Bu ayın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar əfv sərəncamının olub-olmayacağı barədə müzakirələr açılıb. Bu sərəncamın imzalanacağını ehtimal edənlər də var, bunun əksini düşünənlər də.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, əfv sərəncamını vermə səlahiyyətinin ölkə prezidentinə məxsus olduğunu hər kəs bilir: “Əfv siyahılarını hazırlamaq, prezidentə çatdırmaq və bunun vacib olduğunu bildirmək lazımdır. Çünki prezidentin fəaliyyəti çox genişdir. Bunun üçün deyirəm ki, əfv olmasını xatırlatmaq lazımdır. Düşünürəm ki, dövlət imicimiz və bizə müsbətlərin gəlməsi üçün sərəncamın verilməsi çox vacibdir. Hər kəsə bəllidir ki, Avropa İttifaqı ilə saziş imzalanmalıdır. Orada da gündəmdə siyasi məhbuslar və digər məsələlər durur. Müxtəlif hesabatlarda da siyasi məhbuslar və digər bu kimi məsələlər əks olunur. Sətiraltı Avropada hər şeyi insan hüquqlarına yönəldirlər. Əfv olması ilə bağlı əsas şəxs sayılan məmurdan çox şey asılıdır. Mən belə düşünürəm. Dağlıq Qarabağ kimi problemimizin olduğunu bir an da unutmayaq. Biz bu məsələni beynəlxalq aləmdə önə çəkəndə qarşımıza siyasi məhbuslar, eləcə də insan hüquqları ilə bağlı problemlər qoyulmamalıdır. Bu bir növ diqqəti əsas nöqtədən yayındırır”.
Hüquq müdafiəçisi birmənalı şəkildə əfvin olmayacağını deməyin düzgün olmadığını da qeyd etdi: “Açığı deyim ki, ölkədə müəyyən qruplar var ki, əfvin olmasını istəyirlər, lakin başqa qrup da var ki, bunu istəmir. Görünən odur ki, əfv məsələsi heç yerdə gündəmə gətirilmir. Yalnız sizin qəzet bu məsələni daim diqqətdə saxlayır, gündəmə gətirir. Bizim özümüzdə də az problem yoxdur. Siyahı tərtib edən müxtəlif şəxslər var. Siyahıları get-gedə uzadırlar. Onlar bilmirlər ki, siyasi məhbus o şəxs sayılır ki, bütün instansiyaları keçmiş olsun. İnsanın siyasi motivlərlə həbs olunduğunu sübut etməlidirlər. Bunun üçün onların məhkəmələrində belə iştirak etməli, monitorinq aparmalıdırlar. Bunlar olmadığı üçün siyahılar uzanır. Bizim həbsdə siyasi qadınımız var, Gözəl Bayramlı. O, mütləq azad olunmalıdır. Əminliklə bu sahəni bilən şəxs kimi deyirəm ki, o siyahılarda olanların çoxu siyasi məhbus deyil. Hüquq müdafiəçilərinin hazırladığı kiçik bir siyahı var. Oradakı məhbuslar tanınmışdılar. Düşünürəm ki, bu siyahıda olanlar azad edilsələr, Dağlıq Qarabağ və digər problemlərimizin həllində çox-çox irəli gedərdik”.