Erməni mediasının yaydığı xəbərə görə, noyabrın 30-dan dekabrın 1-nə qədər Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşkilatçılığı ilə Yerevanda "Lazarev klubu”nun təntənəli açılış mərasimi keçiriləcək. Ermənipərəst rusiyalı deputat tərəfindən əsası qoyulan klub guya ki, erməni-rus dostluğunu təcəssüm etdirməlidir. Özü də bu, klubun ilk iclası olacaq. "168.jam” qəzeti Rusiyanın Ermənistandakı səfirliyindəki mənbəsinə istinadən yazır ki, tədbirə dəvətlilər arasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla yanaşı, Ermənistanın ikinci prezidenti Robert Koçaryan da var. Qəzetin yazdığına görə, Moskvadan tədbirin böyük təmtəraq və dəbdəbə ilə keçirilməsi barədə tapşırıq gəlib. Bu səbəbdən də Paşinyan və Koçaryana xüsusi dəvət gəlib. Sözsüz ki, Koçaryanı dəvət etməklə Kreml göstərmək istəyib ki, eks-prezidentə dəstəyi əvvəlki kimidir. Növbədənkənar seçkilərdə iştirak etməməsinə baxmayaraq, Moskva hələ də onu Ermənistanın gələcək lideri kimi nəzərdən keçirir. Qəzet daha sonra belə bir sualla çıxış edir: görəsən Koçaryan tədbirdə hansı məsələləri qabardacaq? Paşinyanın klubun açılış mərasiminə gəlib-gəlməyəcəyi hələ bəlli deyil. Ona yaxınlığı ilə seçilən "1in.am” saytı yazır ki, Koçaryan nəinki dəvəti qəbul edib, hətta tədbirdə çıxış edəcəyini də təsdiqləyib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin perspektivləri də müzakirə olunacaq. Paşinyanın Koçaryanla eyni gündə çıxış edəcəyi bəlli deyil. Təşkilatçılar aranın qarışmaması üçün Paşinyanın noyabrın 30-da çıxış etməsinə çalışırlar. Bəs nədən tədbir erməni-rus münasibətlərinin isti olmadığı bir ərəfədə keçirilir. Sözsüz ki, burada Kremldəki müəyyən ermənipərəst qüvvələrin rolu var. Onlar nəyin bahasına olursa-olsun Ermənistanın Rusiyanın forpostluğu altında qalmasına çalışırlar. Zatulin də onların sırasındadır. Onun qatı ermənipərəst mövqedən çıxış etdiyi bəllidir və belə bir tədbiri keçirməkdə də məqsədi ölkədəki rusafob çıxışların azalmasına nail olmaqdır. Zatulin bildirib ki, "Lazarev klubu” erməni-rus münasibətlərinə yeni impuls və nəfəs verməlidir. Sayt yazır ki, bu klub praktiki olaraq "Qriboyedov” klubuna alternativ kimi götürülür. "Qriboyedov” klubu Kiselyovun layihəsi idi və onun layihəsinin erməni-rus münasibətlərinin indiki duruma düşməsində rolu olduğu vurğulanır.
Koçaryandan söz düşmüşkən, eks-prezidentin ötən gün Apelyasiya Məhkəməsində baş tutan iclasında ölkənin məhkəmə praktikasında presedentsiz hal yaşanıb. Prosesdə nə az, nə çox, düz altı prokuror iştirak edib. Eks-prezidentin sosial şəbəkədəki səhifəsində yerləşdirilən məlumatda bildirilir ki, hakimiyyət nəyin bahasına olursa-olsun Koçaryanı həbs etməyə çalışır. Hətta baş prokuror Artur Davtyan da prosesdə iştirak edib. Baş prokuror bildirib ki, hazırkı mərhələdə Koçaryan istintaq nəzarəti altında olmalıdır. Vəkil Ayk Alumyanın sözlərinə görə, baş prokuror prosesdə ən aktiv şəkildə fəaliyyəti ilə yadda qalıb, hətta vəkillərə etirazlar da edib. Vəkil Ayk Alumyan bildirib ki, Koçaryan məhkəmə prosesinə arxa qapıdan daxil olub, məqsədi də jurnalistlərlə ünsiyyətdən qaçmaq olub. "Koçaryan hansı səbəbdən özünü belə aparır” sualına vəkilin cavabı belə olub ki, tək eks-prezident deyil, elə vəkilləri də jurnalistlərdən kənar gəzməyə üstünlük verirlər. "Bilirsiniz, hansı materialı yerləşdirirsən, dərhal müəyyən kontingent var ki, ora girib qəzəbli şərhlər, təhqirlər yazır. Bu dəfə o təhqirləri mən öz üzərimə götürməli oldum”, - deyə Alumyan bildirib. Müdafiəsində olduğu şəxsin emosional vəziyyətini şərh edən vəkil bildirib ki, Koçaryanın yerində kim olsa eyni halı keçirər. "Heç bir qanuni əsas olmadan sizi də həbs etməyə cəhd göstərsələr, nə edərdiniz” deyə vəkil sualla çıxış edib. Koçaryanın vəkili onu da deyib ki, əgər məhkəmə onları qane edəcək qərar qəbul etməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.
"Reallıq belədir ki, bu gün "müstəqil Ermənistan”da məhkəmə orqanları, hakimlərə təzyiqlər görünməmiş həddə çatıb”, - deyə "rossaprimavera.ru” saytı yazır. Resurs belə bir sualla çıxış edir: baş prokuror nə üçün məhkəməyə gəlib? Ardınca da cavabını yazır: "Koçaryanı nəyin bahasına olursa olsun həbsxana divarlarına arxasına göndərmək. Bu mənada baş prokuror məhkəmədə Paşinyanın əli və gözü funksiyasını yerinə yetirir. Bəlli olan odur ki, bu, artıq ədalət məsələsi deyil”. O da vurğulanır ki, Paşinyanın tələskənliyinin səbəbi öz postunda yaşadığı iflasdan diqqəti yayındırmaqdır. "Özünüz diqqət yetirin - bu müddət ərzində o qədər vədlər verilsə də, heç biri yerinə yetirilməyib. Bütün istiqamətlər üzrə "mübarizə” baş tutmayıb. Mitinqlər və Yerevan marşı göstərdi ki, Paşinyan artıq əvvəlki kimi insanlarda etibar doğurmur. Bu səbəbdən də Koçaryanın həbsi indi gərəkdir və bunu nə qədər tez həyata keçirsə bir o qədər yaxşıdır”, - deyə məqalədə vurğulanır.
Bəlli olduğu kimi, Koçaryana qarşı əsas ittihamlardan biri 2008-ci ilin mart hadisələri ilə bağlıdır. Ermənistan xüsusi xidmət orqanları bu günlərdə 2008-ci ilin martında baş verən aksiyaların dağıdılmasına ordunun da cəlb edilməsi ilə bağlı faktları təsdiqləyib.
Xatırladaq ki, xüsusi istintaq qrupu Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ilə də bağlı ittiham irəli sürüb. Noyabrın 15-də Ermənistanın Kassasiya məhkəməsi baş prokurorun apelyasiya məhkəməsi tərəfindən Koçaryanın həbsinin ləğvi barədə çıxardığı qərardan verdiyi şikayəti qismən təmin edib və işi təkrar istintaqa göndərib. Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan yerli kanallardan birinə verdiyi açıqlamasında bunu doğru hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Robert Koçaryan 10 il əvvəl baş verən dövlət terrorunun iştirakçılarındandır. Məhz onun tapşırığı ilə dinc aksiyaların dağıdılmasına ordu da cəlb olunub. İstintaqda buna dair dəlillər var. 1 mart hadisələri ilə bağlı qaldırılan cinayət işi üzrə araşdırmalar davam etdiyindən ictimaiyyətə tam açıqlama verilmir. \\kaspi.az\\