Axtarış...

Darmadağına sözardı: Əliyevin Nikola "sakit otur" sözləri...



Prezident İlham Əliyev Azərbaycanın prioritet məsələsi olan Dağlıq Qarabağla bağlı mövqeyini Şərq Tərəfdaşlığı ölkələrinin rəhbərlərinin videokonfrans formatında keçirilən Sammitində yenə gündəmə gətirdi və daha bir fürsətdən məharətlə istifadə edərək, Ermənistanın işğalçı olduğunu növbəti dəfə diqqətə çatdırdı.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin 18 iyunda Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışına münasibət bildirərkən deyib. Politoloq xüsusi olaraq Ermənistan Baş naziri Nikol Paşinyanın replikasına və Prezident İlham Əliyevin dərhal verdiyi reaksiyaya diqqət çəkib:

“Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də kompleksə girdi, özünü itirdi və İlham Əliyevlə “debata” cəhd etməklə növbəti dəfə acınacaqlı vəziyyətə düşdü. Biz əslində bunu dəfələrlə müşahidə etmişik. Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə debatda da, Aşqabad sammitində də, Valday Klubunda da həmişə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında Nikol Paşinyanın necə kompleksə girməsinin, özünü itirməsinin və rabitəsiz danışığının, tarixi reallıqları manipulyasiyaya uğursuz cəhdlərinin şahidi olmuşuq. Bu dəfə də eyni hal təkrar olundu. O, replika ilə Prezident İlham Əliyevin çıxışına münasibət bildirmək istədi. Onun siyasətçiyə yaraşmayan, öz yerini bilmədən etdiyi bu qeyri-diplomatik və qeyri-etik müdaxiləsi tədbirin aparıcısı Avropa İttifaqı prezidenti Şaum Şer tərəfindən də müsbət qarşılanmadı.

Paşinyan replikasında Ramil Səfərov məsələsini gündəmə gətirməyə çalışdı. Və orada xüsusi qeyd etmək istədi ki, Ramil Səfərov erməni zabitinin yatmış yerdə başını kəsən canidir və o, Azərbaycana gətirilərək Prezident İlham Əliyev tərəfindən əfv olunub. O, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin son qərarını xatırlatdı və guya Azərbaycanın öz ərazisində irqçi siyasət yeritməsini deməklə, uğursuz spekulyasiya etdi. Çünki Avropa İnsan Haqları Məhkəməsinin qərarında Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət yeritməsi haqqında heç bir bənd yoxdur və bu, mümkün də deyil. Orada sadəcə olaraq Ramil Səfərov məsələsi ilə bağlı şikayət vermiş tərəflərin məhkəmə xərclərinin ödənilməsi Azərbaycan dövlətinin üzərinə qoyulub. Burada hər hansı irqçi siyasətin pislənməsindən, Azərbaycana qarşı hər hansı bir cəzanın, öhdəliyin qoyulmasından söhbət gedə bilməz. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, Ramil Səfərov 8 il Macarıstanda cəza çəkib; ölkəmizə ekstradisiya edildikdən sonra əfv edilməsi isə Azərbaycan Prezidentinin müstəsna hüququdur və buna heç kəs irad bildirə bilməz.

Azərbaycan Prezidenti İlham Əliyevin onun bu qeyri-peşəkar, manipulyativ replikasına verdiyi cavab isə tamamilə fərqli nüansı ortaya qoydu. Prezident İlham Əliyev onun yalançı iddialarını təkzibləyən tərəf olmadı, əksinə, daha ciddi faktla hücum taktikasını seçdi. Cənab Prezident bildirdi ki, Ermənistan rəhbərliyi Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı ermənini Ermənistana ekstradisiya etdikdən sonra o, Ermənistan Prezidenti tərəfindən əfv olunub. Fikir verdinizsə, İlham Əliyev bununla nə qədər hazırlıqlı bir dövlət adamı, diplomat olduğunu növbəti dəfə sərgiləmiş oldu: düşünmədən, xüsusi hazırlıq görmədən, dərhal, qısa və tutarlı cavabı ilə Paşinyanı susduraraq, onu “sakit oturmağa” məcbur etdi. Bu, sanki peşəkarların və böyüklərin yanında cığallığı ilə zəhlə tökən uşağa verilən töhmət idi.

Prezidentin gətirdiyi fakta diqqət edək: “Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan...” İlham Əliyev bununla, həmçinin, həmişə ermənilərə xüsusi havadarlıq edən Fransaya mesaj göndərmiş oldu. Yəni Prezident İlham Əliyevin məhz bu faktı deməsi təsadüfi deyildi və bir neçə siyasi mesajı özündə birləşdirirdi: çünki Karapetyan beynəlxalq terrorçudur və onun erməni prezident tərəfindən əfvi Ermənistanın terrorçu dövlət olmasını təsdiqləyən faktdır”.

Politoloq bu müzakirə zamanı xüsusilə diqqət çəkən daha bir məqama da toxunub:

“Diqqət etmisinizsə, Nikol Paşinyan istər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq tədbirlərdəki çıxışlarında Azərbaycan Prezidentinə birbaşa müraciət edir. Amma hələ bu günə qədər Azərbaycan Prezidenti heç bir çıxışında “Cənab Paşinyan” və ya “Cənab Baş nazir Nikol Paşinyan” deyə xitab etməyib. Prezident İlham Əliyev hər zaman “Ermənistan Baş naziri” sözündən istifadə edib və eyni müzakirədə olmalarına rəğmən, onun haqda daha çox üçüncü şəxsin cəmində danışıb. Bu, onun göstəricisidir ki, Azərbaycan Prezidenti üçün yalnız və yalnız düşmən ölkə və onun rəhbəri var. Yəni o ölkənin rəhbərliyində istər Paşinyan olsun, istər Sərkisyan və ya Petrosyan, bu, Azərbaycan Prezidenti üçün heç bir önəm kəsb etmir. Çünki onlar Prezident İlham Əliyevin bərabərhüquqlu tərəfdaşı, müzakirə açacağı şəxslər deyillər. Azərbaycan Prezidenti sözünü də ümumilikdə “işğalçı Ermənistanın rəhbərinə” deyir. Prezident İlham Əliyevin status və nüfuzu isə o səviyyədə olan şəxslə (şəxslərlə) polemikaya girməkdən çox-çox yuxarıdır. Yəni Prezident Əliyevin, türklər demiş, mühattabı Paşinyan ola bilməz. Ona görə Prezident İlham Əliyev fərd olaraq qeyri-ciddiliyini hər məqamda ortaya qoyan və sözün bütün mənalarında ortada qalan Paşinyanı ümumilikdə “Ermənistan rəhbəri” olaraq xarakterizə etməklə, həm də ermənilərə rəhbərlik edənlərin potensialına diqqəti yönəldir”.

A.Camalqızı bu “debat”la Paşinyanın növbəti dəfə ağır zərbə aldığını bildirib:

“Paşinyan hər dəfə bu cür zərbə aldıqdan sonra “düşünməyə” gedir və növbəti fürsəti gözləyir ki, heç olmasa, bu dəfə Prezident İlham Əliyevin hazırcavablığı səviyyəsində olduğunu göstərə bilsin. Ancaq hər dəfə günlərlə düşünüb-qurduğu və öz təsəvvüründə canlandırdığı mənzərəni İlham Əliyev ən sərrast ifadələrlə darmadağın edir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz