Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri davam edir. Əgər buna səfər demək mümkünsə. O, daha çox, ziyarətə, gəzintiyə bənzəyir. Çünki artıq məlumdur ki, Paşinyan Birləşmiş Ştatlarda hər hansı yüksək çinli rəsmi ilə görüşə bilməyəcək. ABŞ-ın nə prezidenti, nə də dövlət katibi səviyyəsində 1-2 dəqiqəlik belə görüş və şəkil çəkdirməyi ona çox görüblər. “Xalq baş naziri”nin BMT Baş Məclisində çıxışı isə çətin ki, onun Amerika gəzintisinə yadda qalan sanbal verə.
ABŞ-dakı erməni lobbisinin ciddi səylərinə rəğmən, Ermənistan rəhbərinin Amerikada bu dəfə də xüsusi diqqət və qayğı ilə əhatə olunmamasının əsas səbəbi əlbəttə ki, Nikol Paşinyanın hələ də xarici siyasətdə “iki stul” taktikasına üstünlük verməsidir. Paşinyan ilyarımdır əlləşir ki, onun bir əlindən Vladimir Putin, o birindən isə Tramp tutsun. Bu isə qeyri-mümkündür. Ona görə ki, rəsmi İrəvanın “iki stul” siyasəti Bakının apardığı balanslı siyasət deyil, iki dalaşan “filin” ayağının altında qalma riskini özündə ehtiva edən uğursuz kursdur.
Başqa yandan, Ermənistan 2047-ci ilədək (50 illiyə) Rusiyanın hərbi qalası (forpost) olması haqda Moskva qarşısında yazılı öhdəlik götürüb. Bununla bağlı iki ölkə arşında 1997-ci ildə imzalanmış müqavilə var. Belə olan surətdə hansı “iki stul”dan söhbət gedə bilər?
*****
Ancaq Vaşinqton ümidli idi ki, Ermənistandakı “məxməri inqilab”dan sonra “Qərbin adamı” Paşinyan ölkəni tədricən Rusiyanın orbitindən uzaqlaşdıracaq. Lakin bu, baş verməyib. Hətta əksi müşahidə edilib: Ermənistan bir az da Rusiyaya yaxınlaşıb. Hərçənd vəziyyətin təzadlı tərəfi odur ki, Moskvada, Putində Paşinyana nəticə etibarilə inam-etibar artmayıb.
Başqa tərəfdən, inqilabdan sonra Ermənistanda anti-Rusiya ovqatı, isterika güclənib. Əminlik var ki, bu prosesi altdan-altdan məhz Paşinyan körükləyir - Moskvaya qarşı əlavə təzyiq rıçaqı əldə eləmək üçün. Onun Putinin dostu, eks-prezident Robert Köçəryanı Kreml başçısının istəyinə rəğmən, həbsdə saxlaması da bu qəbildəndir.
Yeri gəlmişkən, bir neçə gündən sonra - oktyabrın 1-də Rusiya prezidenti Avrasiya İqtisadi Birliyinin sammitində iştirak eləmək üçün İrəvana gələcək. Lakin burada o, cəmi 3-4 saat olacaq. İrəvanda gecələməyəcək. O da bildirilir ki, Putin Nikol Paşinyanla ayrıca görüş təklifini rədd edib. Buna kimi isə Rusiya və erməni mediası yazmışdı ki, Putin İrəvan səfərinədək Köçəryanın həbsdən buraxılmasını və onunla görüşməyi arzu edir.
Göründüyü kimi, İrəvan Kremlin diplomatik kanallarla çatdırılan bu xahişini də yerə salıb. Onun üstündən Putinin İrəvanda Köçəryanla təcridxanada görüşüb-görüşməyəcəyi hələlik məlum deyil. Bəlli olan odur ki, Putinin səfəri ərəfəsi Ermənistanla Rusiya arasında daha bir qalmaqal yaşanıb. Daha doğrusu, Paşinyan Putinə növbəti sürprizini edib.
Söhbət Rusiya Dəmir Yolları Cənub İdarəsinin Ermənistandakı törəmə qurumuna qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən korrupsiya ittihamları irəli sürülməsindən gedir. Bunu ardınca Rusiya ikitərəfli müqaviləni ləğv edəcəyi barədə xəbərdarlıq edib. Belə informasiyalar da yayılır ki, səbri tükənməkdə olan Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldıra bilər - hansı məsələnin müzakirəsi ki, ikinci ildir davam edir. Qarşıdan isə qış gəlir. Yəni Moskvanın “qaza basması” istisna deyil. Təbii qazın bahalaşması isə avtomatik şəkildə zəruri ərzaq məhsullarının da qalxması, eyni zamanda Paşinyanın reytinqinin kəskin enməsi demək olacaq.
*****
Rusiyanın Paşinyana potensial sürprizləri bununla bitmir. Maraqlıdır ki, İrəvana qısamüddətli səfərindən iki gün sonra - oktyabrın 3-də Putin Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Bu barədə artıq Kremldən rəsmən bəyan edilib. Görüş “Valday klubu”nun ənənəvi illik iclası çərçivəsində baş tutacaq. Görüş həm çoxtərəfli, həm də ikitərəfli formatda olacaq.
Bəzi təhlilçilər hesab edir ki, Moskva bununla Soçidə Qarabağa dair “böyük diplomatiya”nın növbəti raunduna start verə bilər. Hərçənd Əliyev-Putin danışıqlarının gündəmi tam açıqlanmır. Böyük ehtimalla, diqqət mərkəzində saxlanacaq mövzulardan biri Qarabağ məsələsi olacaq. Bu ehtimalı gücləndirən amillərdən biri də son vaxtlar İrəvan rəsmilərinin, konkret olaraq Paşinyanın Qarabağla bağlı müharibəni qızışdıran avantürist bəyanatlar verməsidir - hansı müharibə ki, Moskvanın bölgədəki maraqları ilə uzlaşmır Lakin bu, ayrı mövzudur...
*****
“Ermənistanın yeni hökuməti Rusiya prezidenti Vladimir Putinin İrəvana səfərinə iki cür hazırlaşır: həm rəsmi tədbirlər planlaşdırılır, həm də Putinə qarşı etiraz aksiyaları təşkil ediləcək”. Belə bir iddia ilə “Politik.am” saytı çıxış edib (Axar.az). Sayta danışan qaynaq hakimiyyət nümayəndələrinin Putinə qarşı etirazlarda iştirak edəcək gəncləri artıq əlaqələndirdiyini bildirib. Aksiyalara Gürcüstandan da müxtəlif şəxslərin cəlb ediləcəyi vurğulanıb.
Media aktivistlərin Putinə qarşı fəaliyyətini parlamentin “Mənim Addımım” blokundan olan deputat Ovanes Ovannesyanın, Gürcüstandan etirazçıların cəlbini “Mülki Müqavilə” Partiyasının (N.Paşinyanın sədri olduğu partiya) üzvü Arsen Xaratyanın koordinasiya etdiyini yazıb. Aksiyalarda həmçinin keçmiş terroristlərdən ibarət “Sasna Çrer” Partiyasının da nümayəndələrinin iştirak edəcəyi qeyd edilib.
Beləcə, inqilabçı baş nazirin rəhbərlik etdiyi forpost Ermənistan getdikcə Rusiya üçün əməllicə başağrısına, daha dəqiqi, “qulpsuz çamadan”a çevrilib - onu daşımaq çətinləşib, tullamağa isə Moskvanın heyfi gəlir.
Ancaq tullamaq lazım gələcək...
“Yeni Müsavat”