Bu ilin sonunda ölkəmizdə əfv sərəncamının imzalanacağı barədə müzakirələr açılıb. Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar sərəncamın veriləcəyi və bununla həbsxanalardakı siyasi məhbusların böyük bir qisminin azad olunacağı deyilir.
Daimi fəaliyyət göstərən Əfv Komissiyasının qarşıdakı günlərdə daha da intensiv şəkildə hər həftə toplanacağı və ilin sonuna kimi siyahını hazırlayıb ölkə başçısına təqdim edəcəkləri qeyd olunur. Bundan əlavə, bir sıra hüquq-müdafiə təşkilatları var ki, onlar da məhbuslarla bağlı siyahılar hazırlayırlar.
Həmin təşkilatlardan ən aktivi İnsan Haqları üzrə Birgə İşçi Qrupudur. Qurumun üzvü Səidə Qocamanlı “Yeni Müsavat”a ümidlə danışdı: “Ümid heç zaman ölmür, həmişə var. Çünki Əfv Komissiyası daim işləyir. Təbii ki, əfv bu komissiyanın çıxardığı qərarlarla daha çox bağlı olacaq. Başa düşürəm ki, dəfələrlə Yeni il və Novruz bayramı ərəfələrində əfv sərəncamları verilib. İndi gözləntilərimiz var. Ümid edirəm ki, gözləntilərimiz özünü doğruldacaq. Hər halda, iki ay yarım vaxt qalır. Əfv Komissiyasının çıxardığı nəticələr dekabr ayında bilinəcək. Onlarla birlikdə işləyirik. İşlərimiz dayanmır. Öz müraciətlərimizi Əfv Komissiyasına təqdim edirik. Bu sərəncam özü-özlüyündə humanist bir addımdır. Humanizmlikdən irəli gələn təkliflərimizi veririk. Məhbusların adlarını qeyd edirik ki, onların azadlığa buraxılması reallaşsın. Yəni işlər gedir, həm Əfv Komissiyası, həm də monitorinq qrupumuz tərəfindən. İşçi qrupumuza daxil olan şəxslər mütəmadi olaraq görüşür. Bütün problemləri orada çözməyə çalışırıq.
Çünki bizə məhbuslar tərəfindən edilən müraciətlər qrupun üzvləri tərəfindən aidiyyəti təşkilatlara çatdırılır. Bizim əsas işimiz şikayətlərlə bağlıdır. Siyahımızda olan şəxslərin azad olunmaları üçün addımlarımızı atırıq, müraciətlər edirik. Çox güman ki, gələn həftə keçiriləcək toplantımızda bu məsələyə baxacağıq və Əfv Komissiyasına lazımi adları göndərəcəyik. Siyahımız böyük ölçüdə bəllidir. Başa düşürəm ki, insanları siyasi məhbuslar daha çox maraqlandırır. Amma unutmaq olmaz ki, bizlərə adi vətəndaşlardan çoxlu məktublar gəlir, məhkəmələr tərəfindən olan şikayətlər də az deyil. Saxlanma şəraitləri, xəstəlikləri, ailə vəziyyətləri ilə bağlı da bizə müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq, həmin şikayətləri bir-bir çözüb, Əfv Komissiyasına təqdim edirik. O insanlar da Azərbaycan vətəndaşlarıdır. Bir qrup üzərində fikir cəmləşdirmək olmaz. Hər kəsin müraciətlərinə diqqət ayrılmalıdır. Bizim fəaliyyət dairəmiz çox genişdir. Ona görə də gələn həftə müraciətlərin çox hissəsinə baxıb komissiyaya göndərəcəyik”.
Hüquq müdafiəçisi əfv sərəncamına hazırda böyük br ehtiyacın olduğunu söylədi: “Əfv etmək bağışlamaq, humanizm göstərmək, insana rəhm etmək anlayışıdır. Mart ayında verilən əfvin dekabrın sonlarında təkrarlanması çox gözəl olardı. Amma bir şeyi unutmaq olmaz ki, əfv birmənalı şəkildə dövlət başçısının birbaşa səlahiyyətində olan məsələdir. Onun bu işə imza atması, məhbusların azadlığa buraxılması birbaşa ölkə başçısından asılıdır. Bilirsiniz ki, Əfv Komissiyası siyahını prezidentə təqdim edəndən sonra son qərar onundur. Çox ümid edirəm ki, onun dəfələrlə atdığı humanist addımların şahidi hələ çox olacağıq. Mart ayında prezidentin göstərdiyi humanizmi hər kəs gördü. İndi bu təkrarlansa, cəmiyyətimizə, sadəcə, impuls verə bilər. Siyasi məhbus siyahıları ilə suallara cavab vermək hər zaman çətin olur. Buna da səbəb olan amillər var. Hazırda müxtəlif adamlar fərqli siyahılar hazırlayır, onları ictimaiyyətə çatdırır, onu sosial şəbəkələrdə yayırlar. Elə siyahılar var ki, say yüzü də adlayır. Ona görə də hər zaman dediyim kimi anlaya bilmirəm ki, hansı kriteriyalarla yanaşıb bu siyahıları hazırlayırlar. Hər halda, düşünürəm ki, bu məsələ ilə bağlı da ciddi məşğul olmaq lazımdır. Çünki bu siyahılar tək cəmiyyəti deyil, beynəlxalq təşkilatları da çaş-baş salır. Onlarla görüşəndə bizə deyirlər ki, görün ölkənizdən neçə siyahı gəlib, bilmirik ki, hansının üzərində dayanaq, hansına baxaq, bunlar kimdirlər. Ona görə də bir az bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Yadımdadır ki, vaxtilə 716 nəfərlik siyahı var idi. O zaman Azərbaycanın Avropa Şurasına üzv olmaq məqamı yetişmişdi. O siyahını Avropa Şurasına göndərdik. Həmin siyahının üzərində çox insanlar işləmişdi. İşçi qrupumuza daxil olan hüquq müdafiəçiləri o zaman da bir araya gəlib, işi çözməyə çalışdıq. Həmin siyahıdan ömürlükləri çıxmaqla demək olar ki, hamı azadlığa buraxıldı, mərhum prezident Heydər Əliyev, sonra da İlham Əliyev tərəfindən. Bu məsələyə bir-birinə qısqanclıqla yanaşmaq lazım deyil. Gərək hüquq müdafiəçiləri anlayışlı şəkildə bir-biri ilə bu məsələni müzakirə etsinlər. Çox təəssüf ki, bəziləri hazırda siyasi məhbus məsələsini alver predmetinə çeviriblər. Bu insan taleyidir, belə etmək olmaz. Onların hər birinin arxasında insan taleləri dayanır, ailələrini, övladlarını düşünmək lazımdır. Bununla oynamaq olmaz. O siyahıları çap etməklə, cəmiyyətə təqdim etməklə, elə bilirsiniz ki, adları keçən məhbuslara yaxşılıq olunur? Xeyr. Mən heç zaman nə ad çəkirəm, nə də say deyirəm. Bunun da səbəbi var. Təcrübə göstərib ki, nə qədər bu adları çəkməsək, onların hər birinin uğrunda, sadəcə, susaraq mübarizə aparsaq, azadlığa buraxılmaları daha labüd olur, daha da tezləşdirilir. Biz Avropa Şurası ilə işləyirik, onlarla görüşdə həmin məhbusların hər biri barədə məlumat veririk. Onların azadlıqları uğrunda mübarizə aparırıq. Bundan reklam düzəltmək heç bir hüquq müdafiəçisinə yaraşmır”.
“Yeni Müsavat”