Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu gün səhər Yerevandakı İzmirlyan Tibb Mərkəzinə köçürülüb.
Virtualaz.org bildirir ki, bunu "Sputnik Ermənistan”a xəstəxananın direktoru Armen Çarçyan deyib.
“İndi Koçaryan bizdə tibbi müayinədən keçir. Onun konkret hansı problemləri var, bəlli səbəblərə görə deyə bilmərəm. Bu, təkcə ona yox, hər bir xəstəyə aiddir”, - deyə direktor bildirib.
Jurnalistlərin, respublikanın keçmiş rəhbərinin xəstəxanada nə qədər vaxt keçirəcəyi ilə bağlı sualına cavab verən Çarçyan bunun müayinənin nəticələrindən asılı olacağını söyləyib. Əlavə edib ki, Koçaryanın qalması lazım olsa, onun tibb müəssisəsində olma müddəti uzadılacaq.
Qeyd edək ki, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana gələcək. Həm ötən il, həm də bu il Vladimir Putin Ermənistanın eks-prezidenti Robert Koçaryanı həbsdə olarkən ad günü münasibətilə təbrik edib. Bu, erməni mediasına, Rusiya liderinin Ermənistan paytaxtına gələcək səfəri planlarına respublikanın keçmiş rəhbərinə baş çəkəcəyinin də daxil edilə biləcəyini deməyə əsas verib.