Axtarış...

Bu il əfv qərarı verilməsə də... - Gözlənti



“Əfv Komissiyasının toplantılarına adətən yanvar ayından başlanılır”.

Bu sözləri Lent.az -a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib. O bildirib ki, il ərzində komissiya üzvlərinə, cənab prezidentə bununla bağlı müraciətlər daxil olub:

“Mənə də təxminən 20-ə yaxın müraciət daxil olub. Müraciətləri Prezident Administrasiyasının Əfv məsələləri sektoruna göndəririk, orada baxılır və qaydalara uyğundursa, əfv üçün müvafiq sənədlər hazırlanır”.

Rəşad Məcid qeyd edib ki, son illərdə əfv sərəncamları Novruz bayramı ərəfəsində olur:

“Bu səbəbdən də düşünürəm ki, gələn il də əfv sərəncamı mart ayında olacaq.

Bundan başqa güman edirəm ki, Əfv Komissiyasının sədri yeniləcək və yeni tərkib olacaq. Yanvar ayından sonra isə yəqin ki, iclaslara başlanılacaq. Keçən il təxminən 1000-ə yaxın müraciət var idi, güman edirəm ki, yenə də o qədər müraciət olacaq”.

Qeyd edək ki, bu il martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz