Qarabağın həlli ilə bağlı konkret plan qəbul etməmişik. Plan peyda olduğu zaman biz mütləq bu sənədi vətəndaşlarımızla müzakirə edəcəyik". İlk iki tezis aydındır və yuxarıda deyilənləri tam təsdiq edir. Üçüncü tezis xüsusi maraq kəsb edir. Niyə gözlənilmədən Ermənistan hökumətinin rəhbəri özünün yox, hansısa plan haqqında danışır? Məsələ odur ki, bu planda şayiələr və danışıqlar, dediyim kimi, hökumət divarlarından kənara çıxıb və Paşinyana bu bəllidir. İndi o, iti küncləri hamarlamalı və ictimiyyətdə aqressiya yaratmamalıdır. Bu çıxışdan sonra yalnız “Bütün bunlar şayiədir” ifadəsi çatışmırdı" .
*****
Bunlar sözsüz ki, ehtimaldır. Ermənistan sülh prosesinə stimul verəcək heç bir addım atmır. O da var ki, Qarabağ ixtilafının həllini illərdir təkcə İrəvanın maksimalist, qeyri-real istək və tələbləri deyil, həmsədr ölkələrin “ikili standart” siyasəti də əngəlləyir. Diqqət edin, ötən həftə ABŞ-a səfər edib orada ölkəmiz əleyhinə bəyanatlar verən, separatçı rejimin müstəqil dövlət kimi tanınması vacibliyindən dəm vuran “dqr”in qondarma “xarici işlər naziri” Masis Mailyan iki gün öncə sərbəst şəkildə Rusiyada peyda olub. Başqa sözlə, Amerikadan vurub Rusiyadan çıxıb.
“Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, bu üzdəniraq “nazir” Moskvadakı “Dağlıq Qarabağın xüsusi nümayəndəliyi”ndə bir sıra rusiyalı tanınmış ekspert və politoloqlarla “Artsaxın beynəlxalq miqyasda tanınma” məsələsini də müzakirə ediblər. Bu xüsusda Mailyan ABŞ Konqresinin Nümayəndələr Palatasının oktyabrın 29-da saxta “erməni soyqırımı”nı tanımasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Əlbəttə ki, Nümayəndələr Palatasının həmin qərarı Qarabağ məsələsində də ermənilərin “çörəyinin üstünə yağ” sürtür. Baş verənlər sözsüz ki, işğalçı tərəfi daha da şirnikləndirəcək və onu Qarabağ məsələsində realist, konstruktiv yanaşmadan bir qədər də uzaqlaşdıracaq. O zaman sual ortaya çıxır: belə “ikili standart” siyasətindən çıxış edən və faktiki surətdə konfliktin uzanmasına töhfə verməklə məşğul olan “vasitəçilər” bizə lazımdırmı?
Təbii ki, həmsədrlərin 25 illik nəticəsiz fəaliyyəti Bakını qane edə bilməz. Belə çıxır ki, ya danışıqlar mexanizmi və formatı dəyişməli, ya da Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün güc variantına qərar verəcək. Bakı hərb variantını daima masanın üstündə saxlayır. Azərbaycanın öz silahlı qüvvələrinin hərbi və döyüş potensialına, işğalçı ölkə üzərində hərbi üstünlüyü saxlamağa, dost-qardaş ölkələrlə hərbi-texniki əməkdaşlığa xüsusi diqqət ayırması bu mənada boşuna deyil.
Bu arada, Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın ikinci rəisi korgeneral Mətin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib. Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirirlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edirlər.
İclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Mətin Gürakdır. Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq. //musavat.com//